Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev il yarımdır ki, vətənə qayıdıb. Bəstəkarın bu qərarı ilə bağlı səbəblər, qayıdışdan sonrakı həyatı və təbii ki, səhhəti bizi zaman-zaman düşündürür.
Bundan başqa, Cavanşir Quliyevin xarici ölkədə çalışdığı illər ərzində öz cavabını gözləyən xeyli suallarımız yığılıb qalıb. Odur ki, mahnılarıyla böyüdüyümüz sevimli bəstəkarla görüşə - müsahibəyə yollandıq.
Ad-soyad: Cavanşir Quliyev
Sənəti: bəstəkar
Təvəllüdü: 22.11.1950
Ən böyük arzusu: ifa edilməmiş əsərlərinin ifa edilməsi
Ən böyük məqsədi: əsərlərini istədiyi keyfiyyətdə yaza bilmək
- Cavanşir müəllim, siz Kiprdə olanda, müsahibələrinizin birində demişdiniz ki, mən Bakıda lazım olduğuma əmin deyiləm. Qayıtdıqdan sonra fikriniz dəyişdimi?
- Mən elə düşünürdüm və elə idi. Sadəcə, mənim bura gəlməyimə insanlar səbəbkar oldu. Mən məzuniyyət vaxtı Bakıda olarkən Diaspor Komitəsinin sədri Fuad Muradov məni dəvət etdi və zarafatla dedi ki, sənin evin-eşiyin yoxdu? Dedim, sizcə, mən burda lazımammı? Dedi, sən hesab edirsən ki, lazım deyilsən? Dedim, mənə elə gəlir.
Dedi, biz səni çox istəyirik, istəyirik gələsən. Elə səmimi danışdı ki, inandım.
- Peşman olmadınız ki?
- Yox. Əslində mən burdan gedəndə bilirdim ki, nə vaxtsa qayıdacağam. Ayaqlarım yeriməsə belə sürünə-sürünə gələcəyəm. Amma bunun nə zaman olacağını bilmirdim.
- "Burda yaşadığım 15 ilin hər saniyəsində Bakıya dönməyə hazır olmuşam..." Bu da musahibələrinizin birindən alıntıdır. Maraqlıdır, hamı xaricə, Avropaya can atır, siz isə əksinə. Bu vətən xiffəti idi?
- Həm xiffətdi, həm də bu mənim peşəmdən qaynaqlanır. Mənim peşəm torpaqla, vətənlə, xalqla, cəmiyyətlə bağlıdır. Mən Azərbaycan bəstəkarıyam. Afrikada yazsam belə Azərbaycanla bağlı olacaq. Yəni, mən bura aidəm.
Məsələn, mühəndis peşəsinin milliliyi olmur. Amma bizim peşənin milliliyi var. O peşənin sahibləri xaricə gedib dönmək istəməyə bilərlər. "Güzəranım yaxşı, həyatım yaxşı, niyə qayıdım?" Amma mənim peşəmdə olan insanlar üçün çətindir.
- Axı bəstəkarlardan da gedib dönməyənlər olub.
- Düzdür, dönməyənlər, hətta orda vəfat edənlər olub. Hər hadisəni ayrı-ayrı araşdırmaq lazımdır. Hamı eyni qayda üzrə getmir. Hərənin öz həyatı, öz taleyi var. Ona görə Fuad Muradova inandım, gəldim, peşman da deyiləm.
Diaspor cəmiyyəti ilə indiyə qədər sıx əlaqələrim var. Müxtəlif tədbirləri olur, məni dəvət edirlər. Böyük məmnuniyyətlə iştirak edirəm. Çünki özüm uzun müddət xaricdə yaşadığıma görə diasporanın müəyyən dərd-sərlərini elə-belə sözdə yox, praktikada görmüşəm.
- Bura aid olsanız da, Kiprdə də yazıb yaradırdınız, elə deyilmi?
- Orda da təbii ki, bəstələyirdim. Amma orda yazdıqlarım da bura aid idi. Əlbəttə, yerli musiqiçilər üçün də əsərlər yazırdım. Klassik musiqi elədir ki, onun da bir növ sərhədləri yoxdur. Klassik musiqiçilərin - simli orkestr, kamera orkestri, xor - bir neçə dəfə ehtiyacı oldu, onlar üçün yazdım. Bunlar böyük əsərlər deyildi.
Bir də ki orda musiqi həyatı bizdəki kimi inkişaf etməyib. Musiqi kollektivlərinin də ustalığı yüksək deyil, mürəkkəb bir əsəri çala bilməzlər. Konsertlər üçün rahat, xəfif musiqilər lazım idi, onu da yazırdım. Ancaq böyük əsərləri mən Azərbaycana ünvanlayaraq bəstələyirdim.
Üç balet yazdım. Üç oratoriya, bir sıra kamera əsərləri yazdım. Hətta orda ola-ola burdakı müğənnilərlə də işləyirdim. Bundan başqa, teatr tamaşalarına musiqi yazırdım, sonra bir serialda da işlədim.
- Dediniz, bizdə olan musiqi gücünü orda görmədiniz. Bəs orda hansı yaxşı cəhətlər var ki, o da bizdə yoxdur?
- Ordakı cəmiyyət çox intizamlıdır. Məsələn, pandemiya zamanı orda da burdakı kimi 67 yaşdan yuxarı olanların evdən çıxmasına yasaq qoyuldu. Hamı ona riayət elədi. Bir də deyim ki, hökuməti bəyənmirlər. Orda hər seçkidə yeni hökumət gəlir.
Mən orda iyirmi ilə yaxın yaşadım, bir dəfə olmadı ki, prezident, ya parlament ikinci dəfə yenidən seçilsin. Buna baxmayaraq, tənqid etdikləri hökumətin qərarına riayət edirlər. Çünki onlarda hökumətin təkliflərini rədd etməmək vərdişi, intizamı var.
Uşaqlıqdan onları öyrədirlər ki, sən hökuməti bəyənməyə bilərsən, amma bunun üçün seçki var. Seçki vaxtı gələr, səs verməzsən. Amma nə qədər ki, bu hökumət hakimiyyətdədir, onların qərarlarını yerinə yetirməlisən. Bu baxımdan ordakı toplumu mən çox bəyəndim.
"Bunu edib özünüzü yormayın"
- Görkəmli bəstəkar Fikrət Əmirovun nə vaxtsa dediyi sözlər sosial şəbəkədə müzakirəyə səbəb oldu: "Məni Azərbaycan tarı bəstəkar etdi".
- O, tarı yox, Azərbaycan musiqisini nəzərdə tutub. Azərbaycan musiqisi genişdir. Sadəcə, tar bizim ən görkəmli, ən böyük musiqi aləti və musiqimizin simvolu olduğundan bu sözü deyib.
Fikrət Əmirov muğamatdan da bəhrələnirdi, aşıq sənətindən də, xalq mahnılarından da. Mən özüm də tarçalan olmuşam. Tək mən deyil, bir çox bəstəkarlar tarzən olublar. Arif Məlikov, Süleyman Ələsgərov, Qənbər Hüseynli, Adil Bəbirov...
- Belə çıxır ki, tarla bəstəkarlıq arasında doğrudan bir əlaqə var?
- Yox, sadəcə tar musiqi alətidir və tar vasitəsilə biz uşaqlıqdan xalq mahnılarını, muğamları, təsnifləri öyrənirik. Tarda ifa edilən musiqi hədər getmir axı. Şüuraltında qalır. Birisi piano çalır, birisi skripka. O alətdə nə çalıbsa, onun beynində yatır. Sonradan bəstəkar olmaq istəyən bir musiqiçi o musiqilərdən bəhrələnərək əsər yazmağa başlayır. Hər bir bəstəkar, içində olan musiqi yığınından öz peşəsində istifadə edir.
- Siz əsərlərinizdə sazdan çox istifadə etmisiz. Bu, saza xüsusi sevgidən irəli gəlib?
- Mən peşəmlə bağlı olaraq Azərbaycan alətlərinin hamısıyla maraqlanıram. Azərbaycanda pis musiqi aləti yoxdur. Milli alətlərimizin hamısı çox gözəldir. Sadəcə bu bir təsadüfdür ki, sazda daha çox əsər yazdım.
Mən eyni dərəcədə balabanı da, tütəyi də, zurnanı da sevirəm; zurnaya əsər də yazmışam. Tarı, kamançanı, bütün alətləri sevirəm. Heç birini də o birindən ayırmıram, çünki bu bizim sərvətimizdir.
- Mübahisələrdən biri də tar və sazla bağlı idi. Bir qisim dedi ki, saza yiyə duran çıxmadı ki, onu tar qədər inkişaf etdirsin, digər qisim etiraz edib "sazın imkanları tarın imkanları qədər geniş deyil" dedi. Bu deyilənlərdə həqiqət payı varmı?
- Mən o insanların hamısına demək istərdim ki, dostlar, sazı da, tarı da dinləyin, amma araşdırmağa girişməyin. Çünki dediklərinizin hamısı gülməlidir. Bu nə deməkdir, tarın imkanları genişdir, sazın imkanları azdır? Bu boyda aşıq sənəti sazın üstündə yaşayır.
Sadəcə, aşıq musiqisi başqa musiqidir. O musiqi üçün yaranıb o alət. Onu tarla müqayisə etmək doğru deyil. Tar tamam başqa musiqinin təmsilçisidir.
Məsələnin digər tərəfinə gəlincə, sazı yüksəltməyə gərək yoxdur ki. Saz özü qaldırır aşıqları. Yəni, yanaşma doğru deyil. Ona görə deyirəm ki, dinləyin, kef alın, amma analiz edib özünüzü yormayın, bunun üçün musiqişünaslar var.
"Onlar özləri məni axtarmır"
- Mahnılarınızın ifaçıları arasında ən çox Akif İslamzadənin ifaları ürəyinizə yatıb. Maraqlıdır, mahnılarınızda digərlərinin görə bilmədiyi nə idi, Akif müəllim onu görə bilmişdi?
- Akif İslamzadənin müğənni olmaqla bərabər vətəndaş olduğunu da hər kəs bilir. Ürəyi, qəlbi cəmiyyətlə, xalqla döyünən adam həm də musiqiçidirsə, bu onun oxumağında üzə çixır; istəsə də, istəməsə də. Akifin oxumağı yalnız oxumaq deyil, Azərbaycanın, cəmiyyətin, insanların taleyi ilə ürəyi çırpınan adamın oxumağıdır. Fərq budur.
- Yalnız Vətənlə bağlı mahnılardan söhbət getmir, eləmi?
- Təbii ki. Sevgi haqqında mahnılar da eləcə. O, sevgi haqqında mahnını bir az ayrı cür oxuyur, belə deyək.
- Onun üçün yazdığınız mahnılardan not üstündə qalan oldumu?
- Yox, səsi tutulana qədər hamısını oxumuşdu. Ondan sonra bir ara cəhd elədim, dedim, Akif, gəl məşq edək, bəlkə səs bir az açıldı. Səsin bir az açılsa, 4-5 not götürə bilsə, mənə bəsdir, mən səni oxudacam. Dedi, yox, olmur.
- Siz köhnə müğənnilərlə işləyirsiz. Məncə, siz bir az mühafizəkarsız və yeni müğənnilərlə işləməyə bir o qədər meyil göstərmirsiz.
- Mən mühafizəkar-filan deyiləm. Bu, yanlış fikirdir. Əksinə, mənə avanqardist deyirlər. Heç kimlə də işləməkdən imtina etməmişəm. Yeni müğənnilərlə işləmək üçün onları tanımaq lazımdır. Mən heç birini tanımıram. Onlar da gəlmir, onlar da axtarmır.
Keçmişdə, üzr istəyirəm ifadəmə görə, müğənnilər mahnı üçün qapımda növbəyə durardılar. İndi axtaran yoxdur. Bəlkə də çoxu bilmir ki, mən burdayam. Cünki illər ərzində mən məzuniyyət vaxtı gəlirdim, gorünürdüm, gedirdim. Bəlkə də elə bilirlər ki, mən yenə məzuniyyətə gəlmişəm və qayıdıb gedəcəyəm.
İl yarımdır burdayam. Bəziləri görəndə təəccüblənir. Bura tamamilə döndüyümü bilməyənlər var.
- Cavanşir müəllim, bəlkə ona görə ki, siz peşəkar mahnı yazırsınız, peşəkar mahnılara isə tələbat çox azdır.
- Tək siz elə düşünmürsüz. Elə düşünənlər az deyil. Amma mən əminəm ki, ciddi, keyfiyyətli musiqi sevənlər keyfiyyətli musiqini axtarırlar. Nə zamansa ciddi ədəbiyyat, ciddi musiqi, ciddi sənət yenidən insanları maraqlandırmağa başlayacaq. Mən buna əminəm. Amma mən o günü görəcəyəm, ya yox, bunu deyə bilmərəm. Bu mütləq olmalıdır.
Əgər ciddi sənət olmasa, insanlar getdikcə vəhşiləşəcək. Baxın, ərəb ölkələrində pul çox, gözəl binalar tikilir, amma orda nə simfonik orkestr var, nə dram teatrı, nə də görkəmli rəqs kollektivləri. Heç nələri yoxdur. Bizdə də elə olma təhlükəsi var. Çünki bizim də neftimiz, qazımız var, sənaye yavaş-yavaş dirçəlir. Müharibə qurtarır, ölkə, toplum toparlanır, inkişafa başlayır. İnkişafa başlayırsa, maddi sərvət gələ bilər, toplum, cəmiyyət varlana bilər. Və Dübaya çevrilə bilər.
Məsələn, mən Ərəb əmirliklərinin, ordakı cəmiyyətin yaşayışını bəyənmirəm. İstəmirəm mənim mənsub olduğum xalq elə yaşasın. Pul-para çox, amma mədəniyyət yox. Şeyxlər bura quşlarla ova gəlirlər. Onların ən yüksək arzuları budur. Demirlər ki, məni teatra, tamaşaya aparın, yaxud filarmoniyada operaya qulaq asaq. Eşidiblər ki, Azərbaycan dağlarında hansısa dovşan var, o dovşanı ovlamağa gəlirlər. Bu da onların səviyyəsi.
Ciddi musiqi, ciddi ədəbiyyat, ciddi bədii sənət mütləq efirlərdə olmalıdır, evlərə gəlməlidir. Telekanal rəhbərlərindən də xahiş edirəm ki, toyxana ideologiyasının arxasınca getməsinlər.
- Mən eşitdim ki, bəstəkarlıq fakültəsinə cəmi bir nəfər ərizə verib. Doğrudanmı, bizim musiqimizin gələcəyi o bir nəfərdən asılı olacaq?
- O bir nəfər də olmayacaq. Əvvəllər Azərbaycan bəstəkarlarının əsərlərinin qonorarını dövlət verirdi. Mədəniyyət Nazirliyində xüsusi komissiyalar vardı. Onun üçün büdcə ayrılırdı.
Azərbaycan bəstəkarlarının, yazıçıların, rəssamların bədii əsərlərinə qonorar verirdilər, kobud da çıxsa, əsərləri alırdılar. Sovet İttifaqını yıxdıq. Təbii ki, yıxmaq istəyənlərdən biri də mən idim və peşman da deyiləm. Amma o quruluşda bəzi faydalı şeylər var idi. Dövlət o vaxt sənətkarlara demişdi ki, biz sizə maddi olaraq baxacağıq. Siz maddi problemi düşünməyin. Siz yaxşı əsərlər yazın və biz dediyimiz mövzulardan kənara çıxmayın.
İdeoloji dövlət olduğu üçün bəzi mövzularda məhdudiyyət vardı. Buna baxmayaraq, gözəl əsərlər yazılırdı. Yaxşı bəstəkarlar, yazıçılar çıxdı ortaya. Nəyə görə? Çünki dövlət bunun maliyyə tərəfini həll edirdi. Bəstəkar rahat idi. Biz o qaydanı sındırdıq burda. O komissiyalar da, büdcə də ləğv olundu.
İndi deyirlər ki, bazar iqtisadiyyatına keçmişik. Əsərlərinizi harda istəyirsiz satın. Mən də zarafatla deyirəm ki, onda mən notlarımı götürüb Təzə bazara gedim və kartof satana deyim ki, bir az o yana dur. Notlarımı düzüb deyim ki, ay simfoniya alan! Ay oratoriya alan! Bazar iqtisadiyyatı bunların düşüncəsində budur. Xeyr, bazar iqtisadiyyatı çox mürəkkəb bir şeydir. Müxtəlif sahələri var, hər ölkədə onun özəllikləri var.
Əlbəttə, əgər bilsəm ki, ölkədə başqa bir özəl şirkət var, prodüserlər var, mən əsərimi yerləşdirərəm. Amma yoxdur. Niyə yoxdur? Mən bu sualın cavabını bilmirəm.
Azərbaycanda elə bir ciddi prodüser şirkəti yoxdur ki, maliyyəsi olsun. Şirkətlər var, amma bir qəpik pulu yoxdur. Deyir, gəl, işbirliyi quraq, konsert təşkil edək, bilet sataq, pul qazanaq, sonra bölək. Bu həvəskar bir şeydir, elə olmur. Şirkətin öz pulu, maliyyəsi olmalıdır. O da yoxdur, dövlət də almır. İndi ona görə də bəstəkarların, yazıçıların əlində külli miqdarda əsərlər var.
Mən burdan belə nəticəyə gəlirəm ki, Azərbaycanda artıq peşəkar sənətkar yoxdur. Rəsmi olaraq yoxdur. Deyə bilərlər ki, niyə yoxdur, konservatoriya var, diplom verir. Amma diplom göstərici deyil. Göstərici odur ki, bu peşəylə bəstəkar özünü dolandıra bilsin.
Hər hansı bir nazirlikdə, idarədə məmur işə gedir, maaş alır. Bəs niyə bəstəkarların işinə maaş verilmir? Deməli, bəstəkarlığı peşə saymırlar, xobbi sayırlar. Bu da bəstəkarlıq peşəsinin məhvinə gətirib çıxarır. Ona görə bəstəkar olmaq istəyən gənclər düşünür ki, mənim nə işim var bu peşədə, bəstəkarlar acından ölür. Ondansa gedim toy çalım. Musiqiçilər üçün ən yaxşı həyat sənayesi toydur. Ona görə həyəcan təbili çalınmalıdır.
- Gənc nəsil orta və yaşlı nəslin bu narahatlığını anlamır və düşünür ki, o dövrün iş sistemində çalışmağa alışmış yaşlı nəslin zamanı keçib.
- Bizdə nəsillər arasında mübadilə çətin keçir. Hətta düşmənçilik edən nəsil də olur. Hər nəslin öz faydası olub, nəsə faydalı işlər görüb. O faydalı işləri öyrənib onların üzərinə yeni işlər qoymaq lazımdır. "Sizin zamanınız keçdi" - mən bu ifadəylə razı deyiləm. Əgər bizim zamanımız keçdisə, o zaman niyə Bethoveni, Baxı dinləyirsiz, onların ki zamanı lap keçdi. Sözünüz hərəkətinizə uyğun gəlmir.
Mənim yadıma gəlir, valideynlərim məni tənqid edirdilər ki, saçları çiyinə qədər uzatmısan, kəs. "Bitlz"dən gələn dəb vardı. İndi yırtıq şalvarlar var, o vaxt biz də belə geyinmişik.
- Təsəvvür etmirəm ki, siz nə zamansa yırtıq şalvar geyinmisiz.
- Şəkillərim də var. İndiki cavanlar elə bilirlər ki, yırtıq şalvarları onlar icad edib. Biz də cavanlıqda geyinmişik, dəb eləydi, sonra dəb dəyişdi. Valideynlər bizi də tənqid edirdilər ki, bu nə görkəmdi? Niyə belə geyinmisən? Biz də onlara deyirdik ki, bu dəbdir, siz anlamırsız, zamanınız keçdi.
Nəsillər arası anlaşılmazlıqlar həmişə olur. Amma bunu ehtiyatla etmək lazımdır. Hər nəslin gördüyü faydalı işləri var, olmaya bilməz.
Bir dəfə maraqlı bir şey oxudum: yaşlı adamla gənc mübahisə edir ki, yaşlı olmaq yaxşıdır, yoxsa gənc olmaq? Gənc çox yuxarıdan aparırdı özünü. Yaşlı adam ona dedi ki, oğlum, bax, sən məndən cavansan, güclüsən. Amma mənim sənin qarşında bir az üstünlüyüm var. Mən gəncliyin nə olduğunu bilirəm, amma sən qocalığın nə olduğunu bilmirsən. Ona görə də mən 2:1 öndəyəm.
- Müasir Azərbaycan mahnılarında hansı özəllikləri görmək istəyərdiniz?
- Mahnılar müasir texnologiya ilə bəzənə bilər, çünki hər şey dəyişir, inkişaf edir. Amma mayası Azərbaycan musiqisi olmalıdır. Çox mahnılar eşidirəm ki, nəinki musiqisi Azərbaycan musiqisi deyil, sözləri də təhrif edir, vurğuları dəyişirlər. Tutaq ki, hansısa ingilis mahnısına bənzədib yazmaq istəyirlər. İngilis dilinin də, rus dilinin də, Azərbaycan dilinin də vurğuları tamamilə başqadır. Onlar isə bunu başa düşmür, elə bil çəkiclə sözləri ora pərçim edirlər. Sözün də vurğuları dəyişir.
Məsələn, məşhur mahnı vardı vaxtilə: "Qayna-ma, oyna-ma..." Niyə belə səslənirdi bu söz? Çünki bəstəkarın ustalığı yox idi ki, "qaynama" sözünü səslərə normal yerləşdirsin. Sözlərin səslərə uyğun gəlməsi üçün bir-iki səsi orda dəyişmək lazım idi. Sözü yox ha, səsi. Ustalıq, peşəkarlıq olmadığı üçün bunu bilmirlər.
Çox adam deyir ki, əşi, mahnı yazmaq üçün təhsil lazım deyil. Bu da nəticəsi. Peşə budur. Sən sözə toxuna bilməzsən, Azərbaycan dilinin vurğularına dəyə bilməzsən. Bu tək sənin dilin deyil, böyük bir xalqın dilidir. Sənin haqqın yoxdur sözün vurğusunu dəyişməyə. Millət sözü necə dilə gətirirsə, mahnıda da elə olmalıdır.
- Cavanşir müəllim, internetdə sizin səs yazılarınıza rast gəldim və xüsusilə bir məqam diqqətimi çəkdi ki, Vətən haqqında mahnıları özünüz oxumusuz.
- Mən mahnılarımın hamısını oxuyuram. Məhəbbət mahnılarını da özüm oxuyuram. Bu texniki məsələdir. Təbii ki, özüm oxumaya bilərəm, müğənnini çağırıb ona saatlarla mahnı öyrədə bilərəm. Amma indi səsyazma ortaya çıxıb. Hətta daha rahat olub, telefonla da səs yazılır.
Vaxt itirməmək üçün mən öncədən oxuyuram. Mügənninin gəlməyinə ehtiyac olmur, telefonla, ya internetlə göndərirəm ona. Dinləyir, öyrənir, gəlir, mahnını yazırıq. Mənim oxuduğum versiya da mənim arxivimdə qalır. Əvvəllər o səs yazılarını üzə çıxarmazdım.
Sonra bir dəfə bir dostum məcbur etdi, konsertdə oxudum, ondan sonra görən- görən deyirdi, əməlli başlı oxuyursan. Bir az qoltuğuma qarpız verdilər. İndi hərdənbir internetdə, sosial şəbəkələrdə yerləşdirirəm. Çünki həm arxiv kimi yaxşıdır, həm də oxumaq istəyən ordan öyrənsin.
Bir gerçəklik var ki, bəstəkarlar öz mahnılarını düzgün oxuyurlar. Yaxşı oxumurlar ha, düzgün oxuyurlar. Müğənni isə yaxşı oxuyur.
- Cavanşir müəllim, elə olubmu ki, uğuruna çox inandığınız əsər gözləntilərinizi doğrultmayıb və ya əksinə, gözləmədiyiniz halda, indiki terminlə desək, hit olub?
- Olub. Hətta əsərlərin adlarını da çəkə bilərəm. Mənim ilk bəstəm "İydələr çiçəklədi" adlı bir mahnı idi. Bir il bu mahnının üzərində işlədim. Hər notuna başımı verərdim. Tutmadı. Radioda səsləndirdilər, indi də qulağıma dəyir, verirlər. Cəmiyyət "almadı" onu. Səbəbini bilmirəm, yalnız mülahizə yürütmək olar.
Cəmiyyət üçün çətin mahnı oldu, çünki nə bilirdimsə, o mahnıda ifadə etmişdim. İnsan anlamadığı şeyə qulaq asmaq istəmir, onu məcbur etmək olmaz.
Əksinə də oldu. Mənim o qədər də dəyər vermədiyim, rejissorun istəyilə tamaşaya yazdığım "Hər şey gözəldir həyatda" mahnısı hitə çevrildi. Mahnı tamaşada o formada səslənmirdi, üç kiçik hissədən ibarət idi. Çunki tamaşanı saxlayıb beş dəqiqə mahnı səsləndirmək olmaz ki.
- Hansı teatrın tamaşasıydı?
- Şəki teatrının. Arif Abdullazadənin "Evlərin axşamları" adlı pyesi vardı. Niyə bu mahnını Akiflə Brilyant duet kimi oxudu? Çünki tamaşada mahnıların biri oğlanın adından oxunurdu, biri qızın adından. Teatrda da tanınmış səsdən istifadə etməməyə çalışırlar, onda tamaşaçı səhnədəki hadisəyə inanmır.
Teatr nədir? Gözəl bir yalan. Tamaşaçı o sehrin təsiri altına düşür. O zaman da yeni səs, tanınmayan səs lazım idi. Brilyantın da səsi o vaxt o qədər tanınmırdı, onu çağırdım, oxudu. Mən də bu mahnıya teatr işi kimi baxırdım. Məsələn, Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış "Fəryad" mahnısı da bu qəbildəndir, Brilyant oxuyub, onu da teatr üçün yazmışdım. Biz ona tətbiqi sənət deyirik.
Birdən-birə "Hər şey gözəldir" mahnısı partladı. Görən görən deyirdi ki, nə gözəl mahnıdır. Əvvəllər elə bilirdim ki, məni ələ salırlar, gözlərinə baxırdım ki, adam zarafat edir, yoxsa yox. Görürdüm ki, yox, ciddi deyir. Deyirdim ki, bir mahnı vardı, mən ona başımı verərdim, o mahnının adını çəkmirsən, amma ayaq üstə yazılan mahnını bəyənirsən? Özüm başlayırdım mahnını tənqid etməyə...
Deyirdim, bu mahnıda nə var ki? Dəcəl meymun, çolaq ayı, çəp keçi. Arxada cəmi üç musiqiçi oturub; biri də mən idim, çünki musiqiçi pulla gəlirdi, o vaxt pulumuz yox idi, ozümüz ifa edirdik.
- Deyəsən, o mahnı Brilyant Dadaşovanın populyarlaşmasında da böyük rol oynadı.
- Bilmirəm, o sualı Brilyanta verin, görün nə deyir sizə.
-Vaxtilə işlədiyiniz musiqiçilərlə münasibətləriniz yaxşıdır?
- Hə, mənim heç kimlə münasibətim pis deyil, nə musiqiçilərlə, nə müğənnilərlə, nə də bəstəkarlarla.
"Mən yaxşı şəkili deyiləm"
- Cavanşir müəllim, sizin danışığınızda bəzən Şəki ləhcəsi duyulur. Özünüz bunu hiss edirsiz?
- Bu elə bir ləhcədir ki, heç vaxt getmir. Mən Şəkidən 17 yaşında çıxmışam. Məktəbi qurtardım və Bakıya oxumağa gəldim. Hələ mən Şəkiyə gedəndə görün orda necə danışıram!
Burda yenə adam çalışır ki, ortaq ləhcədə danışsın. Orda isə hamı o ləhcədə danışır, mən də qoşuluram onlara (gülür). Mənim müəllimim Cövdət Hacıyev Şəkidən 7 yaşında çıxmışdı. Hərdən dərsdə görürdüm ki, özü də bilmədən elə söz dedi ki, elə bilirdim Şəkidəyəm.
Ləhcə nə deməkdir? Sözün vurğuları, intonasiya bir az özəl olur. Hər rayona xas özəl vurğu olur o sözdə. Ondan bilinir ki, bu qarabağlıdır, bu şirvanlıdır, bu şəkilidir.
- Şəkililər daha çox zarafatcıl insanlar kimi tanınır, amma siz çox ciddi xarakterlisiz.
-Mən o mənada yaxşı şəkili deyiləm (gülür). Bizdə camaat elə bilir ki, şəkililər zarafatcıldır deyəndə, bu bütün şəkililərə aid olur, təbii ki, elə deyil.
- Ümumiyyətlə, deyirlər, insanın xarakteri onun taleyidir. Bu fikirlə razısız?
- Mən tərsinə deyərdim. İnsanın taleyi onun xarakteridir. İnsan öz taleyini xarakterinə uyğun qurur.
- Məsələn, doğrucul insanı cəmiyyət qəbul etmək istəmir. Siz də yəqin qarşılaşmısız bununla.
- Cəmiyyət qəbul edir, bəzi idarəçilər qəbul etmir. Çünki doğru deyən insan tənqid eləməlidir. Məsələn, mən metroda, avtobusda gəzməyi sevirəm. Qapıda maşın var, sürmürəm, çünki Bakıda maşın sürmək mümkün deyil.
Metroda, qatarda bir dəfə gördüm ki, orta yaşlı bir adam tum çırtlayıb yerə tüpürür. Camaat da ona tərs-tərs baxır, amma heç kəs heç nə demir. Hamı necə deyərlər, abrına qısılıb.
Mən aldım bu adamın başının üstünü. Dedim, utanmırsan, yekə adamsan, yerə tüpürürsən. O dedi, mən dedim. Mən də elə vəziyyətlərdə əl çəkmirəm. Pələng kimi dişləyirəm, dişlərimi də açmıram (gülür).
- Səhv etmirəmsə, sizin astroloji işarəniz də Pələngdir.
- Hə, Pələng ilindənəm. Xüsusilə haqlıyamsa, heç əl çəkmərəm. Bəziləri deyir ki, dedin, adam anladı da, söhbəti bitir. Amma yox, o adamın boynuna qoymayana qədər əl çəkmərəm.
Nə isə, mən o adamın üstünə gedən kimi hamı başladı məni dəstəkləməyə. Yəni toplum hər şeyi bilir, anlayır. Deyirsiz toplum doğrucul insanları qəbul eləmir. Eləyir, amma çox vaxt susur. Buna "çəkinmək", "qorxmaq", "utanmaq" - nə deyirsizsə, deyin.
"Əminəm ki, mənə qarşı səhlənkarlıq etməzlər"
- Bildiyimiz qədər, qızınız rəssamdır, hazırda harda yaşayır?
- İstanbulda. Baxçaşəhər Universitetində və Bilgi Universitetində müəllimdir. Plastik sənətlər dərsi verir. Müdafiə etdi, sənətşünaslıq doktorudur. Əslində mən çox istəyirdim ki, qızım burda yaşasın. Amma onun gəlməyi bir az çətindir, çünki ailəsi var.
- Nəvəniz varmı?
- Bir nəvəm var. Onu da məktəbdən qoparmaq olmaz. Qalatasaray liseyində oxuyur. Çox məşhur məktəbdir. Çoxları o liseydə oxumağı arzulayır. Birinci sinifə cəmi 50 yer var. Ona görə uşaqları hər il püşk yolu ilə məktəbə götürürlər.
Mənim qızım keçdi o püşkdən. Bu da bir şans işidir. Uşağı indi o məktəbdən çıxarmaq cinayətdir.
- Cavanşir müəllim, bir vətəndaş və bir bəstəkar kimi vətəndə yaşayıb yaratmağı seçmisiz. Bəs səhhətiniz baxımından hansı ölkədə yaşamaq sizə daha uyğundur?
- Artıq xarici ölkələrdə olan bütün tibbi cihazlar bizdə də var. Əvvəl yox idi, ona görə xaricə gedirdik. Yavaş- yavaş personal da düzəlir. Gənclər xaricdə oxuyub gəlirlər və cihazları işlədə bilirlər.
O zaman sual olunur: Niyə xaricə gedirsən? Diaqnozu cihaz qoyursa, orda da cihaz eyni sözü deyəcək. Xəstəliklərdə bilirsiz ki, əsas diaqnozdur. İkincisi də, qeyri təvazökarlıq olsa da, hansı xəstəxanaya gedirəmsə, məni tanıyırlar. Həkimlər əllərindən gələni edir. Bu da artıq uğurun əlli faizidir.
Həkimlərimiz əslində tibbə yaxşı bələddirlər, sadəcə, bəzən tənbəllik, bəzən səhlənkarlıq edirlər, bəzən də unudurlar. Olur elə hallar. Mən əminəm ki, mənə qarşı səhlənkarlıq eləməzlər. Başıma toplaşırlar, mahnılarımla bağlı danışırlar - gözəl hissdir. Ona görə mənim vəziyyətimdə olan adam üçün burda müalicə almaq daha yaxşıdır.
- Bəs hazırda səhhətiniz necədir?
- Bir xəstəliyim var, o da əbədi mənimlədir. Pemfiqus autoimmun xəstəlik deyirlər adına. Bu xəstəlik beş milyonda adamdan birində olur. Deməli, Azərbaycanda olsa, iki nəfərdə olacaq. Yəni statistik məlumatı budur.
Əsas çətinliyi budur ki, az rast gəlindiyinə görə həkimlərin təcrübəsi də az olur. Həkim var ki, ömrü boyu işləyir, qocalır, təqaüdə gedir, amma qarşısına belə xəstə çıxmır. Bu xəstəlik sağalmır, amma yuxulatmaq olur. Tibbdə "remissiya" deyirlər. Harmonal dərmanlarla müalicə edirlər, bu da təhlükəlidir. Başqa yan təsirləri olur.
Xəstəlik qalır bir qıraqda, yan təsirlərin ortaya çıxardığı xəstəliklə mübarizə aparmağa başlayırsan. Həkimlər deyir ki, bunun başqa dərmanı yoxdur.
- Bəs Bakıya qayıtdıqdan sonra özünüzü necə hiss edirsiz?
- Qeyri-müəyyənlik var idi. Daha doğrusu, qeyri-müəyyənlik çox idi, indi bir az azalıb. Mirzə Cəlilin bir hekayəsi var, "Nigarançılıq". Adam bir az nigaran hisslərlə yaşayır, gəzir. Özün-özünə sual verirsən ki, nədən nigaransan ki? Cavab verirsən ki, heç nədən. Hər şey yolundadır. Amma o hiss var.
- Nə ilə bağlıdır?
- Bilmirəm, görünür, adaptasiya məsələsi var. Çünki burda iyirmi ilə yaxın olmadım. Düzdür, vətəndəyəm. Amma bu orqanizmdir, bir yerdən başqa bir yerə apar, ora öyrəşəcək. Sonra qayıdıb gələndə dərhal düzəlmir. Zaman lazımdır...
Foto: Elnur Muxtar