22 Avqust 2014 11:33
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiminin əlini-qolunu bağlayıblar, kimini lağa qoyublar

Onları efir məkanlarından fərqli proqramların aparıcı kimi tanıyırıq. Aparıcılar apardıqları proqramların biçiminə uyğun, onun tələb etdiyi qaydada tamaşaçı ilə ünsiyyətə girir. Hərəsinin öz tamaşaçı kütləsi var, deyə bilərik. Əcnəbi ölkələrdə aparıcılar zaman-zaman öz müəllif proqramları, özlərinin istədikləri verilişləri hazırlamağa çalışırlar. Onlar əmindirlər tamaşaçılardan və ona etibar edən televiziya kanallarından yaxud da sponsorlardan. Teleqraf.com-un müraciət etdiyi aparıcılar illərdir efirlərdədirlər və seviləndirlər. Onlar bu vaxta qədər ürəkləri istəyən veriliş hazırlayıblarmı, yaxud hazırlayacaqlarmı? Bir aparıcı kimi reytinq qovğası onların kabusuna çevrilirmi?


“Heç kim o pulu mənə verməz”

Vaxtilə “Bu axşam”, “Teletaym”, “Milyonçu” verilişlərinin aparıcısı olmuş hazırda isə “Başla, görək”lə efirlərdə olan Azər Axşam deyir ki, indiyə kimi apardığı heç bir verilişin ideyası özünün olmayıb. Layihə hazır olandan sonra ona müraciət edirlər, o da qərarını verir. Xüsusi komandası isə yoxdur, bunun üçün başqa şərtlərin gərəkdiyi düşüncəsindədir: “Proqramı sıfırdan hazırlayan xüsusi komandan yoxdur. Əgər olsaydı, daha başqa işlərə imza ata bilərdim. Bizdə bu işlər çox çətindir. Kimsə mənə öz layihəmi maliyyələşdirmək üçün maliyyə verməz. Buna əminəm. Realistəm adamam, xəyal qurmuram. Azərbaycanda hər hansı uğurlu verilişi aparmağının nə tamaşaçı, nə də təsiri altında olduğun insanlar üçün fərqi var. Heç kim deməyəcək ki, Azər Axşam “Milyonçu” şousunun aparıcısı olub. Ola bilsin tamaşaçılardan kimsə desin, amma inanmıram onlar bunu sevərək, istəyərək deyirlər. Və təəssüflər olsun ki, tamaşaçı Azər Axşam üçün iş görə bilmir. Ona görə də gözləyirəm ki, məni özləri dəvət etsinlər. Mənim işim mənə tapşırılan işi yüksək səviyyədə həyata keçirməkdir.

“Reytinq xatirinə dəyişmərəm”

Reytinqlərə görə işini qurmadığını deyən aparıcı bunun üçün xüsusi heç nə etmədiyini deyib: “Mən reytinq xatirinə saçımı, geyimimi, danışığımı dəyişmərəm. Deyirlər, tamaşaçının gözü tərəzidir, amma qorxmadan deyəcəm, bizim tamaşaçının gözü tərəzi deyil. Bizim tamaşaçının səviyyəsi çox dəyişib. Əksər tamaşaçılar dedi-qodu, qeybət, qalmaqal, ağlamalı verilişlərə baxır və ona görə o proqramlar ən çox reytinq qazanır. Mən efirdə səhv edəndə həmin dəqiqə redaktorlara o hissəni kəsmələrini tapşırıram. Bilirsiniz, bizim efirlərə ağıllı montajçı və rejissor lazımdır. Bir çox hallarda aparıcıların gözəçarpan səhvləri montajçıların diqqətsizliyindən efirə yansıyır”.


“Xəbər sahəsini tərk etmək istəmirəm”

Öz komandası olmayan aparıcılardan biri də Samirə Mustafayevadır. Xəbər aparıcısı kimi məşhurlaşdı və bəzi televiziya tabuları qırdığına görə tənqidlərə də məruz qaldı. Bir vaxtlar onu efirdə fərqli verilişin aparıcısı kimi gördük:

“Mənə görə, aparıcı hər bir mövzuda danışa bilər və hər bir mövzuda veriliş apara bilər. Aparıcıların telekanallarda konkret bir profillərinin olmasının tərəfdarı deyiləm. Amma bu mərhələli baş verməlidir. Bir dəfə çəkildiyim reklam çarxımdan sonra televiziya rəhbərliyi tərəfindən əyləncəli səhər verilişinə dəvət aldım. Mənə də demişdilər ki, veriliş informasiya tutumlu olacaq. Əgər fikir versəniz, bizim verilişin ilk buraxılışları ATV-nin bu vaxta qədər hazırlanan bütün səhər proqramlarından xeyli dərəcədə fərqlənirdi. Amma sonradan verilişdə müğənnilərin sayı artdı. Mən özümü orda çox narahat hiss etməyə başladım. Aparıcıların sayını artırandan sonra mən səhər efirindən getdim. Hamı bilir ki, xəbər televiziyada ən ali pillə hesab olunur. Sevirəm ki, mən televiziya fəaliyyətimə məhz o ali pillədən başlamışam. Çoxuna elə gəlir ki, aparıcı vərəqdən oxuyur və bu, çox asandır. Amma vərəqdən oxuyan diktordur, aparıcı deyil. Amma xəbər aparıcısı olmaq xəbəri daşımaqdır, xəbərin içində yetişməkdir. Mən xəbərə özəllik gətirmək istədim. Xəbəri ötürürəm deyil, xəbər verilişi yaradıram – bax bu məsuliyyəti hiss etmək istədim. İlk əvvəl çətin oldu, təsəvvür edin ki, az qalırdı əllərini stolun altında bağlasınlar ki, hərəkətli danışmayım. Hərəkətli danışmaq isə mənim içimdədir. Çox emosional insanam, danışanda emosiyamı göstərə bilməsəm narahat olaram. Özümlə bacarmadım və xəbərləri öz tərzimdə də təqdim etdim. Rəhbərlik sağ olsun ki, mənə etibar etdi. Qətiyyən, xəbər sahəsini tərk etmək istəmirəm. Ona görə çox şeyləri qurban verməyə hazıram.


“Bütün yük mənim çiynimdədir”

“Bir mahnının tarixçəsi” adlı verilişlər məşhurlaşan Könül Arifqızı hazırda “Gələrsən, görürsən” verilişinə aparıcılıq edir: ““Yeni gün”, “Qadın dünyası” verilişlərində bir müddət əvəzləyici olmuşam. Amma mən orda özümü rahat hiss etmirdim. Öz komandam yoxdur və inanın, “Bir mahnının tarixçəsi”, “Ötən illərin nəğməsi” verilişlərində bütün yük mənim çiynimdə idi. Müsahibələri özüm götürürdüm, məlumatları özüm araşdırırdım, geyimimi, saçımı özüm həll edirdim”. Onun sözlərinə görə, heç bir verilişinin reytinqlərin necə olması barədə maraqlanmayıb: “Bilirdim ki, “Bir mahnının tarixçəsi”nin reytinqi yüksək deyil. Çünki heç yüksək ola da bilməzdi. O veriliş hazırlıqlı, intellektual tamaşaçı üçün hazırlanmışdı. Böyük kütlənin içərisində intellektual təbəqə necə azdırsa, bu verilişin də reytinqi digərlərinə nisbətdə aşağı idi. Amma bununla belə verilişi bağlamadılar. Yalnız bircə dəfə “Ötən illərin nəğməsi”nin bayram buraxılışının reytinqi ilə maraqlanmışdım. Təxminlərimə görə yüksək reytinq olmalı idi, zənnimdə yanılmamışdım”. Televiziya karyerasına bütünlüklə bağlı olmadığını deyən aparıcı gələcəkdə necə veriliş aparmaq istədiyini deməkdə də çətinlik çəkdi. Bunu da karyerist olmadığı ilə əlaqələndirir.


“Məni lağa qoyurlar”

İlk televiziya təcrübəsini STV-Xəzərdə keçən və daha sonra müxtəlif kanallarda aparıcılıq edən Səxavət Nur öz layihələrini bir müddət rəhbəri olduğu “Araz FM”də gerçəkləşdirib. Heç sevmədiyi verilişi isə “Teletaym” olub: “Heç vaxt düşünməzdim ki, televiziya aparıcısı olacam. Hədəfim radioda işləmək idi. Çox kanallarda və çox fərqli verilişlərdə aparıcılıq etmişəm. İnanın, heç birini əvvəlcədən planlaşdırmamışam. Sadəcə belə alınıb, görünür qismət belə imiş. “Teletaym”da özümü qabımda hiss etmirdim. O verilişdən ayrılandan sonra başa düşdüm ki, mənim də öz tamaşaçı kütləm olub. Bu gün efirlərə baxım, bəzi aparıcıları görüb, aparıcı olduğuma utanıram. Mən də aparıcıyam, amma efirdə az-az görünürəm, çünki boş –boş nələrsə eləmək istəmirəm. Bu gün mənim maşınım daha ucuz maşındır və hətta buna görə bəziləri məni lağa da qoyur. Amma yeni efirə çıxan aparıcı məndən qat-qat bahalı maşın sürür. İşini araşdırıram, gülməyim gəlir. Bir müğənnini çəkir və deyir ki, iki aylıq kreditimi sən ödəyəcəksən. Biz bu gün televiziyanı bazara döndərmişik. Və kanal rəhbərləri bununla mübarizə apara bilmirlər. Bu hərəkətləri özümə indiyə qədər yaraşdırmamışam və bundan sonra da yaraşdırmayacam”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər