Teleqraf.com Vaqif Yusiflinin Könül Həsənqulunun şeirlər kitabı barədə yazdığı yazını təqdim edir:
Könül Həsənqulu Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsini bitirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ali təhsil müəsisəsində müəllim işləyir.
Şeirləri mütəmadi olaraq qəzet və jurnallarda, bədii antologiyalarda müxtəlif dillərdə dərc olunur. Daha öncə "Ulduz" jurnalının "Dərgidə kitab" layihəsində "Sol çiynində qarğa gəzdirən qızcığaz" adlı kitabı çap olunub.
Gənc şairə Könül Həsənqulunun "O zəminin sahili" adlı ilk şeirlər kitabı bu sözlərlə bitir. Doğrusu, böyük həvəslə oxuduğum bu kitabın müəllifinin kimliyi barədə heç fikirləşməmişdim də. Kitabı qapadım, amma oradakı şeirlər, o şeirlərdəki poetik hava hələ də məni tərk etmirdi. Ədəbiyyata istedadlı bir şairin gəlişi və onun gəlişiylə bir orijinal nəfəsin, SƏSin zühur etməsinə sevindim.
Könül Həsənqulu XXI əsrin, bu zamanın şairidir və onun şeirlərindəki ab-hava təzədir. Odur ki, bu şeirlər barədə söz deməyi "qocaman" bir tənqidçi kimi özümə borc bildim. Amma onu da deyim ki, Könülün "O zəminin sahili" kitabından əvvəl "Ulduz" və "Azərbaycan" jurnallarında şeirlərini oxumuşdum.
Zəmi anlayışı bizə çox tanışdır və bu anlayışdan doğan digər mənalar da həmçinin... Sünbül, bərəkət, çörək, təbiətin sığal çəkdiyi bir gözəllik mənzərəsi. Amma Zəmi Könülün "Bir qucaq sünbül" silsiləsində öz adi mənasına sığmır, Zəmi Könülün dünya, insan, təbiət, tale və s. haqda düşüncələrinin bir məkanına çevrilir. Yeri gəlib deyim: Könül Həsənqulu duyduqlarını poetik düşüncə axarına yönəldən şairdir.
Bu gün cavan şairlərin bir qismi məhz məlum obrazlara müraciət edir, bu obrazların "yeni variantını" təqdim etməyə çalışırlar. Əslində, OBRAZ şairin poetik düşüncələri üçün bir vasitədir, şair bu obraz vasitəsilə dünya, həyat, təbiət və insan haqqında söz deyir. Gənc şair Könül Həsənqulunun "Zəmi nəğmələri" bizə məhz belə təsir bağışladı. Bu silsiləyə Könül sırf peyzaj təəssüratları ilə başlayır. "Sıx zəmi-sünbüllərin bağrın yaran Arpalar... Bir azca mən, bir azca sən... Bir ovuc göy, bir ovuc yer... Və zəmi dolu buğdalar..." Sonra sünbüllərin pıçıltısını eşidirik. Sonra "Biçinçi nəğməsi" gəlir.
Əlimdə bir ovuc buğda...
Və alıb
Baxışını da ovcuna
Əlim uçur havada.
Günəşsə zəmini qucaqlayır.
Günəş
Şüalarına qarışıb
Zolaq-zolaq zəmiyə axır...
Hörüklü saçlarını-
Sünbülləri sığallayır.
Biçinçilər oxuyurlar orda,
Biçinçilər...
Küləklərə
Buğda-arpa sevdasını üfürürlər.
Silsilənin sonrakı şeirlərində isə Zəmi konkret peyzaj funksiyasını itirir. Zəmi haqqında romantik təəssüratı müxtəlif düşüncələr əvəz edir. Zəmidən dünyaya, sünbüllərdən silahlara, inqilablara, üsyanlara, qəhrəmanlara "yürüş" başlanır. "Ağır silahlar girir hər gecə yuxuma, Yad dildə danışan əsgərlər Atəş açırlar çarpayıma. Üstümdən qırıcı təyyarələr uçun tavanda, Hardansa üst mərtəbədən Cəsədimə dərman səpir helikopterlər". Zəmi artıq məğlub olmuş döyüş meydanını xatırladır. Ancaq bu məğlubiyyət həm də qələbədir: "Uzaqdan burnuma çörək ətri gəlir". Başa düşürük, Könül Həsənqulu sürrealist bir tablo yaratmağa cəhd edib, silsilədə bir-birindən tamam fərqli məfhumları Zəmi obrazına "yükləyib" və bu obraz vasitəsilə iç dünyasında onu təlatümə gətirən duyğu və düşüncələri paylaşdırır.
Könül xanımın "İnqilabdan əvvəl-Moskva" silsiləsi də duyğu və düşüncələrin mütəhərrikliyi ilə diqqəti cəlb edir. Könül xanım istəyir ki, xatirələr dünyasındakı yaşantıların təsvirini versin, amma bu təsvirdə bizi maraqlandıran o yaşantıların necə, hansı poetik naxışlarla təqdim olunmasıdır. "Qızdırma güllə yarası kimi Yıxıb məni bu dəmir çarpayıya, Üstəlik tavandan baxan 120 voltluq elektrik lampa" - bu misralarda təşbih və metafora "diridir". Könülün digər şeirlərində də onun dilin poetik imkanlarına bələd olduğu aydın görünür. Misalların sayını artıra da bilərik. Amma şeirin oxucuya estetik təsirini təkcə bu dairə ilə məhdudlaşdırmaq olmaz. Könülün Moskva xatirələrində təəssürat zənginliyi var, bu təəssüratlar bir ömrün unudulmayan anlarının mənzərəsidir. Uşaqlığın dəmir çarpayıda - qızdırma içində keçən günləri təbii ki, ağrılar - qəm, qüssə doğurur, amma bu uşaq qəmin içindən boylanıb "tavandan özünü asan sapsarı lampa"nı görür, o "sapsarı lampa"nın açıqca gözlərinin içinə dolduğunu hiss edir.
Qovaqlardan
Küknarlardan
Sırğa kimi sallanan sırsıraların da
yadımdadı...
Sevimli çantasını bir andaca
yerə atıb,
Şaxta vurmuş sərçəni əlcəyinin
içinə salan,
Onu ağ əllərinin arasında
tumarlayan qızcığazın da
yadımdadı...
Bunları Qafqazda unutmaq
çətindir, Moskva!..
Mən o qırmızı çantamı
Və toxunma əlcəklərimi
Yalnız o kiçik sərçəyə görə
sevərək xatırlayıram...
"Şaxta vurmuş sərçəni əlcəyinin içinə salan o qızcığaz" - şeirdə ən çox yaddaqalan bu obrazdır.
Könül Həsənqulunun təəssürat aləmində Lorkalı İspaniya da canlanır. Lorka şeirlərinin təsiri - bu şeirlərdən alınan təəssürat Könül xanımın təxəyyülündə Əndəlis çöllüyünə, tünd qoxulu limonluqlara, qaraçılar aləminə gedib çıxan İspaniya mənzərəsi yaradır. Bu, onun təxəyyülündən doğan İspaniyadır.
"Hərb və sülh" silsiləsində mənzərə dəyişir: misraların içindən güllə səsləri gəlir, ölümün nəfəsi hiss edilir. "Ölüm qapıları taybatay açır, içəri girib əylənir, Ucadan qəhqəhə çəkib çıxır. Ölüm küçədə Qoca poçtalyonu kürəyindən vurub yıxır. Bağrına sıxdığı məktublar qana boyanır".
Könülün bu il "Azərbaycan" jurnalında çap olunan şeirlərini də oxuyandan sonra məndə belə bir qənaət hasil oldu ki, ədəbiyyata istedadlı bir cavan gəlir və bu cavanın müasir şeir mədəniyyətinə belə tez yiyələnməsi bir oxucu kimi məni çox sevindirir. Onun üçün adi bir predmet, səs, işıq, qlobusun fırlanması, Günəşin doğması, sübh mənzərəsi, ana südü, ata əlləri şeir mövzusuna çevrilir. Əslində, mövzu zahiri səciyyə daşıyır, əsas odur ki, adi görüntülərin içindəki qeyri-adilikləri görə biləsən: "Küçədə əl izləri", "damlarda göz yaşları" - bir yay günü. Bu görüntü hələ heç nə demir, amma sonra:
Ovcunda tutub bir kişi üst-üstə iki çörək
Sol qolunda saatı
Əlində qara eynək
Çörəyin üstündəsə
Qat-qat öpüş izləri-anamın dodaqları
Bu-
Sənin fotoşəklindir
Ata!
Bəlkə bu şeir kiməsə mücərrəd bir fotonu xatırlatsın, amma mən burda bədii təxəyyülün axtarış şövqünü duyuram. Kimsə deyə bilər ki, Könülün şeirlərində "avropalaşmış" ünsürlər, müxtəlif "izm"lərin qatqarışığı hiss olunmurmu? Cavabında deyərəm ki, müasir şeir millilikdən, Şərq düşüncə tərzindən uzaqlaşmamaq şərtilə özündə dünya şeir mədəniyyətinin müxtəlif çeşidlərinin təsirini də əks etdirirsə, bundan qorxmağa dəyməz... Lap görmədiyin İspaniyadan da, Sezar Valvexoyadan, Əndəlis çöllüyündən də yaza bilərsən, amma o şeirdə sən Şərq bədii təfəkkürünün daşıyıcısı kimi görünürsən - Könül Həsənqulunun şeirlərini oxuyub bunu duyacaqsan. "And olsun axşam çağına- İkindi vaxtına, əsr namazına, zamanına və ya Peyğəmbərin əsrinə ki Gözlərimin yaşıyrla yudum Qədr gecəsini". Bu, bir Şərq şairinin düşüncəsi. Amma Lorkanın güllələndiyi yerlə Əliağa Vahidin dodağındakı qan arasında bir assosiasiya yaratmağa nə deyirsən? Məgər dünyadakı bütün nəsnələr, predmetlər, talelər, görünüşlər arasında belə paralellər tapmaq yasaqdımı? Amma vaxtilə yasaq idi. Ustad tənqidçi-filosof Asif Əfəndiyev Vaqif Səmədoğlunun "teleqraf üslubu" nəzəriyyəsinin əməli ifadəsi olan" şeirlərinə irad tutmuşdu. "O vaxt nə Koroğlu vardı, nə Meri Pikford, nə Ləmbəranski, nə Henrix Ford" misralarına istehza edib yazmışdı ki: "Əgər şeirimizin xidməti Koroğlu ilə aktrisa Meri Pikford, Ləmbəranski ilə H.Ford arasında əlaqə yaratmaqdan ibarətdirsə, bizi gözəl günlər gözləyir Bir də gördük A.Matrosov Bismarkla, Həcər xanım madam Kennedi ilə eyniləşdirildi". O zamankı tənqidçi-filosof təfəkkürü bu paralelləri rədd və inkar edirdi, amma indi bu tipli paralellər heç bir etiraz doğurmur. Təbii ki, bu, "eyniləşdirmə" deyil, necə deyərlər, "müxtəlifliyin birliyidir".
Könülün assosiativ şeirə meyl etdiyi onun əksər yazılarında nəzərə çarpır. O, bir-birilə əlaqəsi olmayan, hətta bu əlaqələrin təsəvvürə gətirilməsi mümkün görünməyən nəsnələri, predmetləri bir araya gətirir. Bu üsul şeirimizdə ilk təşəbbüs deyil, amma hər şair yeni bir assosiasiya ilə bizi təəccübləndirə bilər. Könülün şeirlərində sözlərin müxtəlif variasiyaları, "rəngləri", çalarları xüsusilə diqqəti cəlb edir. Amma sözlərin sıralanaraq məna kəsb etməsi əsasdır və necə deyərlər, "hər bir əşya qarşımda diz çöküb mənə yalvarır ki, məna yoğur məndən"... onun şeirlərində bu fikrin poetik təzahürləri ilə qarşılaşırıq.
Şəhərin qaynar küçəsində
maşın yolunu keçən
Azmış ev pişiyinin azadlığı kimidir
Mənim azadlıq sevincim.
Bütün sürətli maşınlar
mənim üstümdən adlar,
Səkidə mənim ayaqlarımı tapdalayar
Tələsən insanlar.
İnsan ayaqlarının axınından
gözlərim böyüyər,
Çağırmaz məni zərif səslər.
Səslər qovar, itələyər.
Pişik kədəridir duyduğum indi,
Pişik kədəri!
"Güllü bağ" silsiləsindən olan şeirlərdə kədərin obrazı zərif nuanslarla təqdim edilir. Ata ölümündən doğan kədəri Könül özünəməxsus "rəsm" edir, bu kədərin assosiativ yönümünü bizə təqdim edir.
Atam öləndə
Səpələyib
Dağıtdılar onu evimizə;
Divar-divar
Əlbəəl gəzdi atam
Şəkillərdə.
Könül Həsənqulunun kamil bir şair olacağına inanıram. Və inandığım üçün də onun şeirlərindəki bəzi qüsurlardan yan keçməyəcəyəm. Səhv etmirəmsə, o dilçidir, həm də tərcümə ilə məşğul olur. Şeirlərindəki dilin səlisliyini nəzərə çarpdırdıq, amma bu "səlis ərazidə" "müqəvvasız otluqlar", "külək saçlarımı qaldırıb havaya, oynadır əhvalıyla", "biçinçilər... folk nəğmələr oxuyurlar", "bütövlükdə özümdəyəm", "əllərim mühasirələnib nəzəriyyələrinizin qalaq-qalaq kağızlarıyla", "nəzəriyyələrinizin üstündəcə halqalanıb fincanımın Alt nahiyəsinin sarımtıl izi" kimi qeyri-səlis, şeirə yaraşmayan, onun bədii effektini aşağılayan sözlərə, ifadələrə də rast gəlirik. Şeirdə sözləri hərflərə və hecalara bölüb misra-misra alt-alta düzmək də indi yaman dəb düşüb və Könül xanım də "YHQ-Yazı hərəkət qaydaları" şeirində bu "əməliyyatdan" vaz keçməyib. Bəzən söz oyunbazlığını nümayiş etdirən şeirlər də diqqətdən yayınmır. "Felin icrası" şeirində bunu gördük ki, müəllif sözləri fırladır, oynadır, məna - fikir o fırfırada yox olur.
Könül Həsənqulunun şeirləri barədə bu qeydlərimi burada bitirirəm. Bir istedadlı şairədən, poeziyamıza yeni ab-hava gətirən belə cavan müəlliflərdən biri kimi Könülə uğurlar arzulayıram!