2 Avqust 2022 10:07
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cəmil müəllim, bu gün Milli Kino Günüdür. Kinomuza arzularınızı eşitmək istəyərdik.

- Mən Azərbaycan kinosuna və kinomuzda bu gün çalışan insanlara ilk növbədə yaradıcılıq uğurları arzulayıram. Bol-bol yeni filmlər, layihələr həyata keçirsinlər.

Ən əsası odur ki, biz 124 il ərzində topladığımız təcrübəni, ənənələri itirməyək. Yəni milli-mənəvi dəyərlərimizi, Azərbaycançılığımızı, eyni zamanda Azərbaycan kinosuna xas olan nadir, özünəməxsus xüsusiyyətləri qoruyub saxlayaq və onları daha da zənginləşdirək.

"Azərbaycan kinosunu tanıyırlar"

- Gənc kinematoqrafçılarımızın fəaliyyətini və onlara yaradılan imkanları necə qiymətləndirirsiniz?

- Gənclərimizə arzum budur ki, dayanmadan yeni layihələrə imza atsınlar. Və bu layihələr Azərbaycan kinosunu beynəlxalq miqyasda daha da tanıtsın. Artıq Azərbaycan kinosunu tanıyırlar. Son bir neçə il ərzində yaradılan şərait, eyni zamanda uğurlar çox ümidvericidir. Bu, gənc Azərbaycan kinematoqrafçılarına gələcəkdə öz fəaliyyətlərinin inkişafına təkan yaradır.

Çox gözəldir ki, tez-tez müsabiqələr keçirilir. Ötən gün "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi tədbirdə biz bu müsabiqələrdən birinin şahidi olduq, qaliblər açıqlandı. Bundan öncə də bir neçə müsabiqə həyata keçirilmişdi. Müsabiqələrdə iştirak edənlərin səviyyəsi get-gedə artır, maraqlı işlər ortaya çıxır. Bu, təqdirəlayiqdir.

Ümid edirəm ki, Azərbaycan kinosu öz sözünü geniş miqyasda deyəcək. Gənclərə və Azərbaycan kinosunda çalışan bütün insanlara uğurlar arzulayıram.

- Sizcə, Azərbaycan kinosunda yeni nəfəs varmı?

- Bu gün Azərbaycan kinosunda axtarışlar var. Kino çox mürəkkəb, nadir, sintetik sənətdir, hamı bunu bilir. Eyni zamanda kinonun yaradılması psixoloji bir prosesdir. Bu, insanın daxilindən gələn prosesdir. İnsanın nə qədər güclü intellektual səviyyəsi, nə qədər psixoloji gücü olarsa, o film daha maraqlı olacaq və diqqəti cəlb edəcək. Bu baxımdan fikir verirəm ki, hər bir rejissor öz dəsti-xəttini axtarır və onun üzərində işləyir.

Ümid edirəm ki, kinomuza yeni istiqamət, yeni nəfəs gələcək, yeni dalğa meydana çıxacaq. İnanıram ki, yaxın illərdə bu uğurların bəhrəsini görəcəyik.

"Ssenarilərim məni qane etmədi"

- Film çəkmək istəyinizi içinizdə nə zaman boğdunuz?

- 1987-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başladım. Orada çox maraqlı ab-hava vardı və bizim ətrafımıza gənclər toplandı. Biz işlədik, yaratdıq. Bir göz qırpımında gördüm ki, artıq 10-15 il keçib. O zaman hiss etdim ki, pedaqoji fəaliyyət yaradıcılığımı üstələyib.

Ondan sonra da mən bütün həyatımı arxivə həsr etdim: Dövlət Film Fondunun formalaşmasına, onun inkişafına, şəxsi arxiv fondlarının toplanmasına və ümumiyyətlə, Azərbaycan kino tarixinin qorunmasına, materialların yığılmasına... Təbii ki, film çəkməyi həmişə arzu etmişəm, amma... Həm öz yazdığım ssenarilər, həm özümdə olan ssenarilər nədənsə məni qane etməyib. Ona görə bu işin daha da təkmilləşməsini istəyirəm. Çünki heç vaxt natamam iş ortaya qoymaq istəməmişəm.

- Və beləcə illər keçdi, siz film çəkmədiniz...

- Bəli. Amma vaxtilə çəkdiyim "Cansıxıcı əhvalat" bədii filmi və başqa sənədli filmlərim olub. Bu filmlər sevilib və bu gün də baxılır. Mən həmin o filmləri yada salan, filmlər haqda maraqlı fikirlər söyləyən kinoşünaslara dərin təşıkkürümü bildirirəm.

"Türkdilli ölkələrin kinoforumu keçiriləcək"

- Bu yaxında yaradıcı səfərdən qayıtmısınız. Bir az bu barədə məlumat verməyinizi istəyirəm.

- Bu, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Bursa şəhərinin Osmanqazi Bələdiyyəsi, Beynəlxalq Türksoy Təşkilatının birgə layihəsi idi. Görüşdə türkdilli ölkələrin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın nümayəndələri iştirak edirdi.

Hər il güman ki, may aylarında türkdilli ölkələrin kinoforumu keçiriləcək. 3-4 gün davam edən görüşdə kinoforumun strukturu, konsepsiyası, istiqamətləri müzakirə olundu.

- Kinoforum nə vəd edir?

-Ən əsası odur ki, hər il kinoforum keçiriləcək. Orada bədii, sənədli, cizgi filmləri iştirak edəcək. Müxtəlif panellər üzrə müzakirələr olacaq. Kinoforumun öz mətbuat orqanı fəaliyyət göstərəcək və kinoşünaslar ora öz məqalələrini təqdim edəcəklər.

Eyni zamanda kinoforum türkdilli xalqların tarixinə həsr olunmuş kitabların çapına da maliyyə dəstəyi ayıracaq.

Türkdilli ölkələrin birgə fəaliyyəti üçün çox gərəkli bir iş olacaq.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər