1 Dekabr 2014 14:51
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın Şərqin orta və sonrakı yüzilliklərdəki ictimai-siyasi vəziyyətini öyrənmək baxımından qiymətli mənbələrdir.

Belə qiymətli mənbələrdən biri də görkəmli ədib Nəcəf Bəy Vəzirovun şəxsi fondunda saxlanılan meşə təsərrüfatına dair qiymətli bir vəsait olan “Palıd” elmi əsəridir. Qeyd edək ki, N.B.Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilsə də, ancaq bu əsər haqqında bir-iki məqaləni çıxmaqla, indiyə kimi bütöv şəkildə nəşr edilməyib.

Teleqraf.com-a Əlyazmalar İnstitutundan verilən məlumata görə, Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu əsəri M.Füzuli adına Əlyazmalar İnstitutunun şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyərək nəşrə hazırlayıb.

“Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərli bir vəsaitdir. Bu, çürümüş ağacların böyüməsi, növləri, onlara qulluq, yaşı və xüsusiyyətlərini öyrənmək, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını təyin etmək, kölgəyə davamlı ağacları təsvir etmək və s. kimi mövzuları əhatə edir.

Qeyd edək ki, “Palıd” elmi əsəri meşə təsərrüfatı sahəsində çalışanlar və bu yöndə tədqiqat aparan elmi işçilər üçün əvəzsiz bir vəsaitdir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər