Bred Pitt Ancelina Coli ilə boşanmasında sənətin ona çox kömək etdiyini deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış aktyor “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Boşandıqdan sonra onun üçün həyatın çətin olduğunu deyən aktyor bu mərhələni heykəltəraş Tomas Hausaqo ilə bərabər keçdiyini etiraf edib.
“Mən həmişə heykəltəraş olmaq, bu sahədə özümü sınamaq istəmişəm. Boşandıqdan sonra çətin idi, amma özümü tapdım", - deyə aktyor bildirib.
Ayrıldıqdan sonra səhvlərini analiz edən aktyor məsuliyyət hissini indi daha yaxşı qavradığını, özünə qarşı dürüst olduğunu vurğulayıb:
“Mən səhvlərimi, uğursuzluqlarımı axtardım. Özümlə həqiqətən dürüst oldum və vəziyyətə nə vaxtsa incitdiyim insanların gözü ilə baxmağı öyrəndim".
Qeyd edək ki, 2006-ci ildən birlikdə olan Pitt və Coli 2014-cü ildə ailə qurublar. İki il sonra isə aktrisa boşanmaq üçün məhkəməyə müraciət edib. Mətbuatda onların ayrılığı barədə müxtəlif fikirlər səslənib. Onlardan biri də ulduz cütlüyün şəxsi təyyarədə mübahisə etməsi və bu zaman aktyorun böyük oğlu Maddoksu vurması olub.