12 Avqust 2015 14:39
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birlik sədri: “Bizdə foto incəsənətin yaradıcı növü kimi qəbul olunmur”

“Bu gün insanlar bir düyməni basmaqla foto çəkir, alır. Bu, insanlara sevinc gətirir, əhval-ruhiyyəsini yüksəldir. İndi hər bir adam foto çəkə bilər, amma fotoqraf ola bilməz”.

Bu sözləri qəzetimizə açıqlamasında Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu deyib. Fotoqrafiya sahəsində baş verənlərdən danışan birlik sədri Azərbaycanda fotoqrafiyanı tədris edən qurumun olmamasında şikayətçidir:

“Bu gün Azərbaycanda fotoqrafiya gənclərin həyatının ifadə vasitəsinə çevrilib. Bu, bəlkə də fotoqrafiya sənətinin insanları birləşdirən, onları dünyaya başqa baxış bucağı ilə baxmağa vadar edən ayrılmaz hissəsidir. Xüsusilə qeyd edim ki, hazırda fotoqrafiyanın inkişafına təkan verən, insanları bu sənətə yönəldən əsas təkanverici qüvvə məhz sosial şəbəkələrdir. Sosial şəbəkələr qorxusuz, qaydasız foto ilə məşğul olan insanlar üçün məkan rolunu oynayır. Buna təkan verən rəqəmsal texnologiyaların fotoqrafiyada sürətlə istifadə olunmasıdır. Bu bolluqda insanlara elə gəlir ki, hər bir adam fotoqraf ola bilər. Bəli, hər bir adam foto çəkə bilər, amma fotoqraf ola bilməz. Fotoqraf olmaq üçün bu dünyaya başqa gözlə baxmaq lazımdır. İndi toy və qlamur fotoqrafiya çox dəbdədir. Çünki yaxşı pul gətirir. İnandırım sizi, bu templə getsək, iki ildən sonra toy foto biznesi öləcək və bu sahədə də böyük pullar qalmayacaq.

Peşəkar fotoqrafiyada isə vəziyyət bir az qəlizdir. Belə ki, müasir dövrdə Azərbaycan fotoqrafiyası haqqında heç bir sənətşünas, tənqidçi foto sənəti barədə nə yazır, nə araşdırma aparır, nə öz fikrini bildirir.

Azərbaycanda fotoqrafiyanı tədris edən heç bir qurum yoxdur. Son dövrlərdə iki nəfər (biri Polşada, o biri Çexoslavakiyada) fotoqrafiya üzrə təhsil alıb. Maraqlısı da odur ki, işə götürərkən heç kim fotoqraflardan sənəd tələb etmir. Çox təəssüf ki, fotojurnalistika hələ də sovetlərin mirasıyla davam edir.

Fotojurnalistin çəkdiyi fotoları redaktə edən fotoredaktorlar olmalıdır. Ən böyük problem isə odur ki, fotoqrafiya Azərbaycanda incəsənətin yaradıcı növü kimi qəbul olunmur. Dünya muzeylərində fotoqrafların işi sənət əsəri kimi alınıb, fondlarda saxlanılırsa, bizim fondlarda saxlanılan fotolar yalnız texniki sənət formasında təzahür edir".

Nərmin


Müəllif:

Oxşar xəbərlər