24 Sentyabr 2014 10:36
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Çingiz Əhmədov bu mövsüm “Bankir adaxlı” tamaşası ilə tamaşaçıların qarşısına çıxacaq. Qeyd edək ki, tamaşa ötən mövsüm təhvil verilmiş və maraqla qarşılanmışdı.

Tamaşanın uğurlu nümayişindən sonra həyəcanının azaldığını Teleqraf.com-a açıqlamasında bildirən Çingiz Əhmədov Hacıbaba Bağırovdan sonra Atakişi rolunu oynamağın məsuliyyətindən danışıb:

“Mən Hacıbaba Bağırova çox şey borcluyam. Məni Musiqili Teatra o qaytardı. İlk dəfə 1983-cü ildə bu teatra işə qəbul olundum. Çox görkəmli sənətkarlarla bərabər çalışırdım. Onların sırasında kimlər yox idi...Əliağa Ağayev həmişə mənə deyirdi ki, sənin böyük gələcəyin var, özünü qoru. İş elə gətirdi ki, 1991-ci ildə teatrda rəhbərlik dəyişdi, Nəsibə xanım Zeynalova, , Cahangir Novruzov, Atabala Səfərov, Ofeliya Aslan, Ofeliya Məmmədzadə və mən teatrdan uzaqlaşdıq. O vaxt Hüseynağa Atakişiyev məni Gənclər Teatrına dəvət etdi. Onun rəhbərliyi altında solo tamaşalarda çıxış etdim. 2003-cü il “Yeriniz məlum” verilişi üçün Hacıbaba Bağırova zəng vurdum, mənimlə şərt kəsdi, dedi, sən teatra qayıt, mən də verilişində iştirak edim. Şərti qəbul etdim və Musiqili Teatra qayıtdım. O vaxtdan da Hacıbaba Bağırov əksər rollarını mənə həvalə etdi. Ona görə bu rolu oynayanda ürəyim rahat idi. Hətta sizə deyim ki, rolu oynamamışdan öncə Hacıbaba Bağırovun həyat yoldaşına zəng vurdum. Ondan xeyir duanı aldım və könül rahatlığı ilə tamaşada oynadım. Bilirsiniz ki, hörmətli Prezidentimizin Sərəncamı ilə teatr təmir olunub, istifadə verilib. Teatr yenə həmin ifada, səhnə isə həmin səhnədir. Sadəcə bir az dəyişiklik olub və bu yeniliklərlə əlaqədardır”.

Seriallara çəkilmədiyini deyən aktyor ona təqdim olunan ssenarilərin keyfiyyətindən narazılıq edib:

“İndi teatrda cılızlaşma gedir. Vaxtilə teatrda çox nəhəng sənətkarlar çalışıb. Amma bu gün belə deyil. Bu tək bizim teatra aid deyil, bütün teatrlarda eyni hal baş verir. Korifeylər dünyasını dəyişir və yerləri boş qalır. Cılızlaşma incəsənətin digər sahələrində də var. Bizdə istər rejissor, istər aktyor, istər də yazarlarımız sarıdan çox cılızlaşma var. O vaxt necə filmlər çəkirdilər, indi o filmlər yoxdur, çünki o ssenariləri yazan insanlar yoxdur”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər