26 Fevral 2016 17:06
9 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ədəbiyyat adamları arasında sorğu keçirib: “Son illərdə Qarabağ mövzusunda yazılmış ən yaxşı əsər hansıdır?”

Səslənən fikirləri təqdim edirik:

Vaqif Yusifli: “Mən bu mövzuda yazılan çoxlu əsər oxumuşam. Son illərdə sözü bir qədər şərti qəbul edilməlidir. Yəni Qarabağda baş verən hadisələrdən üzü bəri istər nəsrdə, istər poeziyada, dramaturgiyada, publisistikada maraqlı əsərlər yazılıb. Təbii ki, bu mövzuda şablon əsərlər də var. Yəni o hissi yaşamadan ötəri yazılan əsərlər. Amma mən Qarabağ mövzusunda nəsrdə Sabir Əhmədlinin “Ömür urası”, Aqil Abbasın “Dolu”, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə” romanlarını, Elçin Hüseynbəylinin və başqa ədəbiyyat adamlarının əsərlərini göstərə bilərəm. Bunu da deyim ki, hələ də nəsrdə bu müharibənin böyük dəhşətlərini, faciəsini, insanların içindəki müharibə ağrılarını yaşadan o hissləri əks elətdirən böyük bir əsərə ehtiyac var.

Poeziyada elə bir şairimiz yoxdur ki, Qarabağ mövzusunda əsər yazmasın. Elə bu gün Xocalı faciəsinin il dönümüdür. Mən Ələkbər Salahzadənin beş poeması, xüsusən “Xocalı xəcilləri”, Nurəngiz Günün “Xocalı faciəsi”, Ələmdar Quluzadənin “Şəhid şəhər”, Zəlimxan Yaqubun “O qızın göz yaşları”, mərhum şair Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi” poemalarını göstərə bilərəm. Bu günə aid çoxlu belə əsərlər var. Mən hesablamışam ki, Qarabağ mövzusunda yazılan əsərlərin sayı şeirdən tutmuş böyük romana qədər üç mini keçir. Mən də bu əsərlərin çoxunu oxumuşam. Kim deyir ki, ədəbiyyatda bu mövzu zəif işıqlandırılıb, öz inikasını tapmayıb, düzgün danışmır. Mən belə hesab edirəm ki, Qarabağ mövzusunda çoxlu əsərlər yazılıb. Məsələn, rəhmətlik Qabilin 1990-cı illərdə yazdığı “Çadırlara alışmayın”, “Nəsimi bazarında” şeirlərini göstərə bilərəm. Onun məşhur misrası var: “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”. Yəni biz bu misraları bu gün əlimizdə, şeirimizdə bayraq kimi tutmalıyıq. Fransız yazarı Apollinerin bir sözü var, deyir ki, ruhən işğal olunmaq silah gücünə işğal olunmaqdan daha dəhşətlidir. Yəni poeziya, ədəbiyyat da bizi o ruhən işğal olunmaqdan qoruyan bədii söz sənətidir. Biz Qarabağda bayraqlarımızı sancmamışdan əvvəl poeziyanın, ədəbiyyatın bayrağını sancmalıyıq. Hansı ki o bizdə inam hissi oyadır. Yəni ədəbiyyat buna xidmət etməlidir”.

Muxtar Kazımoğlu: “Aqil Abbasın “Dolu” əsərini yüksək qiymətləndirirəm. Əsər həm bədii, həm də ideya-məzmun cəhətdən çox yaxşı qarşılandı. Bizim institutun payına düşən işlərdən deyə bilərəm ki, Qarabağ folklorunun toplanması, araşdırılması adlı layihə keçirdik. Doqquz cildlik hər biri təxminən dörd yüz-beş yüz səhifədən ibarət “Qarabağ folkloru da bir tarixdir” kitabını buraxdıq”.

Əsəd Cahangir: “Nüşabə Məmmədlinin "Zəngulə" romanını bu mövzuda yazılan ən təsirli əsər sayıram”.

Nizaməddin Şəmsizadə: “Aqil Abbasın “Dolu” romanı, Hüseynbala Mirələmovun “Xəcalət” povesti, Fazil Güneyin “Qara qan” romanı, Salatın Əhmədovanın “Kişilik səngəri” romanını deyə bilərəm”.

Səyyad Aran: “Aqil Abbasın “Dolu” romanını, Hüseynbala Mirələmovun “Xəcalət” povestini deyə bilərəm. Bundan başqa, Qarabağdan didərgin düşən, el-obasını itirənlər haqqında yaxşı əsərlər yazan Şərəf Ağayarın bəzi hekayələrini, məsələn, “Şəkil”i göstərə bilərəm”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər