25 May 2015 15:36
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağlım kəsəndən özüm üçün yaşamadım”

Teleqraf.com şair Elnaz Eyvazla müsahibəni təqdim edir.

– Elnaz xanım, niyə qadından yaş soruşmazlar?

Mənim üçün maraqlı olanda soruşuram, başqalarını bilmirəm. (gülür)

– Sizdən soruşan olanda necə?

Problem deyil. Hər yaşın öz gözəlliyindən başqa, öz məsuliyyəti var. Burda çəkinəsi, utanası nə var ki?

– Qızınız Yeganənin gözəl səsi var. Allah saxlasın. Baxdıq. Aygün Kazımovanın da çox xoşuna gəldi. Yəqin, çox sevinirsiniz...

Bütün dostlarıma, məni tanıyan hər kəsə təşəkkür edirəm ki, bu sevinci mənimlə bölüşdülər, paylaşdılar. Ana üçün övladının uğuru qürurverici, sevindiricidir, təbii. Bu yarışmada qızımın ifası çox rəğbətlə qarşılandı, münsiflər heyətinin reaksiyası onu daha da ruhlandırdı. Xəbər saytlarının əksəriyyəti bunu paylaşdılar, minnətdaram. Qorxurdum ki, bu uğur Yeganənin özündən razılığına, lovğalığına səbəb olar. Amma elə olmadı, məni daha çox bu şad edir. Daha da məsuliyyətli olub, deyir, bu qədər adam ki məni bəyənir, dəstəkləyir, zəif oxumağa haqqım yoxdur. İstedadı ona mən verməmişəm, ancaq bir ana kimi bu istedadın üzə çıxması üçün nə lazmdırsa, əlimdən gələni, gücüm çatanı edirəm və bu işdə mənə yardım edən, dəstək olan adamlara təşəkkür edirəm. Ömür vəfa etsə, bu işdə hər zaman qızımın yanındayam.

– Şərif Ağayar demişkən, yaradıcılığınızda nə yenilik var? Yoxsa, həvəsdən düşmüsünüz, daha yazmırsınız?

Həvəsdən və ruhdan düşməyə heç bir əsasım yoxdur. Yazmasam, necə olaram?!

– Yazırsınız, amma elə bil nəsə çatmır.

Zatən həmişə nəsə çatmır, hər şey çatsa da, maraqsız olar axı (gülür). Yazıram, sadəcə, xislətimdə harda aş, orda baş olmaq yoxdur. Öz dünyam var, çağıran olanda ordan boylanıb hay veririəm. Hərdən dostların təklifi ilə şeirlərim saytlarda təqdim edilir. Bir il olar ki, publisistik yazılar yazmıram, məktəb bütün enerjimi alır. Yazı həm də enerji məsələsidir, həm əhval-ruhiyyə mənasında, həm də mistik mənada.

– Qadın yazarlarımız nə qədər yazsalar da, məncə, ədədəbiyyatda onların ciddi özünütəsdiq problemi var. Siz necə düşünürsünüz?

Hər kəsin öz fikri var, təbii və hər kəs öz fikrində haqlıdır. Kiməsə "belə düşünmə" demək olmaz. Məsələn, mən düşünürəm ki, özünütəsdiqdə problemi olan yazıçı var, bu - cins kimi qadın da ola bilər, kişi də. Əsas mətndir. Ümumiyyətlə, dünya ədəbiyyatına nəzər saldıqda isə, görürük ki, uğurlu yazarlar siyahısında kişilər üstünlük təşkil edir.

– Dünya ədəbiyyatına nəzər salmışkən, hazırda nə oxuyursunuz?

Bu günlərdə Stiven Kinqin "Yazı sənəti" ni oxudum, hazırda Cek Londona dönmüşəm, onun əsərlərini təkrar oxuyuram. Düzü, deyim ki, ürəyim istədiyi qədər mütaliə edə bilirəm, yalan olar, ancaq hər gün mümkün qədər buna cəhd edirəm. Azərbaycan ədəbiyyatından oxuduqlarımın çoxunu orta məktəb illərində, xarici ədəbiyyatı isə Universitet illərində oxumuşam. Onda həm də buna məcbur idim, oxumalı idim. O vaxtdan illər ötüb, oxuduqlarımı bir də oxumağa ehtiyac duyuram.

– Elə də böyük ideallar uğrunda çalışmırsınız, yəqin, sizin üçün maraqlı da deyil. Doğrudur?

Siz böyük ideallar deyəndə nəyi nəzərdə tutursunuz?

– Heç özüm də bilmirəm. Yeri gəlmişkən, soruşum. Sizin üçün böyük ideallar nədir?

Onda cavabdan öncə bir sual verim: hansı əsasla düşünürsünüz ki, mən böyük ideallar uğrunda çalışmıram və mənim üçün maraqlı deyil?

– Yanıla da bilərəm. Elə ona görə sual verdim ki, doğrudur? Ən yaxşısı, siz bu sualıma cavab versəniz, məsələ aydın olacaq. Sizin üçün böyük ideyalar nədir?

Doğru deyil. Mənim üçün böyük ideal birinci növbədə şəxsiyyət olmaqdır. İnsan nəyin uğrunda yaşadığını, çarpışdığını bilməlidir. Bayaq ürəyində qaldı, niyə soruşmadın bilmirəm? (gülür) 38 yaşım var və ağlım kəsəndən özüm üçün yaşamadım. Əvvəl, doğmalarım, ailəm üçün, onların istəklərinə uyğun yaşadım. Halal xoşları. Təbii ki, həyat təkcə ailəmdən ibarət deyil. Dostlarım var, ətrafım var, sonra şagirdlərim...Və bütün bunlar üçün yaşamağı, Vətənim üçün nəsə etməyə cəhd elədim. Məsələn, ləyaqətli övlad böyütmək, cəmiyyət üçün ən azından ziyanverici olmayan, xalqına, vətəninə - bəşəriyyətə lazımlı, vicdanlı vətəndaşlar yetişdirmək uğrunda sağlamlığını, zamanını, yaradıcılığını qurban vermək... Həmişə hər zaman haqqın, düzün yanında olmaq, aldatmadan yaşamaq... bilirsiniz nə qədər qurbanlar verməli olursan? Məgər bunlara böyük ideal demək olmaz?!

– Bəs ədəbiyyatda iddianız nədir?

Arxı atlanmamış "hop" deməklə aram yoxdur. Hər hansı addımı özümü sübut etmək, kimlərəsə nəyisə isbat etmək üçün atmıram. Ürəyim istəməsə, könlümcə olmasa, öldürəsələr də, o işə əl qoymaram.

– 38 yaşınız var. Arxı nə vaxt atlanmaq istəyirsiniz?

Məhəbbət yaşa baxmır. (gülür)

– Deyirsiniz, mənim üçün böyük ideal birinci növbədə şəxsiyyət olmaqdır. Sizcə, cəmiyyətimizdə qadını şəxsiyyət olmağa qoymayan problemlər nədir?

Qadın, ya kişi fərq etməz - şəxsiyyətin cinsi yoxdur. Şəxsiyyət olmağa mane olan heç nə yoxdur. Heç bir problemlə, müəyyən yasaqlarla qarşılaşmadan, hər şeyin normal və ya əla olduğu bir mühitdə şəxsiyyət üzə çıxmır ki... Proseslər kimin kim olduğunu üzə çıxarır. İnsan düşdüyü situasiyadan asılı olmayaraq, ləyaqətini itirmir, çirkaba bulaşmır, özünü itirmirsə, şəxsiyyətdir.

– Maraqlıdır, cəmiyyətdə əsl şəxsiyyət kimi qəbul etdiyiniz adamlar kimlərdir?

Cəmiyyətdə şəxsiyyət kimi qəbul və hörmət etdiyim, dəyər verdiyim adamlar yaxşı ki, var. Hər kəsin kim olduğu müəyyən prosselərin gedişində məlum olur. Döyüş olmasa, kimin qəhrəman, kimin fərari olduğu məlum olmaz. Ad çəkməyəcəm, sadəcə, onu deyə bilərəm ki, məhz o adamların sayəsində zaman-zaman dərk edirəm ki, boş yerə yaşamırıq, çırpınmağımıza dəyər. Sınmağa bəhanə yoxdur.

– Məsələn, mən o fikirdəyəm ki, Xalq şairi Fikrət Qoca Azərbaycan cəmiyyətində əsl şəxsiyyətdir. Siz mənim fikrimlə razısınız?

Mən siz deyiləm ki, mən Elnaz Eyvazam. Hər kəsin öz həqiqəti var və hər kəsin düşüncəsinə, yanaşmasına hörmət edirəm.

– Fikrət müəllim barədə danışdıq. Demək istəyirəm ki...

Ən yaxşısı şəxsləri yox, hadisələri müzakirə edək.

– Düşündüyünüzü açıq şəkildə deyə bilmirsiniz, amma danışanda iddianız yerə-göyə sığmır. “Ad çəkməyəcəm, kimsə yadımdan çıxa bilər”. Bu kimi ifadələrin zamanı çoxdan keçib. Sizə elə gəlmirmi ki, konkret olmaq lazımdır? Məsələn, Günel Mövlud kimi.

Düşünmədiyimi necə deyə bilərəm? Zatən düşündüyümü deyirəm.

– Axı...

– Kəramət, müsahibədən kənar bir şey soruşum, olarmı?

– Olar.

Söhbətimizi olduğu kimi verəcəksən? Yəni oxuyanda cin təpəmə vurmayacaq? (gülür)

– Əlbəttə, olduğu kimi verəcəm. Narahatsınızsa, son variantı göndərərəm, baxarsınız.

Bax, bu oldu əla. Mütləq amma, yaxşı?

–Tamam.

– Hansı sualda qalmışdıq?

– Düşündüyünüzü açıq şəkildə deyə bilmirsiniz, amma danışanda iddianız yerə-göyə sığmır. “Ad çəkməyəcəm, kimsə yadımdan çıxa bilər”. Bu kimi ifadələrin zamanı çoxdan keçib. Sizə elə gəlmirmi ki, konkret olmaq lazımdır? Məsələn, Günel Mövlud kimi.

– Əvvəla, niyə bu qənaətdəsiniz ki, iddialarım yerə-göyə sığmır? Bu qədər lovğa olduğumu deməyə heç bir əsasınız yoxdur! Çünki lovğalıq və paxıllıq, sözün həqiqi mənasında, mənim üçün mücərrəd anlayışlardır. İkincisi, düşündüyümü açıq deyə bilməməkdə o zaman suçlaya bilərsiniz ki, yazdıqlarımda cəsarətsiz olaram. Qeybət etmək nə vaxtdan cəsarət göstəricisi hesab olunmağa başlayıb? Siz düşünürsünüz ki, Günel Mövludu misal çəkməklə məndən söz qopara, ya da qısqandıra biləcəksiniz?

– Hə, tamamilə doğrudur. Düşünürəm ki, Günel Mövludu misal çəkməklə sizdən söz qopara, ya da qısqandıra biləcəyəm.

– Günel mənim həmkarımdır, bir-birimizə qarşılıqlı hörmətimiz var, qələminə hörmət etdiyim xanımdır, razılaşıb-razılaşmadığım fikirlərin müəllifidir. Bu o demək deyil ki, onu təkrarlamalıyam, yaxud, kim hansı sualı necə cavablandırırsa, elə etməliyəm. Hər kəs özünə cavabdehdir.

– Bir şeiriniz var. Təxminən, səndən ötrü darıxmaq deyil bu, daha üzücü və dəhşətli. Ardı necədir?

Hə, “Kişi etirafı”.

Səndən ötrü darıxmaq deyil bu,

Daha üzücü və dəhşətlidir.

Yuxulu əllərimi balışına

vətən xainini qəbrə tullayan kimi tullayıram.

Səhərəcən buz kimi yataqda

it kimi ulayıram.

Qonşum deyir ki,

Bu gecə bir köpək bizi yatmağa qoymayıb.

Qayıt, məni saçlarınla yuvama zəncirlə.

Həsrətindən köpək olduğumu

biləcəklərindən qorxmuram.

Bu, gec-tez hamıya çatacaq.

Sahibsiz olduğumu bilsələr,

hərə bir daş atacaq.

– Maraqlıdır, bu şeir yaşantıdan doğulub, yoxsa... Xoşuma gəlir.

Bütün mətnlərdə müəllifin yaşantısı var, az və ya çox.

– Sizə çox daş atıblar ki? Axı üzünüzdə daş yeri yoxdur.

Daş mütləq üzümə dəyməli idi? Üzümdə görünmürsə, bu, içimdəki sevgidəndir. Bu boyda ürəyim ola-ola, üzümü qabağa verərəm, sizcə?

– Doğrudan, həsrətdən it kimi ulamaq hissini yaşamısınız? Maraqlıdır.

Mən darıxanda, çırpınanda, haqsızlıq, ədalətsizlik, yalan görəndə - fərq etməz kimə qarşı olur-olsun - hətta qurd kimi ulamaq istəyirəm.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər