İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında "Moda məkanı" adlı sərginin açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Açılış mərasimində Aleksandr Vasilyev Fondunun prezidenti, kolleksiyaçı, moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev sərginin konsepsiyası haqqında danışıb.
Bu gözəl məkanda - Heydər Əliyev Mərkəzində ikinci sərginin açılış mərasimində bu qədər böyük sayda insanı görməkdən çox şad olduğunu deyən Aleksandr Vasilyev qeyd edib ki, budəfəki sərginin mövzusu Azərbaycana yaxındır. Bu, Azərbaycanın əsrarəngiz təbiəti ilə əlaqədardır. “Sizin ölkəniz dənizin yaxınlığında yerləşir. Burada gözəl dağlar, meşələr var”, - deyən kolleksiyaçı Azərbaycanın zəngin flora və faunaya malik olduğunu vurğulayıb. Dizaynerlərin təbiətə həmişə valeh olduqlarını diqqətə çatdıran Aleksandr Vasilyev təbiətin əsrlər boyu ilham mənbəyi olduğunu bildirib. “Bizim sərgimiz də modanın XVIII-XXI əsrlərdə ətrafımızda olan gözəlliyi necə əks etdirdiyindən söhbət açacaq”, - deyə Aleksandr Vasilyev qeyd edib. Diqqətə çatdırıb ki, çiçəklərin rəngi, çəmənliyin rəng çalarları, dağlarda, savannalarda, cəngəlliklərdə və ya səhralarda yaşayan canlılar, dənizdəki balıqlar, xərçənglər, mirvarilər, mərcanlar, meduzalar, dəniz atları – bütün bunlar rəssamların yaradıcılığında əksini tapır. Eləcə də kəpənəklərin, böcəklərin, çəyirtkələrin özünəməxsus görünüşündəki incəlik istənilən dizaynerin hazırladığı paltardan üstündür.
Aleksandr Vasilyev: Təbiətin ilahi qanunu var
Aleksandr Vasilyev Fondunun prezidenti çıxışında təbiətin ilahi qanunu olduğunu vurğulayıb. Bildirib ki, təbiətdə zövqsüz heç nə yoxdur. İstər bitki, istər heyvanlar aləminin hər bir növü özlüyündə gözəldir. Tanrı onları lazımi cizgilər və atributlarla yaradıb ki, bütün bunlar bugünkü sərgidə öz əksini tapıb. Diqqətə çatdırıb ki, ətraf mühiti qorumaq məqsədilə Fondda olan xəzlər sərgidə bilərəkdən təqdim edilməyib, onların yalnız imitasiyası verilib. “Bu baxımdan mənim zürafə görkəmində olan pencəyimi dizayner, bu sərginin kuratoru Kiril Qasilin hazırlayıb”, - deyə Aleksandr Vasilyev bildirib.
Sərginin yaradılma tarixindən söhbət açan kolleksiyaçı deyib: “Bu sərgi üç il əvvəl yaradılıb. Riqada – Latviya Milli Dekorativ Sənət Muzeyində, sonra Vilnüsdə – Litvanın Milli Dekorativ Sənət Muzeyində nümayiş etdirilib. Lakin Bakı üçün biz yenilik etdik: Qədim paltarlar bərpa edildi”. Bu sərginin Bakıda yaşayan, eləcə də bu şəhərə gələn, modanı sevən qadınlara, kişilərə və uşaqlara əsl hədiyyə olduğunu deyən Aleksandr Vasilyev hər kəsin zövq alacağına əminliyini bildirib.
Sərgi təbiət və dəbin vəhdətinə həsr olunub. Ekspozisiyada XVIII-XXI əsrlərə aid 400-dək eksponat – geyim və aksessuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s. nümayiş olunur.
Təbiət, tarix və modanı bir məkanda birləşdirən sərgi bir neçə bölmədən ibarətdir. Burada cəngəllik və savanna, dəniz və yaşıllıqlar, eləcə də digər təbiət mövzularından ilhamlanaraq yaradılmış dəb nümunələri təqdim edilir.
Sərgi zalının dekorasiyası da mövzuya uyğun olaraq təbiət elementləri ilə zəngindir.
Sərgidə Paco Rabanne, Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy, Thierry Mugler və digər məşhur brendlərin eksponatları yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların şəxsi qarderobundan geyimlər nümayiş olunur.
Sərgi dekabrın 2-dək davam edəcək.
Xatırladaq ki, bu, Aleksandr Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il aprelin 29-dək davam edən "Modernizm və moda" sərgisində 1960-cı illərə aid geyim və aksessuarlar nümayiş olunmuşdu.