Ülviyyə Könül: “Oyunlarının Azərbaycanda keçirilməsi vacibdir”
Teleqraf.com-un suallarını rejissor Ülviyyə Könül cavablandırıb.
- Ülviyyə xanım, bu yaxınlarda Samira Allahverdiyevanın Avropa Oyunlarına həsr etdiyi “Çağırış” klipi təqdim olundu. Klipin rejissor kürsüsündə siz əyləşmişdiniz. Son vaxtlar sizi niyə nadir hallarda klip təqdimatlarında və o kürsüdə görürük?
- Samira Allahverdiyevanı çox istəyirəm. Belə bir mahnıya klip çəkməyi mənə təklif edəndə tərəddüd etmədim. Çünki Avropa Oyunları Azərbaycanda keçiriləcək çox mühüm bir tədbirdir. Heç şübhə yox ki, bütün dünyanın gözü Azərbaycanda olacaq. Bu kliplə, bu işimlə, düşünürəm ki, mən də Avropa Oyunlarına öz töhfəmi, dəstəyimi vermiş oldum. Arzu edirəm ki, bu oyunlar çox gözəl keçsin və idmançılarımınız səsi yüksəklərdən gəlsin. Çünki bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunu bütün dünya dövlətləri arasında daha da artıracaq. Bura dünyanın bir çox ölkələrindən idmançılar, turistlər, qonaqlar gələcək və burada olan şəraiti, mədəniyyəti, qonaqpərvərliyi, müasirliyi öz gözləri ilə görəcəklər. Bilirsiniz, “Eurovision”dan başqa səviyyədir. Çünki idmana olan maraq “Eurovision” yarışmasına olan maraqdan qat-qat artıqdır. Avropa Oyunları zamanı bura çox tanınmış idmançılar gələcək. Onlar Azərbaycanı daha yaxından tanıyacaqlar. Bəli, bütün bu sadaladığım keyfiyyətlərə görə “Bakı-2015" I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi vacibdir.
O ki qaldı son vaxtlar az klip çəkməyimə... Bunun bir çox səbəbləri var. Klip bazarına gələndə mənim 23 yaşım var idi. O vaxt gənc idim, musiqini sevirdim, klip çəkmək, sevdiyim müğənnilərlə işləmək mənim üçün maraqlı idi. Amma zamanla istəklərim, ambisiyalarım böyüdü.
- Deyəsən, tək sizin deyil, sizin həmkarlarınızın da...
- Elədir. Bəzən elə düşünürlər ki, mənim və həmkarlarımın klip bazarından getməsini gənclərin gəlməsi, onlarla rəqabətdə uduzmağımız, yaxud da qocalmağımızla əlaqədardır. Əslində, bu, belə deyil. Bayaq da dediyim kimi, ambisiyalarım böyüdü, bu işə marağım azaldı. Sanki yaşa dolduqca şou-biznesdən mədəniyyətə, ciddi layihələrə yönəlmək, öz imzamı orada da göstərmək istəyirdim. Bu illər ərzində kommersiya, sosial reklamlar çəkdim. Müxtəlif səpkili tədbirlərin rejissoru kimi çalışdım. Bu, daha çox əcnəbi ölkələrdə keçirilən tədbirlər, konsertlər idi. Ondan başqa bir serial, bir neçə film, eləcə də, verilişlər lentə aldım. Mədəniyyət və Turizm Nazirliyinin turizmin inkişafı ilə bağlı sifariş etdiyi “Gələrsən, görərsən” adlı verilişin rejissoru oldum. Demək olar ki, bütün bölgələrə səfərlər etdik, hər bir bölgənin tanıdılması naminə çoxlu veriliş hazırladıq. Amma bununla yanaşı, sadəcə, şəxsi münasibətlərim olan müğənnilərlə yenə də çalışıram. Necə ki, Samiranın son klipini çəkdim, Tünzalə Ağayeva ilə işbirliyimiz oldu. Bir də, bilirsiniz problem nədədir? Artıq əvvəlki kimi hit olan mahnılar eşidə bilmirəm. Hətta tanınmış estrada müğənnilərinin belə bəyənilən mahnısı olmur.
- Həmkarlarınız demişkən, bu il onların bəziləri özünü kommersiya kinosunda sınadı. Sizin belə bir istəyisiniz varmı?
- Bəli, var. Və çox məmnuniyyətlə də kommersiya filmi çəkərdim. Hətta deyim ki, romantik-komediya janrında maraqlı bir film çəkmək fikrindəyəm.
- Bəs baxdığınız kommersiya filmləri barədə nə deyə bilərsiniz?
- İki filmə baxmışam. Onlardan biri “Yarımdünya”, digəri “Bir milyon manat. Şerlok Holms və Doktor Vatson”dur. İkinci film mənim daimi işlədiyim operator Elmir Süleymanovun rejissor kimi debüt işidir. Onun işinə yaxından bələdəm. Hətta bu film ekranlara çıxmamışdan ona baxıb, iradlarımı da rejissora bildirmişəm. “Yarımdünya”da baş qəhrəmanı oynayan Gülsaranın səsini mən səsləndirmişəm. Bu da Tural Əsədovun dəvətilə gerçəkləşdi. “Yarımdünya” dram, o birisi isə detektiv-komediya filmidir.
- Filmlə bağlı iradlarınız nələr idi?
- Təbii ki, qüsurlar olur, ona görə müəyyən iradlarım vardı. Bilirsiniz, mən sevinirəm ki, bu iş ümumiyyətlə başlayıb. Çünki bu başlayıbsa, deməli, davamı gələcək və inkişaf olacaq. Bu gün film yaxşı olmasa, digəri gəlib onu keçəcək. Film pul gətirməsə repertuardan çıxacaq. Hamı istəyəcək digərini ötsün. Sağlam rəqabət içərisində yaxşı filmlər də çəkiləcək.
- Bəs sizə təklif gəlirmi?
- Hələ ki yox. Amma gözləyirəm və çox istəyirəm.
- Yeri gəlmişkən, rejissoru olduğunuz “Vəkil hanı” kommersiya baxımından uğurlu bir layihə idi...
- Düzdür, uğurlu bir layihə oldu. Amma mən burada şəxsən Mədəniyyət və Turizm Nazirliyindən narazıyam. Ona görə ki, normal qaydada o filmin reklamını aparmadılar. Ona görə də insanların çoxu belə bir filmin olduğundan xəbərsizdir. Bu, mənim filmim deyil. Film Mədəniyyət və Turizm Nazirliyinə aiddir və “Azərbaycanfilm” kinostudiyasının arxivindədir. Məndən olsaydı, o filmin yaxşı reklamı aparılardı.
- Röyanı baş rola çəkdiyiniz “İstanbul tətili” adlı filminiz də var idi...
- O, kommersiya filmi idi. Və o da şəxsi filmim deyildi. O filmi mənə VP prodakşn sifariş etmişdi. Bilirsiniz necədir, maliyyə birbaşa rejissor, prodüserə verilsə, onlar hər bir şeyi özləri həll edərlər. Yəni o pulun bir hissəsini filmin reklamı üçün xərcləyərlər. “İstanbul tətili”ni mənə sifariş edən prodakşnın filmin ortasında pulu qurtardı. Yəni maliyyə bitdi. Biz biabir olmamaq adına güc-bəla ilə o işi sona çatdırdıq. Amma o filmin də promo kampaniyası aparılmadı.
- Tez-tez Amerikaya getməyinizlə bağlı mətbuatda informasiyalar yayılır. Orada məskunlaşmaq fikriniz yoxdur ki?
- Amerikaya tez-tez getməyimin səbəbi qızımın orada təhsil alması, yaşamasıdır. Onun üçün darıxanda, həsrətə dözə bilmirəm və tez yanına gedirəm. Amerika da okeanın o tayındadır, hər dəfə gedib-gəlmək olmur, üstəlik də getdinsə, gərək 1-2 ay qalasan. Bir şey var ki, ora gedəndə bütün sifarişlərimi yığıram və orada oturub işləyirəm. Hətta kastinqləri belə “Skype” vasitəsilə həyata keçirirəm. Çəkiliş və montaj prosesində isə Bakıya gəlirəm.
Nərmin Muradova