Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 31 avqust 2015-ci il tarixli müvafiq əmrinə uyğun olaraq, Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, professor Azərpaşa Zəfər oğlu Nemətov Akademik Milli Dram Teatrın yeni təsis olunmuş bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün nazir müavini Ədalət Vəliyev tərəfindən Azərpaşa Nemətov yeni vəzifəyə təyinatı münasibətilə teatrın rəhbərliyinə və bədii şura üzvlərinə təqdim edilib və teatrın yaradıcılıq fəaliyyətinin növbəti mərhələsində uğurlar arzulayıb.
Xatırladaq ki, A.Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində, yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. A.Nemətov 31 saylı orta məktəbdə təhsil alıb, uzun illər Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub və məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləməyə başlayıb. Onun hazırladığı diplom işi "Qardaşım klarnet çalır" (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində nümayiş etdirilib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərən A.Nemətov 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor (1983-1990) vəzifələrində çalışıb.
1990-cı ilin aprel ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru vəzifəsində fəaliyyətə başlayıb. Onun "Ah, Paris, Paris!.." (Elçin), "Mənim sevimli dəlim" (Elçin), "Hamlet" (Uilyam Şekspir), "Boy çiçəyi" (İlyas Əfəndiyev),"Şah Qacar" (Əli Əmirli) tamaşaları teatrsevərlərin böyük rəğbətini qazanıb.
A.Nemətov Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.