7 Aprel 2016 13:36
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda karikaturaçı rəssamlar var, hətta onların birliyi, təşkilatı da fəaliyyət göstərir. Ancaq bu sənət növü bizdə elə də populyar deyil. Səbəbinə baş vurmayaq...

İçərişəhərdə, karikaturaçı-rəssam Şirin Cəfərovun ofis-mağazasındayıq. Onunla söhbətləşməyə gəlmişik.

“Karikaturada xarakter əsas rol oynayır”

Qubadlıda anadan olub. Deyir, 46 ildir rəsm çəkməklə məşğuldur. Bu uzun yaradıcılıq yolunun 10 ilini də İçərişəhərdə portret və karikatura çəkməyə həsr edib: “Sumqayıtda xalamgildə yaşayırdım, rəsm çəkməyə həvəsim də onda yarandı. Uşaq vaxtı dayım usta işləyirdi. İşi çox olanda məni də özü ilə aparırdı. Onun divarlara vurduğu naxışlara baxdıqca bu sənətə həvəsim yarandı”.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra xaricə təhsilimi davam etdirməyə gedib. Litvaya üz tutub: “Orada tərtibatçı rəssam kimi işə düzəldim. İki il işlədikdən sonra Vilnüs Rəssamlıq Akademiyasına qəbul oldum. Amma orada da çətinliklər vardı, dil problemi üzündən Polşaya getdim.

Ailəlikcə orada yaşamağa başladıq. 15 il Polşada qaldıq, 2005-ci ildə Azərbaycana qayıtdıq”.

Karikaturanın iki istiqaməti var: tənqid və gülüş. Şirin Cəfərov deyir ki, pul qazanmaq naminə gülüş karikaturası çəkir: “Karikatura çəkməyə ilk dəfə Polşada başladım. Orada polyakların yaşadığı bir qəsəbə vardı. Qəsəbədə 200-300 il bundan əvvəlin adət-ənənələri qorunub saxlanır.

Orada polyak rəssamlar karikaturalar çəkirdilər və mən də onlara qoşuldum. Polşada olanda ölkənin voleybol komandasının hər bir oyunçusunun karikaturasını çəkmişəm. Komanda rəhbərliyi də karikaturaları çərçivəyə salıb, divardan asmışdı.

Əl işlərimdən cəmi 10 faizini Bakıya gətirə bildim. 90 faizi Litva və Polşada qaldı. Gülüş karikaturası ilə yanaşı tənqidi karikatura da çəkirəm.

Əgər tənqidi karikatura üçün dəvət etsələr, gedib deyilən adamın xəbəri olmadan karikaturanı işləyirəm. Bəzən şəkil gətirirlər, ona baxıb karikatura çəkirəm, amma bu çətin olur. Həm də canlı effekti vermir”.

Karikaturistlərin başqa yaradıcı insanlardan fərqləndiyinui deyən həmsöhbətim əlavə edir ki, hər bir insanın özünün sifətində “material verən” cizgilər var: “İnsan var sifət quruluşu gözəldir, eləsi var eybəcərdir, yaxud ifadəlidir... Birinin burnu gözə çarpır, o birinin nazik dodaqları...

Belə insanlar karikaturaya daha asan gəlir. Rəssam kağızda karikaturasını çəkən zaman həmin elementləri iki dəfə artırır. Ağız kiçikdirsə bir az da kiçilir, alın böyükdürsə bir azda böyüyür, saçlarında hamarlıq varsa külək vuran bir surət yaradılır. İnsanın karikaturası belə ərsəyə gətirilir. Karikaturada xarakter əsas rol oynayır”.

Bir dəqiqəsi 1 manat, cəmi...

Azərbaycanda bir çox tanınmış şəxslərin karikaturasını çəkən müsahibimin sözlərinə görə, əl işlərinin sayı o qədər çoxdur sayı-hesabı, kimləri çəkdiyini artıq unudub: “Xarici ölkədə də, bizim ölkədə də karikaturaya cavanlar meylli olurlar. Bəzən müştəri deyir ki, mən üzümdəki elementlərin dərinliklərini, makiyaj formasına salınmasını istəmirəm, eləcə xətt olsun. Amma müştərilərin əksəriyyəti karikaturasının tamamlanmasını istəyir.

Bir karikaturanı 1 dəqiqəsi 1 manatdan çəkirəm. Orta hesabla 10 dəqiqə çəkir ki, adətən müştəri 10 manat ödəyir. Xaricidə karikaturanı 50-70 dollara çəkirdim”.

Həmsöhbətimin şikayətlənir ki, Azərbaycanda karikaturanı çox vaxt yanlış anlayırlar. Bəzən bunu təhqir kimi qəbul edirlər: “Bir dəfə Sumqayıtda deputat seçilməyə hazırlaşan bir nəfərin mənə portretini çəkdirdilər. Elə oldu ki, həmin adam seçilmədi, portret məndə qaldı. Mən də gətirdim mağazaya qoydum.
Həmişə qapının ağzına əl işlərimi yığırdım ki, insanlar görsün həm karikatura, həm də portret çəkirəm. Bir müddət sonra bu portreti deputalığa namizədin onun dostlarından kimsə görüb, xəbər verib ki, mən onu karikatura sırasında qoymuşam. Bir gün işdə olmayan zaman gəlib bütün şəkilləri dağıdıb-töküb gediblər”.

Daha çox qadınlar...

Şirin Cəfərov boş vaxtlarında şəkillərdən də karikatura çəkir. Deyir ki, Barak Obamanın, Mister Binin karikaturlarını işləyib: “Mister Bini uzun illərdir özümlə gəzdirirəm. Çünki onu karikaturasına çox böyük zəhmət sərf eləmişəm.

Qeyd etdiyim kimi karikaturada üz cizgiləri və sifət ifadələri çox önəmlidir. O karikaturanı məndən dəfələrlə istəyiblər, amma satmamışam”.

Rəssamdan “Daha çox kimlər karikatura üçün müraciət edirlər” deyə soruşduq.

Heç demə, qadınlar daha çox müraciət edirmiş: “Onlar karikaturada saç düzümü, yanaqlarına qeyri-adi forma verilməsini xoşlayırlar. Bir dəfə bir qadın və kişi gəldi, karikaturalarının çəkilməsini istədilər. Çəkdim, qurtardım, bəyənmədilər. Şəkli atıb getdilər. Pulunu vermək istəsələr də götürmədim. Belə hallarla tez-tez rastlaşıram.

Bunun səbəbi odur ki, 90 faiz karikaturanın mahiyyətindən məlumatsızdır. Karikatura məktəbimiz yoxdur”.

Ermənilərin karikaturası

Şirin Cəfərov hər gün daim İçərişəhərdədir. Dünyanın hər yerindən gələn turistlər burdan keçir, beş-on manat çörəkpulu da İçərişəhərdə çıxır: “Həm də bura sənətkara qiymət verilən yerdir. Əcnəbi qonaqlar çəkdiyim karikatura xoşlarına gələndə pulu 50 manat əvəzinə bəzən 80 manat veriblər.

Xaricilərin karikaturasını çəkəndə daha sərbəst oluram. Çünki onlar karikaturanın nə olduğunu daha yaxşı bilirlər. Şəkillərinə baxıb gülürlər... Amma bizim insanlar elə qarşılamırlar. Ailəli karikatura çəkdirmək istəyənlər olanda sevinirik. Çünki onda qazanc çoxalır. Daha çox ərəb ailələrin karikaturasını çəkirəm.

Mən Qarabağ münaqişəsi mövzusunda da karikatura çəkirəm. Erməni vəhşiliklərini karikaturaya gətirirəm”.

Karikaturist müsahibim deyir ki, ictimai motivli şəkilləri öz təxəyyülüdür: “Məni həyata bağlayan əsərlərimdir. Qarmaqarışıq duyğular keçirəndə bu, mənim əsərimdə də hiss olunur. Bəzi əsərlərimdə nikbin, bəzilərində bədbinlik var. Rəssam daim axtarışda olmalıdır. Bu gün çəkdiyin dünənkinə bənzəməməlidir. 18-30 yaşına qədər olan axtarışlarımın nəticəsində öz tərzimi 40 yaşımda tapdım. İndi karikatura çəkən azdı.

Karikatura hər adama yaraşmır. Onu elə çəkməlisən ki, ortaya gülünc bir şey çıxmasın”.

Müdirinin də karikaturasını çəkib

Şirin Cəfərov Litvada olanda işlədiyi sexin müdirinin də mənfi obrazını kağıza köçürüb: “Orada mən işdən sonra emalatxanamda karikatura, rəsm çəkirdim. Emalatxananın damından su damırdı. Zavoda müraciət elədim, ərizə yazdım, amma düzəltmədilər. Həmin adamın karikaturasını çəkdim. Həmin sexin qəzeti çıxırdı, verdim, orda çap olundu.

Məni danladılar ki, öz rəisinin karikaturasını niyə çəkmisən? İzah elədim ki, nə qədər müraciət etsəm də emalatxananın damını düzəltmirdilər. Məni cəzalandırdılar, maaşımı azaltdılar. Amma çəkdiyim karikaturadan peşiman olmadım”.

Müsahibimizin şagirdləri də olur: “Mən şagirdlərimi öyrədirəm, onlar da başqalarına öyrədəcəklər. Sənət davam edəcək və bu gözəl bir hissdir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər