30 İyul 2015 15:10
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mədəniyyət.az” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnaldan Teleqraf.com-a verilən məlumata görə, dərgiyə bölgələrimizdə də maraq artmaqda, jurnalı oxuyanlarının sayı çoxalmaqdadır. Jurnalın hər sayı yeni tapıntılar, maraqlı məzmun və kreativ dizaynla səciyyələnir.

Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə işıq üzü görən jurnalda ilin mötəbər və nüfuzlu mədəniyyət hadisəsi olan 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu tədbir çərçivəsində baş tutan müxtəlif layihələr öz əksini tapıb. I Avropa Oyunları ərəfəsində keçirilən Forumun təyinatı, gözlənilən mənaya qovuşması və müsbət nəticələri ilə Azərbaycanda keçirilən dünya səviyyəli hadisələr üçün layiqli zəmin yaratması bu materialların əsas məzmununu təşkil edir. Forumun mədəniyyət proqramı çərçivəsində hazırlanan “İşıq qayıdır” adlı möhtəşəm xoreoqrafik tamaşa-layihəsinin təfərrüatları da bu buraxılışımızda yer alıb.

“Əsrin 70 illik gözləntisi” olan 28 may Respublika Günü, ulu öndərin doğum günü və həyat fəlsəfəsini yaşadan və reallaşdıran 11 yaşlı Heydər Fondunun fəaliyyəti haqqında yazılar uzun illərin gerçəkləşən xəyallarının inikası kimi oxunur.

“Mədəni Müxtəliflik Günü”, VIII Beynəlxaq Mstislav Rostropoviç Festivalı, Beşinci “Muğam Müsabiqəsi”nin yekunları,” Muğamat” essesi, 56- cı Venesiya Müasir İncəsənət Biennalisində Azərbaycanın növbəti uğuru, dünya caz ənənlərini yaşadan Beynəlxalq CAZ Günü, 18 May Beynəlxalq Muzeylər Günü və bu çərçivədə nazirliyin keçirdiyi tədbirlər, sənət korifeylərimiz - rəssam Əzim Əzimzadə, əqidə və amalını bizlərə miras qoyub gedən ustad Mirzə Ələkbər Sabir, milli heykəltəraşlığımızın banisi Fuad Əbdürrəhmanov, səhnə rekordlarıyla məşhur Ədil İsgəndərov, tanınmış aktrisa Ətayə Əliyeva, sağ ikən canlı əfsanə misalı Tahir Salahov – bu kimi kulturaloji, humanitar və sənət mövzuları “Mədəniyyət.az” jurnalının diqqət mərkəzində saxladığı ənənəvi məqamlardır.

May sayının kino prioritetləri isə “Hədəf Bakıdır”, “Dərs”, “Qara Bağ”, “İnikas”, “Yarımçıq xatirələr” və “Yüksəliş” kimi qısa və tammetrajlı filmlərdən ibarətdir.

İçimizi hər zaman göynədən, vətən həsrəti yaşadıb Şuşa ağrısı çəkdirən bəhslər, gizli sevdalara işıq tutan xalq şeiriyyəti dərginin daimi tərcihləridir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər