28 Dekabr 2022 16:43
2 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim üzvü olduğum Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) son iclasından xəbərim olmayıb. Kim seçilir-seçilsin. Əgər işləməyəcəksə, seçilməməlidir. İndiyə qədər biz hansısa irəliləyiş görməmişik, deyək ki, nə yaxşı filankəs seçildi”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında ARKİ üzvü, Əməkdar artist Gülşad Baxşıyeva Şəfiqə Məmmədovanın yenidən ARKİ-nin sədri seçilməsi xəbərinə münasibət bildirərkən deyib.

“Mən heç kimə qarşı deyiləm. Sadəcə istəyirəm ki, kimisə seçirlərsə nəsə bir iş görsün. Vəzifəsindən istifadə edib kinematoqçılar, aktyorlar, ümumən də kino üçün iş görsün”, - deyə aktrisa bildirib.

Qeyd edək ki, ötən həftə ARKİ-dən mediaya daxil olan məlumatda bildirilirdi ki, İttifaqın nizamnaməsinə uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib. Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri seçilib, İttifaqın idarə heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra idarə heyəti üzvləri arasından 9 nəfərdən ibarət katiblik seçilib.

Bu həm kino ictimaiyyətinin, həm də ittifaqın üzvləri arasında ciddi narazılığa səbəb olub. Üzvlər seçkini qanunu hesab etmirlər.

İclasda iştirak edən Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Ayaz Salayev saytımıza müsahibəsində ARKİ-nin sədr seçkisinin keçirilmədiyini, həmin görüşün dəstək iclası olduğunu vurğulayıblar.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər