27 Avqust 2022 21:43
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mədəniyyət tariximizdə özünəməxsus yeri olan teatr və kino aktyoru, rejissor, Əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımovun doğum günüdür.

Teleqraf.com xəbər verir ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Məmmədkamal Kazımovun həyat və yaradıcılığına dair material və muzeyin kolleksiyasında yer alan bir neçə fotosunu paylaşıb.

Bir çoxumuz onu rejissor Ramiz Həsənoğlunun “Ac həriflər” tammetrajlı bədii televiziya tamaşasındakı ac və bic kəndli Səlman obrazından tanıyırıq.

Məmmədkamal Allahqulu oğlu Kazımov 1920 – ci ilin avqust ayının 27 – də o vaxtlar Bakının iri kəndlərindən biri olan indiki Maştağa qəsəbəsində doğulub. İbtidai təhsilini buradakı 187 saylı orta məktəbdə alıb. Hələ uşaqlıq illərindən teatra olan həvəsi sayəsində dram dərnəklərində iştirak edən gənc Məmmədkamal 1943 – cü ildə Akademik Milli Dram Teatrının nəzdində açılmış və rejissor Ədil İskəndərovun başçılıq etdiyi aktyorluq studiyasına qəbul olunur. İstedadı, qabiliyyəti, hamıya yardım etmək həvəsi, istiqanlılığı, çalışqanlığı ilə bütün kollektivin məhəbbətini qazanan gənc aktyor bir il sonra teatrın yardım heyətinə götürülür.

Bir müddət repertuarda olan tamaşalarda epizodik rollar oynamaqla bərabər uşaq obrazlarını da məharətlə ifa edir. Aktyorun bacarıq potensialı rejissorların nəzərindən qaçmır və M.Kazımov uzun illər həm də rejissor köməkçisi və rejissor assistenti kimi də fəaliyyət göstərir.

Yaradıcılığı Azərbaycan teatrının qızıl dövrünə təsadüf edən M.Kazımov Akademik Milli Dram Teatrında Ə. İskəndərov, T.Kazımov, Ə.Şərifov, A.Gəraybəyli, İ.Dağıstanlı, M.Əliyev, M.Mərdanov, S.Ruhulla, K. Ziya, F.Qədri, B.Şəkinskaya, M.Məmmədov kimi nəhəng sənətkarlarla çiyin-çiyinə çalışır. O, burada qazandığı zəngin təcrübə ilə yetinməyib, təhsilini artırmaq məqsədilə 1956 – 1960 – cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyoru fakültəsini, 1961 – 1967 – ci illərdə isə Rejissorluq fakültəsini də bitirir. Oxuduğu təhsil ocağında Ə.İskəndərov, M.Məmmədov kimi peşəkar müəllimlərdən dərs alıb teatr sənətinin incəliklərini, səhnə sirlərini dərindən mənimsəyən M.Kazımov C.Cabbarlının “Sevil”, Z.Xəlilin “Qatır Məmməd”, M.S.Ordubadinin “Dumanlı Təbriz”, C. Məmmədquluzadənin “Ölülər”, Ə. Haqverdiyevin “Pəri cadu”, N. Qoqolun “Müfəttiş”, N. Hikmətin “Türkiyədə”, U. Şekspirin “Qış nağılı” kimi tamaşalarda Gündüz, kəndli, çörəksatan, Cəlal, ikinci əcinnə, üçüncü əcinnə, Mişka, cəsus obrazlarını canlandırıb.

Səhnə vurğunu olan M.Kazımov teatrda müxtəlif səpgili obrazlar yaratmaqla yanaşı, həm də rejissor kimi bir sıra yaddaqalan tamaşalar da hazırlayıb. Onun quruluş verdiyi A. Arbuzovun “Tanya”, H. Muxtarovun “Kimdir müqəssir?”, İ. Səfərlinin “Yol ayrıcında”, S.Dağlının “Kölgələr pıçıldaşır”, A.Arkanovun, Q. Qorinin “Görünməmiş toy”, M.F.Axundzadənin “Xırs quldurbasan”, A.Puşkinin “Yatmış gözəl və yeddi qardaş”, A.Şaiqin “Fitnə” və s. tamaşalar yalnız bu Dram Teatrının deyil, ümumilikdə Azərbaycan teatrının tarixində qalıb.

M. Kazımov rejissorluq fəaliyyətini yalnız Milli Dram Teatrı ilə məhdudlaşdırmayıb. O, müxtəlif fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Tənqid-Təbliğ Teatrında, Xətai Mədəniyyət Sarayındakı S.Vurğun adına Xalq Teatrında, Əhli Beyt Teatrında da çalışıb. 1978 – ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülən sənətkar 1983 -87 – ci illərdə Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsinə təyin olunub. O, xalqımızın maariflənməsində böyük rolu olan bu sənət ocağında işlədiyi müddətdə M.Hüseyn və İ.Əfəndiyevin “İntizar”, S.Rüstəmin “Qaçaq Nəbi”, S.Vurğunun “Fərhad və Şirin”, M.Lermontovun “İki qardaş”, Ə.İlhamın “Qızıl əjdaha” və “Nərgiz ana əfsanəsi”, K.Nəzərlinin “Könlüm səni arzular” və s. bu kimi müxtəlif janrlı pyeslərə quruluş verib.

Səhnə fəaliyyətindən əlavə M.Kazımov kino yaradıcılığı ilə də məşğul olaraq “Bir cənub şəhərində” (1969), “Ad günü” (1977), “Yol əhvalatı” (1980), “Qanlı zəmi” (1985), “Qətl günü” (1990), “Şahid qız” (1990), “Ac həriflər” (1993), “Mənim ağ şəhərim” (1993), “Qara Volqa” (1994), “Yuxu” (2001), “Güllələnmə təxirə salınır” (2002) və s. ekran əsərlərində irili-xırdalı rollar yaradıb.

Bütün sadalananlarla yanaşı 1998 – ci ildən Azərbaycan Mədəniyyət Fondunun (indiki Azərbyacan Yaradıcılıq Fondu) üzvü olan sənətkar fondun nəzdindəki “Sönməyən Ulduzlar” adlı teatra rəhbərlik edib. Ətrafına korifey sənətkarları topladığı bu səhnədə öz interpretasiyasında tamaşaya qoyduğu S.Vurğunun «Vaqif», C.Cabbarlının «Solğun çiçəklər» kimi əsərlər M.Kazımovun Azərbaycan mədəniyyətinə verdiyi son töhfələr idi.

Ömrünün sonunadək səhnədən ayrılmayan, milli peşəkar teatrımızın formalaşmasında özünəməxsus xidmətləri olan Məmmədkamal Kazımov 2005-ci il dekabr ayının 13-də 85 yaşında Bakıda vəfat edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər