İsrail əsilli amerikalı teatr və kino aktrisası Natali Portman əri, məşhur fransız rəqqasə və xoreoqraf Benjamin Millepiedin xəyanətdə ittiham olunmasından sonra pozitiv qalmağa çalışır.
Teleqraf.com “US Weekly” nəşrinə istinadən xəbər verir.
Nəşrin həmsöhbətinin sözlərinə görə, aktrisa ərinin özündən kiçik qadınla xəyanət etməsi ilə bağlı yayılan xəbərlərə görə özünü alçaldılmış hiss edib. Ancaq Millepiedin iddia edilən xəyanətinə baxmayaraq, Portman onunla münasibətləri kəsmək niyyətində deyil.
“Natali hesab edir ki, Benjaminin bu hərəkəti onun üçün heç bir əhəmiyyət kəsb etməyən qısa və axmaq bir iş idi”, - mənbə əlavə edib.
Eyni zamanda “US Weekly”nin ikinci həmsöhbəti bildirib ki, “Oskar” qalibi qalmaqaldan sonra həyat yoldaşı ilə münasibətlərini bərpa edib-etməyəcəyi məsələsində qərarsızdır. O, xoreoqrafın etdiyi hərəkətdən peşman olduğunu qeyd edərək, “Hazırda onlar uşaqları naminə baş verənləri təmkinlə həll etməyə çalışırlar"- əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl mediada Benjamin Millepiedin həyat yoldaşını 25 yaşlı təbiəti mühafizəçi Kamil Etyenlə aldatması barədə məlumatlar yayılmışdı.
Cütlük 2009-cu ildə Portmanın Oskar qazandığı "Qara qu quşu" filminin çəkiliş meydançasında tanış olub. Millepied filmdə xoreoqraf kimi iştirak edib.
Onlar 2012-ci ilin avqustunda evləniblər. Onların iki övladı var - 11 yaşlı Alef və 6 yaşlı Amaliya.