Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bəstəkar, musiqişünas, Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan ABİ sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə mərhum sənətkarın çoxcəhətli yaradıcılığından danışdı. Qara Qarayevin istəkli tələbələrindən olan Nərgiz xanımın işinə məsuliyyətini, vətəninə, millətinə sevgisini, insani xüsusiyyətlərini ayrıca qeyd etdi.
Anım tədbirinin aparıcısı, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Nərgiz Şəfiyevanın “Qara Qarayev - tələbələrinin xatirəsində” kitabına, çıxışçılar – ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, musiqişünas professor, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə N.Şəfiyevanın yaradıcılığının müxtəlif məqamlarına, şəxsi keyfiyyətlərinə, kökü ilə bağlı olduğu Şuşa, Qarabağ xatirəli söhbətlərinə diqqət çəkdilər.
Nərgiz xanımın ömrünün anlarını əks etdirən slayd-şounun nümayişindən sonra tədbirin musiqili hissəsində Xalq artisti Ülviyyə Hacıbəyova səbəbkarın bəstələdiyi fortepiano üçün “6 Prelüd” silsiləsi, və Qara Qarayevin “Eskiz” əsərini səsləndirdi. Əməkdar artist Anar Şuşalı N. Şəfiyevanın Hafiz Şirazinin “Soruşma” qəzəlinə yazdığı “Hafizi anarkən” romansını konsertmeyster Təranə Məmmədovanın müşayiəti ilə ifa etdi.
Məlumat üçün bildirək ki, 1940-cı il yanvarın 1-də Bakıda dünyaya göz açan N. Şəfiyeva 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbini bitirdikdən sonra elə həmin il konservatoriyanın musiqi nəzəriyyəsi fakültəsinə daxil olub. Bir ildən sonra burada oxumaqla yanaşı, bəstəkarlıq şöbəsinə də qəbul edilib və 1958–1964-cü illərdə dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Eyni vaxtda iki fakültədə oxuyan N. Şəfiyeva musiqişünaslığın, bəstəkarlığın sirlərini dərindən mənimsəyib. Hələ tələbə ikən -1959-cu ildə Azərbaycan bətəkarlarının plenumunun və 1962-ci ildə keçirilən 3-cü qurultayının iştirakçısı olub. Və həmin ildə Moskvada gənc bəstəkarların ümumittifaq müsabiqəsində qalib gələrək birinci dərəcəli diploma layiq görülüb.
Qara Qarayevin sinfini bitirən Nərgiz xanım bəstəkarlıq sahəsində maraqlı əsərlər - fortepiano üçün prelüdlər, silsilə pyeslər, sonatina, sonata, fortepiano üçün “Skertso”, vialino və piano üçün “Poema”, böyük simfonik orkestr üçün “Musiqi”, Nazim Hikmətin “Oystraxa məktubum” şeiri əsasında yazılmış vokal “Dialoq”, gənc ifaçılar üçün “Gün gələr, həftə keçər” silsiləsi (Azərbaycan xalq muğamları əsasında), violençel, fleyta və arfa üçün “Damlalar”, “Pastoral” triosu, “Mahnı dağlarda qaldı” instrumental kompozisiya və s. yaradıb.
Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Nərgiz Şəfiyeva uzun illər pedaqoq kimi çalışıb, Bakıdakı 2 saylı yeddillik uşaq musiqi və Bülbül adına Orta İxtisas Musiqi məktəblərində musiqi nəzəriyyəsi və bəstəkarlıq fənlərindən dərs deyib, mədəniyyət nazirliyinin metodiki kabinetində musiqi nəzəriyyəsi bölməsinin metodisti olub, “Azərbaycan ladları” dərs vəsaitləri və tövsiyələri, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin 70 illiyinə həsr edilmiş kitabçanı (Nigar Cərullaqızı ilə birlikdə) və “Qara Qarayev - tələbələrinin xatirəsində” toplusunu hazırlayıb nəşr etdirib, ABİ-nin fəalliyyətində rolunu əsirgəməyib. O, musiqi sahəsindəki xidmətlərinə görə Azərbaycan və SSRİ Mədəniyyət Nazirliklərinin fəxri fərman, diplom və təşəkkürnamələrini alıb, 30 dekabr 2015-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Bəstəkar 2022-ci il aprel ayının 3-də vəfat edib.