“Həyatla oyun” tamaşası Ağsuda nümayiş olunacaq
Bakı Uşaq Teatrı yeni mövsümün ikinci tamaşasını Ağsu rayonunda oynayacaq. Teatrdan Teleqraf.com-a verilən məlumata görə, sentyabr ayının 17-də təqdim olunan “Həyatla oyun” tamaşası maarifləndirmə kampaniyası çərçivəsində hazırlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı əsərdə real həyat hadisələri əsasən bir qrup tələbələr arasında cərəyan edir.
Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur.
Qeyd edək ki, tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.
Nərmin