27 Aprel 2016 14:46
6 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın səsi” musiqi müsabiqəsində iştirak edən gənc müğənni Çingiz Mustafayev Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Çingiz bəy, müsabiqədən çox tez uzaqlaşdınız. Niyə belə oldu?
- Bəli, tez uzaqlaşdım. Mən çıxdığım mərhələyə qədər hər şeyə münsiflər heyəti qərar verirdi. Müsabiqə kənardan başqa cür görsənir. Amma ora qatılanda görürsən ki, sənin düşündüyün kimi deyil. Müsabiqədən tez çıxmasaydım, fəaliyyətimi davam etdirmək mənə çətin olacaqdı. Çünki sonrakı mərhələdə səsvermə başlayırdı.

- Müsabiqədə münsiflər heyətindən Svyatoslav Vakarçuku seçdiniz. Niyə məhz Svyatoslav?
- Çünki Svyatoslav Vakarçukun sənətimə daha yaxın olduğunu fikirləşdim. Onu da deyim ki, münsiflər heyətindən başqa birini seçsəydim, hələ də yarışmada fəaliyyətimi davam etdirirdim.

- Müsabiqədə hansı mərhələyə qədər getməyi planlaşdırırdınız?
- Yarışmada belə bir reallıq var ki, izləyicilər birinci mərhələni izləyir, sonrakı hissəni deyil. Bu Rusiyada da, Türkiyədə də belədir. Tamaşaçıların yadında daha çox birinci çıxışlar qalır. Mənə elə gəlir ki, yarışmadan vaxtında çıxdım. Ondan sonra yarışmada fəaliyyətimi davam etdirməyimin mənası yox idi. Birinci olmaq, sona qədər mübarizə aparmaq lazım idi. Orta sıralarda qalmağın mənası yoxdur. Bakıda işlərim çoxdur.

- Demək istəyirsiz ki, münsiflər sizə qarşı ədalətsizlik etdi?
- Belə deməzdim. Sadəcə, elə məsələlər var ki, deyə bilmərəm. Çünki nəsə desəm, onlara qarşı hörmətsizlik olar. Ona görə də susacam.

- Niyə?
- Düzgün deyil, çünki yarışmada iştirak etmişəm. Hazırda onlar haqqında nəsə deməyim yaxşı çıxmaz .

- Düşünürsünüz ki, Svyatoslav Vakarçuku seçməsəydiniz, yarışmada fəaliyyətinizi davam etdirə bilərdiniz...
- Bəli, Svyatoslav Vakarçuku seçməsəydim, mənə elə gəlir ki, yarışmada qalardım.

- Belə çıxır ki, müsabiqədən uzaqlaşmağınızda onun rolu olub…
- Düzünü deyim ki, yarışmada mənə qarşı haqsızlıq oldu. Hamı gördü ki, mənim ifam daha yaxşıdır. Amma buna baxmayaraq yarışmadan çıxdım.

- Ümumiyyətlə, yarışmada azərbaycanlılara münasibət necədir?
- Ümumilikdə Azərbaycan xalqına qarşı münasibət yaxşıdır. Amma dörd münsif heyətindən bir-ikisi yaxşı baxmaya bilər və bu da normaldır.

- Müsabiqəni tez tərk edəcəyinizi düşünürdünüzmü?
- Xeyr, düşünmürdüm.

- Müsabiqəsinə qatılmaqda məqsəd sonradan Ukrayna şou-biznesinə qatılmaq idi?
- Dediyim kimi, hər şey kənardan görsəndiyi qədər gözəl deyil. Əvvəllər Ukrayna şou-biznesinə qatılmağı düşünürdüm, indi isə yox.

- Gələcəkdə “O ses Türkiyə” yarışmasına qatılmağı planlaşdırıırsınızmı?
- Nə vaxtsa ola bilər…

- “O səs Türkiyə” də iştirak etsəniz münsiflər heyətindən kimim qrupunda fəaliyyətinizi davam etdirmək istərdiniz?
- Özkanın qrupuna daxil olmaq istərdim.

- Sizin "Şəhidlər arzusu" mahnınız çox məşhurlaşdı. Hazırda vətənpərvərlik mövzusunda demək olar ki, ən çox sizin mahnınız dinlənilir. Mahnının tarixçəsi haqqında danışmağınızı istərdik...
- Hər bir insan özünü dünyanın ortasında görür və elə bilir ki, dünya onun ətrafında fırlanır. Ordumuz şəhid verənə çox pis oldum. Onların hər biri bir aləmdir və öz arzuları, xəyalları, sevdikləri vardı. Artıq yoxdur, çünki şəhid oldular. Mən insanlara onu çatdırmağa çalışmışam. Mahnı vasitəsilə şəhidlərin dilindən deyirəm ki, mənim öz dünyam, xəyallarım vardı. Təbii ki, heç kim müharibənin tərəfdarı deyil. Mən şəxsən müharibə tərəfdarı deyiləm. İstəmirəm ki, kimsə ölsün və xəyalları yarımçıq, anasının gözü yaşlı qalsın. İnsan böyük bir varlıqdır, onu itirmək asan deyil.

- Mahnını sülh şəraitində yazmısınız. Yəni ki, cəbhə bölgəsində gərginlik yox idi. İdeya necə yarandı?
- Yox, iki il əvvəl də cəbhədə döyüşlər gedirdi.

- 2014-cü ilin avqustunda yaşanan hadisələri nəzərdə tutursunuz?
- Bəli, şəhidlərimiz olmuşdu. Allah onlara rəhmət eləsin. O zaman mahnını 5-10 dəqiqəyə yazdım. Mahnının bu qədər marağa səbəb olacağını fikirləşməmişdim.

- Bəs, "Şəhid arzuları " müasir dövrdə Şəmistan Əlizamlının mahnıları qədər seviləcəkmi?
- Mənə elə gəlir ki, "Şəhid arzuları " mahnısı artıq Azərbaycan xalqı və şəhidlərimiz üçün himnə çevrilib. "Şəhid arzuları " mahnısına klip çəkdirmişəm. Klipı “YouTube” sosial şəbəkəsinə yerləşdirəcəyik. Çox təsirli klip alınıb.

- Lələ- Təpə yüksəkliyi ermənilərdən xilas edildi və bir çox müğənnilər oraya getdilər, şəkil çəkdirdilər, Tərtərdə konsert verdilər. Bir sənətçinin müharibə şəraitində konsert verməsini, yoxsa müharibəyə getməsini üstün tutursunuz?
- Hər bir insan vətənə öz işi ilə xidmət edir. Mən özüm üç il Dövlət Sərhəd Xidmətində çalışmışam. Mən və musiqiçilərim səngərlərə gedirdik və kazarmalarda yatırdıq. Onlar üçün konsert verirdik. Mənim əlimdən bu gəlir. Hər insan vətən üçün əlindən nə gəlirsə, onu etməlidir. Şərt deyil ki, əlinə avtomat alıb, döyüşsün.

- Sərhəd Xidmətində müqavilə əsasında işləmisiniz?
- Bəli.

- Cəbhə xəttində yenidən gərginlik yaranıb, şəhidlərimiz var. Yenidən “Şəhid arzuları”, yaxud hərbi mahnılar yazmaq fikriniz varmı? Eləcə də bilmək istərdik ki, hərbi xidmətdə olmusunuzmu?
- Mənim sağ çiynimdə vərdişi çıxış var. Bu çox adamlarda olur. Ona görə məni əsgərliyə aparmadılar. Amma üç il Dövlət Sərhəd Xidmətində çalışmışam və ölkəmizin bütün sərhəd bölgələrində olmuşam.

- Atanız dünyasını tez dəyişib. Ona görə həyatda çox çətinliklər yaşadığınızı qeyd etmisiniz. Necə düşünürsünüz, atanız bu gün həyatda olsaydı, həyatınızda nələr dəyişə bilərdi?
- Çox çətin sualdır. Atam sağ olsaydı, həyatımda nələrin dəyişə biləcəyini bilmirəm. Təbii ki, həyatım başqa cür ola bilərdi. Həyatda yaşadıqlarım formalaşmağıma çox təsir etdi. Düşünürəm ki, bəlkə də başqa cür insan ola bilərdim.

- Çətin günlərinizdə sizə kimlər dəstək olurdu?
- Heç kim dəstək olmayıb.

- Evlənməyi düşünürsünüzmü?
- Xeyr, hələ ki, evlənməyi düşünmürəm.

- Səbəb?
- Tez evlənməyə qarşıyam.

- Düşünürsünüz ki, evlənməyiniz karyeranıza mənfi təsir göstərəcək...
- Bəli.

- Sevdiyiniz xanım varmı?
- Xeyr, hazırda sevdiyim xanım yoxdur.

- Ümumiyyətlə, bilmək istərdik ki, sevdiyiniz üçün həyatda qeyri-adi nə edə bilərsiniz?
- Hər şey....

- Sevdiyiniz məşğuliyyətiniz nədir?
- Velosiped sürmək, rəsm çəkmək, idman və s.

- Neçə gitaranız var?
- Beş gitaram var.

- Çingiz bəy, Kiyevə gedəcəyiniz i bildirdiniz. Səfəriniz yaradacılıqla bağlıdır?
- Kiyevdə konsert proqramı ilə çıxış edəcəm.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər