Bu gün Nizami Kino Mərkəzində III "Korkut Ata" Türk dünyası Film Festivalı çərçivəsində Elçin Musaoğlunun "Məryəm" filmi nümayiş olunub.
Teleqraf.com xəbər verir ki, bu, filmin Azərbaycanda ilk təqdimatıdır.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu bildirib ki, türk dünyasının yeni obrazları, yeni hadisələri hazırda bütün dünyaya maraqlı olan yeganə mənbədir.
"Çünki artıq bir çox sivilizasiyaların, mədəniyyətlərin hekayələri bitib. Amma türk dünyasının hekayələri, elə götürək 44 günlük Vətən Müharibəsini, şanlı zəfərimizi, bu müddət ərzində üzə çıxan qəhrəmanlıqlar dünya üçün universal hekayələrdir".
Orxan Fikrətoğlu inanır ki, "Məryəm" filmi Azərbaycanın ən sevilən filmlərindən birinə çevriləcək.
"Mən bu filmi ikinci dəfədir ki, təqdim edirəm. İlk dəfə filmi Daşkənd Film Festivalı çərçivəsində göstərdik. Çox uğurlu oldu, maraqla qarşılandı. Özbəkistan Azərbaycan mentallığına yaxın filmlərə oxşamayan "Məryəm" dərin psixoloji qatda çəkilmiş ekran əsəridir. Bu film əslində sevgi tarixçəsidir. Vəfa tarixçəsidir. Təəssüf ki, bu cür mövzular müasir kinematoqrafda demək olar ki, işlənilmir. Elçin Musaoğlunun öz mövzularına sadiq qalmasını çox yüksək qiymətləndirirəm. Bu insan hər filmində özünün gördüyünü, özünün sevdiyini, xüsusilə isə bu filmdə milli folklorumuzdan bizim tanıdığımız rəmzliklərdən ibarət arxitiplər silsiləsini, gözə görünməyən mifik Azərbaycan, türk reallığını sərgiləyir".
Daha sonra film nümayiş olunub.
Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Məryəm" tammetrajlı bədii filmində Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır. Filmdə eyni zamanda Ərtoğrul Kamal, Zaur Şəfiyev, Qəmər Məmmədova, Nürəddin Mehdixanlı oynayır.
Filmin prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssamı isə Zaur Abdullayevdir.
Ekran əsərinin süjet xətti Məryəm adlı qızın uzun illər sonra atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar bölgədə yerləşən psixiatrik xəstəxanada tapan Məryəm yeni reallıqla üz-üzə qalır ki, bu zaman da ortaya "nə etməli?" sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan etməyə başlayır.