29 Fevral 2016 18:25
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV-də yayımlanan “Səs Azərbaycan” müsabiqəsinin finalına sayılı günlər qalıb. Müsabiqənin final mərhələsi martın 5-də baş tutacaq. Nəzərinizə çatdıraq ki, “Səs Azərbaycan”da dörd iştirakçı qalıb. Müsabiqə haqqında xalq artisti Mübariz Tağıyev Teleqraf.com-a müsahibə verib.

- “Səs Azərbaycan” müsabiqəsinin bitməsinə az vaxt qalır. Finala dörd iştirakçı qalıb. Müsabiqənin final mərhələsinə hazırlıq necə gedir?

- Müsabiqənin final mərhələsinə çox gərgin hazırlıq gedir. Bir həftə ərzində iştirakçılar üç yeni mahnı öyrənməlidir. Onlara gündən-günə təzyiq artır. Görək hansı iştirakçı qalib gələcək? Finala dörd iştirakçı qalıb. Hansısa iştirakçının qalib gəlməsində tamaşaçıların rolu böyükdür. Tamaşaçılarımız real, düzgün qiymət versələr biz hamımız sevinərik.

- Bəzi insanlar qeyd edirdilər ki, layihə Türkiyədə yayımlanan “O səs Türkiyə” müsabiqəsi qədər səs-küyə səbəb olmadı. Siz necə düşünürsünüz?

- Mən hələ ki, Azərbaycanda bu səviyyədə mötəbər bir yarışma görməmişəm. Biz özfəaliyyət səviyyəsində keçirilən müsabiqələrə öyrəşmişik. Yəqin o tipli müsabiqələr bizə daha çox uyğun gəlir. “Səs Azərbaycan” səviyyəli bir müsabiqədir. Burada nə səs-küy olmalıdır ki?

- “O səs Türkiyə” qədər geniş tamaşaçı auditoriyası olmadı...

- Hər insanın bir fikri var, geniş auditoriyası qazanmamasını biri münsiflərlə, digəri isə efir vaxtı ilə əlaqələndirir. Əslində, bu müsabiqə ölkəmizdə birinci dəfədir ki, keçirilir. Eləcə də hər xalqın öz istiqaməti var. Biz müharibə şəraitində yaşayan xalqıq. Ona görə də müsabiqədə bütöv şou yaratmaq düzgün deyil. Məncə, bu tipli də pis deyil. Efir, yaradıcılıq məsələlərinə gəlincə hər şey qaydasındadır. İnsanların zövqləri bir qədər fərqlidir. Kim nəyi görürsə, ona uyğunlaşmağa çalışır. İstanbulda 30 milyon əhali var və hər tində də bir-iki filarmoniya fəaliyyət göstərir. Mənə elə gəlir ki, gələn dəfə bütün deyilənlər, iradlar nəzərə alınar və müsabiqəni ayrı səpkidə davam edərik.

- Mübariz müəllim, siz bir çox müsabiqələrin münsif heyətində - Vaxtilə “Yeni ulduz”da, indi isə “Səs Azərbaycan”da - əyləşmisiniz. Bu müsabiqənin digərlərindən fərqi nədir? İştirakçılar və münsif heyəti baxımından...

- Bu müsabiqənin digər yarışmalardan fərqi çoxdur. Layihə kimi “Səs Azərbaycan” hər tərəfli güclüdür, imkanları genişdir. Düzdür, şərtlərdə bir qədər gərginlik var. Ancaq görürəm ki, iştirakçılar müsabiqənin şərtlərinə tab gətirə bilir. Amma yenə fikrimdə qalıram ki, Azərbaycanda bu səviyyədə müsabiqə keçirilməyib. Bu tipli yarışmalara arasında “Səs Azərbaycan” yeganə müsabiqədir ki, yüksək səviyyədə keçirilir.

- Bəs yarışmada iştirakçılar və münsif heyəti üçün hansısa məhdudiyyət qoyulub?

- Münsif heyəti kimi mənə müsabiqənin şərtində xoşa gəlməyən o idi ki, mahnıların 70 faizi ingilis dilində idi. Bir qədər gərgin söhbətlərdən sonra bu fikirlər dağıldı. Azərbaycan mahnıları daha çox səslənməyə başladı. Düşünürəm ki, belə də olmalı idi. Şok vəziyyətdəyəm ki, istedadlı uşaqlar bu günə qədər harada idilər? Neynirdilər? Hansı restoranlarda işləyirdilər? Yəqin ki, estrada aləmi olaraq onlara düzgün yanaşmamışıq.Əgər bu qədər istək varsa, niyə onlar özlərini sınamaq üçün Moskvaya, Türkiyəyə getsinlər? Bu müsabiqə ilə istedadlılara imkan yarandığına görə sevinirəm. İndi qoy dünyada yaşayan azərbaycanlılar ölkəmizə gəlsinlər.

- “Səs Azərbaycan” müsabiqəsinin bitməsinə saylı günlər qalıb. İkinci hissə olacaqmı?

- Bəli, müsabiqənin davamı olmalıdır. Amma müəyyən dəyişikliklər tətbiq ediləcək.

- Mübariz müəllim, heç düşünmüsünüzmü ki, hansısa iştirakçıya qarşı haqsızlıq etmisiniz...

- Xeyr. Çünki mənim təbiətim belədir ki, heç vaxt yaxşını pislə dəyişən deyiləm. Övladım da olsa. Nəyi eşidirəm, görürəm ona da qiymət verirəm. Kimsə müsabiqədən gedibsə, öz günahıdır. Burada başqa bir şey ola bilməz. Məncə, digər münsiflər də belə düşünürlər.

- Münsif heyəti kimi iştirakçını seçərkən səslə yanaşı başqa hansı kriteriyalara üstünlük verirsiniz?

- Azərbaycan estradasının öz inkişaf yolu var. Son vaxtlar Azərbaycan estradası durğunluq dövrü keçirir. 1990-cı illərdən bu tərəfə sanki estrada yatıb və biz indi oyanmışıq. Estrada musiqisi klassik, xalq musiqisindən fərqlidir. Hər il yeni oxu tərzi yaranır. Bunlar öyrənilməlidir. Amma musiqini ifa edərkən özününküləşdirməlisən. Əgər kimisə yamsılayırsansa, bu, düzgün deyil. Mənə elə gəlir ki, bu müsabiqə müəyyən qədər estradamızdakı durğunluğu ortadan qaldıracaq.

- Münsiflər heyətində sizinlə yanaşı Faiq Ağayev, Manana Caparidze, Tünzalə Ağayeva əyləşir. Münasibətinizdə hər hansı rəqabət varmı ki, mənim komandamın üzvü qalib gəlsin?

- Rəqabət deməzdim. Əlbəttə ki, hər bir münsif istəyir ki, istedadlı tələbəsi birinci olsun, qalib gəlsin. Ancaq o sualı mənə nahaqq verirsiniz. Çünki yaşımın o vaxtı deyil. Hansı iştirakçının səs imkanları, oxu tərzi birinci yerə layiq olsa ona ürəkdən sevinəcəm.

- Finalda tamaşaçıların səs vermək baxımından obyektivliyinə inanırsınızmı?

- İnanmıram. Hər yerdə belə olub, qohum-əqrəba və s. səs verir. Ancaq ümümən tamaşaçı auditoriyasının obyektivliyinə inanıram. Hər bir tamaşaçı istədiyi müğənniyə bir səs göndərsə, iştirakçının taleyinə təsir edə bilər. Digər müsabiqələrdə də bu sual yaranırdı ki, əmi-dayı, xala və s. səs göndərir və səs vermə bununla bitir. Bu, absurd bir fikirdir. Onlar 6-12 faizdən uzağa gedə bilmirlər. Hər insan bir səs versə bu, böyük səs faizinə səbəb olur. Demirəm ki, bütün xalq ayağa dursun, yox, sadəcə, hər insanın sevdiyi musiqi sahəsi var. Ancaq estrada musiqisi ilə bağlı insanlar istərdim ki, finalda aktiv olsunlar və düzgün seçim etsinlər. Finala qalan iştirakçıların hamısına uğurlar arzu edirəm. Uşaqların taleyi bu seçimlə həll olunur. Ancaq mən deyərdim ki, bu mərhələyə gələn uşaqların hamısı qalib hesab olunmalıdır. Ürək ağrısı ilə deyim ki, müsabiqəni tərk edən uşaqlar arasında bu gün birinciliyə sahib olan istedadlı gənclərimiz də vardı. Onlar vaxtından tez müsabiqədən çıxdılar.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər