Bu gün Heydər Əliyev Mərkəzində III “Korkut Ata” Türk Dünyası Film Festivalının rəsmi açılış mərasimi keçirilir.
Teleqraf.com xəbər verir ki, festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşır.
Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.
2021-ci ildən təşkil olunan festivalın ilki Türkiyənin İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib. Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub.
Filmlər oktyabrın 9-dan 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.
Festivala Türk dünyasının tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslər də təşrif buyurub. Ümumilikdə isə kino bayramında türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edir.
Kino şöləninin əsas özəlliklərindən biri də türk dövlətlərindən tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakı şəhərində zirvə toplantısının keçirilməsidir. Festival çərçivəsində oktyabrın 10-da Qırğızıstanın görkəmli teatr və kino aktrisası, SSRİ-nin Xalq artisti Baken Kıdekeyevanın (1923-1993) 100 illiyinə həsr olunan tədbir keçiriləcək. Yubiley tədbiri Qırğızıstan nümayəndə heyəti və TÜRKSOY tərəfindən təşkil olunub.
Xatırladaq ki, “Korkut Ata” III Türk Dünyası Film Festivalının bağlanış mərasimi oktyabrın 11-də olacaq.