Avqustun 17-də saat 18.00-da Fəxri Xiyabanda Azərbaycanın və SSRİ-nin Xalq artisti, böyük müğənni və bəstəkar Müslüm Maqamayevin anım mərasimi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mərasimdə sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ilin avqust ayının 17-də Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.
Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. Müğənni doğma şəhəri Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Nərmin