Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 98 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Rauf Hacıyevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayev, Fərəc Qarayev və Dmitri Şostakoviçin əsərləri səsləndirilib.
Xalq artisti Fərhad Bədəlbəyli Teleqraf.com-a açıqlamasında Qara Qarayevin yaradıcılığı ilə bağlı fikirlərini bildirib: "Heyfsilənirəm ki, dahi bəstəkarın bəzi əsərlərini Azərbaycanda heç kim tanımır. Qara Qarayev çox təvazökar insan olub. Və zamanında əsərlərinin səsləndirilməsini tələb etməyib. Onun baletləri, romansları, simfoniyları və kino üçün yazılan musiqiləri bizim üçün əvəzsizdir. Mən xoşbəxtəm ki, ona həsr edilmiş konsertdə iştirak edirəm".
Əməkdar incəsənət xadimi Firəngiz Əlizadə bəstəkarın yaradıcılığından danışıb: "Qara Qarayevi ənənəvi olaraq Birinci Fəxri Xiyabanda ziyarət etdik, ürək sözlərimizi bildirdik. Burada isə onun əsərlərini dinlədik və bizə çox xoş oldu. Qara Qarayev Dmitri Şostakoviçin və Üzeyir Hacıbəylinin tələbəsi olub. Bu iki üslub Qara Qarayev musiqisini yaratdı və musiqi mədəniyyətimizə əvəzsiz töhfə bəxş etdi".
Gecədə Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev də iştirak edib.
Xatirə gecəsində Q.Qarayevin və Fərəc Qarayevin "Quası Una Fantasia", Qara Qarayevin "2 saylı simfoniya"sı və s. səsləndirilib.
Rəqsanə