2002-2004-cü illərdə milyonlarla insanı ekrana cəlb edən Ece Uslu və Yavuz Bingölün oynadığı "Zerda" serialına ev sahibliyi edən Hurşit Ağa malikanəsi Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində dağılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç hissədən ibarət olan malikanənin iki hissəsi yerlə bir olub. Digər hissəsində isə ciddi çatlar əmələ gəlib.
Tarixi və bağçası ilə bölgənin əhəmiyyətli turizm mərkəzləri arasında yer alan malikanənin yerində daş yığınlarından ibarət dağıntılar var.
Hurşit Ağanın nəvələrindən olan və malikanənin sahibi Mustafa Kamal Eren "Tarixdə əvvəllər belə bir şey olmayıb" deyərək zəlzələnin şiddətinə diqqət çəkdi.
“Hurşit Ağa malikanəsi bölgənin ən qədim tikililərindən biridir və hazırda qorunan ərazidə yerləşir. Hurşit Ağa ailəsi köçdən sonra ilk dəfə burada məskunlaşıblar və bu malikanəni yaradıblar. Biz də ailənin üzvləriyik, təəssüf ki, bu zəlzələdən sonra bütün dəyərlərimizi itirdik. Hurşit Ağa bizim ulu babamızdır. O Qaziantepin azad edilməsində 250 atlı süvarisi ilə böyük şücaət göstərib".