11 Sentyabr 2015 17:27
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com aktrisa Xuraman Əlizadə ilə müsahibəsini təqdim edir.

- Siz də “SOY”-un istehsalı “QaynanaMız” serialında çəkilirsiniz və baş rollardan birini canlandırırsınız...
- Bəli, “QaynanaMız” serialında çəkilirəm. Serialda xalq artisti Afaq Bəşirqızı da oynayır. Mən inanıram ki, tamaşaçılar Afaq xanıma görə seriala çox baxacaqlar. Çünki onu son zamanlar filmlərdə görmürlər və ümumiyyətlə, seriallara çəkilməyib. Sevinirəm ki, böyük sənətkarla seriala çəkilirəm və ondan müsbət rəylər eşidirəm. Onun kimi dahi sənətkardan xoş sözlər eşitmək mənim üçün çox önəmlidir. Baxmayaraq ki, bu sənətdə 20 ilə yaxındır ki, fəaliyyət göstərirəm.

Düşünürdüm ki, Afaq xanım yaşına, sənətinə görə başqa cür yanaşar, amma tam əksi ilə rastlaşdım. Bəzi insanlar var ki, “sənətim yüksəkdədir və qarşımdakını əzə bilərəm” deyə düşünür. Amma Afaq xanım insana dəstək olur, istiqamət verir.

Dilarə Əliyeva da serialda iştirak edir və çox sadə insandır. Onunla dəfələrlə tamaşalarda oynamışıq. Müşfiq Şahverdiyevlə isə ilk dəfədir ki, eyni ekran əsərinə çəkilirəm. Obrazıma gəlincə, serialda bakılı bir xanımı canlandırıram. Yeri gəlmişkən, deyim ki, özüm də bakılıyam. Deməzdim ki, obrazım çox həyasız obrazdır. Adətən kök insanlar küskün, həssas olurlar, hər şeyi ürəklərinə salırlar. Tez küsən və tez barışan bir xanımdır. Serialın sonunda nə olacağını bilmirəm. Amma hazırda bir kişinin iki arvadıyıq.

- Obrazınızla xarakteriniz arasında oxşarlıq varmı?
- Obrazımla xarakterim arasında oxşarlıq yoxdur, amma həyatda belə hadisələr az deyil. Öz başıma gəlməyib (gülür). Serialda oynaya-oynaya onların halına yanıram. Həyatdır da, hər şey ola bilər.
Serialımızda güclü aktyor və çəkiliş qrupu var. İnanıram ki, tamaşaçılar tərəfindən sevə-sevə izləniləcək. Mənə etimad göstərdiklərinə görə başda Oqtay Əliyev olmaqla “SOY” prodakşının rəhbərliyinə, eləcə də rejissor Səyavuş Hüseynliyə təşəkkürümü bildirirəm. Çəkiliş heyəti çox gözəldir və ona görə də serialın həftədə iki dəfə deyil, bütün gün çəkilişi olmasını istəyirəm. Özümə və serialımıza uğurlar arzu edirəm.

- Başqa serillardan təklif alsanız, razılıq verərsiniz?
- “SOY” prodakşn icazə verərsə, çəkilərəm, icazə verməzsə, çəkilmərəm. Hələ ki, elə bir təklif yoxdur.

- Bir aktrisa olaraq komediya janrında çəkilən filmləri izləyirsinizmi?
- Son vaxtlar çəkilən kommersiya filmlərinə baxmamışam. Başım toylara, xınayaxdı mərasimlərinə qarışıb. Yanlış nələrsə deməmək üçün münasibət bildirmək istəmirəm. Amma düşünürəm ki, Məhərrəmlik ayında bütün komediya janrında çəkilən filmləri izləyəcəm. Yaxın günlərdə “My name is İntiqam” filminin ikinci hissəsi təqdim ediləcək. Birinci hissəsinə baxmamışam və ikinci hissənin mütləq premyerasında iştirak edəcəm. Əsas odur ki, film çəkməyə can atırlar. İş pis də alınsa, yaxşı da alınsa, can atırlar. Ona görə də gələcəkdə yaxşı filmlər ortalığa çıxacaq. Film çəkən hər kəsə uğurlar arzu edirəm.

- Tamaşaçılar sizi həm də aparıcı kimi tanıyır. Niyə aparıcı kimi fəaliyyətinizi dayandırdınız?
- Adını çəkmək istəmədiyim bir kanal rəhbərliyi ilə ailəvi dost idik. Həmin kanaldan iki-üç verilişə dəvət aldım. Amma sonra kanal rəhbərliyi bildirib ki, o, verilişlərə aparıcı kimi yox, qonaq kimi gələ bilər. Yəni aparıcı kimi “iqnorda”yıq. Bilmirəm səbəbi nədir. Hələ ki, bu məsələnin üstünə düşə bilməmişəm, amma maraqlanacam. Çünki haqsız yerə “iqnor”a düşmək sənətçi üçün mənfi bir haldır. Digər kanallardan aparıcılıqla bağlı təklif gəlsə, dəyərləndirəcəm. Dediyim kimi, kanalların ancaq biri ilə problemim var . O da məndən asılı olmayan səbəblərdən dolayıdır.

- “Lider” kanalını nəzərdə tutursunuz?
- Xeyr, “Lider” kanalının qapıları mənim üçün həmişə açıqdır. Yekəxanalıq çıxmasın, orada dörd il aparıcılıq etmişəm və heç bir problem yaşamamışam. “ATV”, “Xəzər” televiziyasında da işləmişəm. Yeganə bir kanal var ki, “iqnor”dayam.

- O zaman bu “Space” kanalıdır...
- ...(Aktrisa gülərək sualı cavablandırmır.)

- Xuraman xanım, teatrda fəaliyyətinizi dayandırıb, televiziyada aparıcı işlədiniz. Hazırda isə verilişlər aparmırsınız. Bu qərarınıza görə peşman olmamısınız ki?
- Xeyr, peşman deyiləm. Teatrdan çıxmağımın müəyyən səbəbləri var idi. O da məndən asılı deyildi. Müdiriyyət mənə dedi ki, yalnız teatrı seçməlisən, aparıcı kimi fəaliyyət göstərmə və filmlərə çəkilmə. Mənə isə efir daha çox gəlir və populyarlıq gətirir. Ona görə də teatrdan uzaqlaşdım. 10 il bu sənət ocağında işləmişəm və hərdən teatr üçün burnumun ucu göynəyir. Keçənlərdə də Afaq xanım dedi ki, Xuraman mütləq teatra qayıtmalısan.

- Maraqlıdır, teatrda hansı obrazı canlandırmaq istərdiniz?
- Canlandırmaq istədiyim xüsusi bir obraz yoxdur. Ümumiyyətlə isə planla iş görməyi sevmirəm.

- İndi əsas vaxtınızı xınayaxdı mərasimlərinə ayırırsınız?
- Bəli. Çünki hazırda gəlirim xınayaxdı mərasimlərindəndir. Şükür Allaha, ayda 10 kişinin qazancını qazanıram. Ruzini verən Allahdır və tamaşaçılarımızdır. Bizi xalq dolandırır.

- Tanınmış insanlardan bir çoxlarının xınayaxdı mərasimləri var. Aranızda rəqabət varmı?
- Xeyr. Bildiyimə görə Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Nazilə Səfərli və Fatimə Fətəliyeva xınayaxdı mərasimləri təşkil edir. Niyə rəqabət olmalıdır? Əgər yaxşı xınayaxdı mərasimləri təşkil edirsənsə, sənə hər zaman tələbat olacaq. Məndə paxıllıq, rəqabət hissi yoxdur. Şükür Allaha, a heç kimə möhtac deyiləm. Və heç vaxt da rəqabət aparmıram.

- İkinci dəfə ailə qurmağı düşünürsünüzmü?
- Məncə, bu qismətlə bağlıdır. Nə vaxt qismətim çıxar, evlənərəm. Bir dəfə başım çəkib və ikinci dəfə yanmaq istəmirəm. Anam demişkən, kişi kimiyəm və özümü saxlamağı bacarıram.

- Sirr deyilsə, yoldaşınızdan niyə ayrıldınız?
- Xüsusi səbəbi yoxdur. Sadəcə ailələrimiz arasında anlaşılmazlıq oldu. Belə ki, yoldaşımla sivil insanlar kimi ayrıldıq. Arzu edirəm ki, valideynlərimin canı sağ, hər zaman ağlım başımda olsun və heç kimə möhtac olmayım.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər