11 İyul 2015 10:55
2 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzində Mətbuat və Nəşr məsələləri üzrə müşavir Fərid Hüseyn işdən çıxarılıb. Əldə olunan məlumata görə gənc şairin işdən çıxarılmasına səbəb bir yazısında Xalq yazıçısı Anarı tərifləməsi olub.

Teleqraf.com məsələ ilə bağlı tanınmış şair Yafəs Türksəsin fikirlərini təqdim edir.

“Fərid Hüseynin Xalq yazıçısı Anarı tərifləməsi sistemli, məqsədyönlü xarakter daşıyır. O, bu işlə qurultayqabağı daha qabarıq şəkildə məşğul idi. Anarın atası Rəsul Rzanın, anası Nigar Rəfibəylinin və özünün fikirlərini mətbuatda mütəmadi olaraq paylaşır, yazılarında tez-tez Rzayevlərdən sitatlar gətirirdi. Ədəbi mühiti bu cür zəhərləmək olmaz.

Mən Fəridi Facebookda da izləyirdim. Dostluğumda vardı. Onun Anar haqqında paylaşımları aylarla davam edirdi. Fəridin Anara belə mütəmadi tərifləməsi nəinki, Afaq Məsudu, elə mənim özümü də əsəbiləşdirirdi. Yəqin, başqa dostlara da pis təsir edirdi.

Bu cavan oğlan – Fərid Hüseyn başa düşməlidir ki, bir əldə iki qarpız tutmaq olmaz. Adam birini tərifləyər. Ya Anar, ya da Afaq Məsud. Fərid oyunun qaydasını pozub həm oranın, həm də buranın adamı olmaq istəyib. Düz eləyib işdən çıxarıblar.

Fərid cavan oğlandı, gərək indidən bu cür dolaşıq işlərlə məşğul olmasın. Elə bu cür xarakterinə görə də onu Tərcümə Mərkəzindən uzaqlaşdırdılar.

Başqa bir məsələ də var. Fərid özü qəsdən Anar faktını mətbuata sızdırıb. Nədi-nədi sevimli Xalq yazıçısının xoşuna gəlsin və pis ayaqda yanına çağırıb ona iş versin.

Kişinin oğlu guya ali bir dəyər – söz azadlığı uğrunda işindən olub. Bununla özünü qəhrəman kimi təqdim edir. Bilmirəm, cavan bir uşaq bu qədər hiyləgərlik məktəbini harda keçib. Ona görə də, o, heç vaxt işsiz qalmayacaq. Əminəm ki, Fərid özünə daha yaxşı iş yerləri tapacaq, amma o, bu xarakteri ilə heç vaxt ədəbiyyat adamı ola bilməyəcək".

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər