Noyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib.
Teleqraf.com xəbər verir ki, konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Konsertdən əvvəl çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, belə gözəl gündə bu möhtəşəm mədəniyyət ocağında Yalçın Adıgözəlovun yaradıcılığına nəzər salmaq olduqca xoşdur. O, dirijoru yubileyi münasibətilə təbrik edib və Azərbaycan Prezidenti İlham Əliyevin Yalçın Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyub. Nazir bildirib ki, bu Sərəncam dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən diqqət və qayğının göstəricisidir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Yalçın Adıgözəlova təbrikləri çatdırılıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, mədəniyyət ocağı olan filarmoniya hər zaman azərbaycanlıların qəlbinə doğma olub. Bu səhnədə möcüzələr baş verib, görkəmli sənətkarlar insanların qəlbini fəth edib. Bildirib ki, Yalçın Adıgözəlovdan əvvəl bu səhnədə onun babası Zülfü Adıgözəlov çıxış edib. Qeyd edib ki, Yalçın Adıgözəlovu xalqa yaxın edən onun mükəmməl məktəb keçməsi və ömrünün iyirmi ilini pedaqogikaya həsr edərək öz davamçılarını yetişdirməsidir.
Konsert zamanı Dmitri Şostakoviçin “Bayram uvertürası”, Asəf Zeynallının “Ölkəm”, Vasif Adıgözəlovun “Qərənfil”, Moris Ravelin “Dafnis və Xloya” baletindən 2 nömrəli süita və digər simfonik musiqilər səsləndirilib.
Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.