"Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və qəhrəman" animasiya toplusu tezliklə ölkə kinoteatrlarında yayıma çıxacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyası məlumat yayıb.
Kinostudiyanın təşəbbüsü ilə ekranlara çıxan animasiya toplusu “Cırtdan və sehrli xalat” (2019), “Mənim balaca Şahzadəm” (2019), “Tarix” (2022) və “Baharın oğurlanması” (2023) filmlərindən ibarətdir. Qeyd edək ki, “Baharın oğurlanması” filminə tamaşaçılar ilk dəfə olaraq baxacaq.
Azanfilm studiyası, Salnaməfilm studiyası və OB Filmin istehsalı olan filmlərin rejissorları Aleksandra Şirinova, Rəşad Əfəndiyev, Arif Məhərrəmov və Ceyhun Türksoydur.
Qeyd edək ki, bu milli animasiya filmlərinin yerli kinoteatr şəbəkəsində nümayişinin ilk təşəbbüsüdür.
“Baharın oğurlanması”nda Bahar qız div tərəfindən oğurlanır. Bunu görən Balaca Qəhrəman Baharı xilas etmək istəyir. Balaca Qəhrəmanla Bahar birləşib Divin qəsrindən qaça bilirlər. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir.
“Cırtdan və sehirli xalat”da Şahzadə qız əhalini bədheybət Təpəgözdən xilas etmək üçün Cadu nənədən kömək istəyir. Cadu nənə Sehirli xalatın göstərişilə 21-ci əsrdə yaşayan Cırtdanı köməyə çağırır. Cırtdan keçmişə gedir və Sehirli xalatın köməyilə Təpəgözə qalib gəlir.
“Tarix”də kiçik yaşlı oğlan Qarabağ ərazisindəki rayonların işğal tarixlərini əzbərləməklə bağlı ev tapşırığını yerinə yetirməyə çalışır. Hərbi oyuncaqları ilə oynayaraq yuxuya gedən qəhrəmanın yuxusunda oyuncaqlar hərəkətə gəlir və səmada müxtəlif döyüş tapşırıqlarını yerinə yetirir. Yuxudan oyanan qəhrəman kitabçasındakı işğal tarixlərinin üzərindən xətt çəkildiyini görür.
“Mənim balaca şahzadəm”də pilot səhrada Balaca şahzadə ilə qarşılaşır. Balaca şahzadə pilota yaşadığı yer haqqında danışmağa başlayır. O, tək yaşadığı planetində çox sevdiyi gülə qulluq edir. O, gülünə daha faydalı olmağın yollarını araşdırmaq üçün başqa planetlərə səyahət edir. Bu planetlərdə Balaca şahzadə müxtəlif şəxslərlə qarşılaşır. Onun ziyarət etdiyi son planet Yerdir. Yer planeti digərlərindən fərqlənir.
Animasiya filmləri 23 martdan kinoteatrlarda nümayiş olunacaq.