Azərbaycanlı aktyorların çəkildiyi “Qız qaçıran” adlı yeni türk filmi mayın 12-dən kinoteatrlarımızda nümayiş olunmağa başlayacaq. Tamaşaçılar filmə Azərbaycan dilində subtitrlə baxa biləcəklər.
Filmin prodüserləri Mustafa Sayğın, Serpil Altın, ssenari müəllifi və rejissoru Korhan Uğurdur.
1976-ci ildə Tekirdağda anadan olan Korhan Uğur lisey illərindən qısametrajlı filmlər çəkib. 100-dən çox reklam, video-klip və filmlərin istehsalında iştirak, müxtəlif TV-proqram və seriallarda ssenaristlik edib. “Qız qaçıran” filminə qədər üç tammetrajlı filmin rejissoru və ssenaristi olub: “Öldür məni” (rejissor, ssenarist), “Sağsalim” (ssenarist), “Tərkedilmiş” (rejissor, ssenarist).
Həmçinin Azərbaycan-Türkiyə istehsalı “Mahmud və Məryəm” filminin icraçı prodüseri olub.
“Qız qaçıran” filmində tanınmış aktyorlar Emir Benderlioğlu, Ceren Benderlioğlu, Könül Nağıyeva, Kamran Ağabalayev oynayıb.
Teleqraf.com filmin ssenari müəllifi və rejissoru Korhan Uğur, həmçinin prodüserlərindən biri Serpil Altınla müsahibəni təqdim edir.
- Korhan bəy, sizdən ilk müsahibəni “Tərkedilmiş” filminiz Bakıya gətiriləndə almışdıq. Bu ay, mayın 12-də isə yeni filminiz - “Qız qaçıran”ı Azərbaycan tamaşaçılarına təqdim edəcəksiniz. Hər iki filmdə azərbaycanlı aktyorlarla işləmisiniz. Səbəbi nədir?
- Əvvəlcə qeyd edim ki, mən Azərbaycanı Türkiyədən fərqləndirmirəm. Azərbaycan türklərini ailəmizin bir üzvü kimi qəbul edirəm. Azərbaycana ilk dəfə 6 il əvvəl gələndə buna bir daha əmin oldum.
Azərbaycanlı qardaşlarım mənə çox yaxşı münasibət göstərdi, hamısı məni bağrına basdı. Bir sözlə, çox səmimi və yaxşı niyyətli insanlarla qarşılaşdım. Kamran Ağabalayev də bunlardan biri idi.
“Tərkedilmiş” filmini çəkəndə Kamranın sayəsində Könül Nağıyeva ilə tanış oldum. O da ən az Kamran qədər yaxşı niyyətli və səmimi biridir. Onu da bacı kimi çox sevdim. Hər ikisi çox qiymətli, qabiliyyətli və ağıllı aktyorlardır. Mənə görə, hətta dünya səviyyəli aktyorlardır. Bu səbəbdən “Qız qaçıran” filminin ssenarisini yazmağa başlayanda hər ikisi aktyor kimi düşündüyüm ilk insanlar idilər.
Elə ona görə də ssenari bitər-bitməz ilk onlarla paylaşdıq. Hər ikisi dərhal təklifimi qəbul etdi. Gördüyüm bütün işlərdə maddiyyat mənim üçün çox əhəmiyyətli olmayıb. Əsas dostluq və insani münasibətlərdir. Çünki bu dünyadan köçdükdən sonra bir-birimizə olan isti, səmimi münasibətlərdən başqa xatirələrdə heç nə qalmayacaq.
Buna görə Kamran və Könüllə olan dostluğumuz çox uzun illər davam edər, birlikdə çox filmlərə imza atarıq. Hətta onu da deyim ki, aramıza yeni dostlar və qardaşlar qatılmağa da başlayıb.
Azərbaycan Türkiyə arasında bir çox ticarət əlaqələrimiz var. Ətlə dırnaq kimiyik. Amma kino sahəsində böyük və hərtərəfli işbirliyimiz yoxdur. Türkiyədə ildə 100-dən çox film çəkilir. Məncə, bunların ən az 10-u Azərbaycan və Türkiyə ortaq istehsallı filmlər olmalıdır.
-“Qız qaçıran”da hekayənizə azərbaycanlı obrazları əlavə etmək hardan ağlınıza gəldi?
- Bu qədər iç-içə bir toplum olduğumuzu hekayəmdə də göstərmək istədim. Ümid edirik ki, “Qızqaçıran- 2”ni də gerçəkləşdirəcəyik. Növbəti filmin hekayəsi tamam Azərbaycana aid olacaq.
- Serpil xanım, prodüseri olduğunuz filmin Azərbaycanda ekranlara çıxmağına az qalıb. Üstəlik filmdəki obrazlardan ikisi də azərbaycanlıdır. Prodüser olaraq belə bir qərar verməyiniz çətin olmadı ki?
- Sevgili rejissorumuz Korhan Uğurun ikinci filmi “Tərkedilmiş”in qala-gecəsi və təqdimatı ilə əlaqədar dəfələrlə Azərbaycana getmək imkanım oldu. Azərbaycanda film sənayesi adına gördüyüm mənzərə məni çox həyəcanlandırdı. Sizin tamaşaçılar kino ilə çox maraqlanırlar. Mən də düşündüm ki, niyə birgə filmlər çəkməyək?
Mustafa Sayğınla gələcək layihəmizdə bunu dəyərləndirmək barədə müzakirə apardıq. Korhanın da yeni hekayəsində azərbaycanlı obrazların olması bir daşla iki quşu vurmağımıza səbəb oldu.
“Qız qaçıran”ın isti münasibətlərimizin başlanğıcı olması bizi həyəcanlandırır. Ümid edirik ki, Azərbaycan tamaşaçısı da filmi qəbul edib, ona yiyə duracaq. Bundan sonrakı planımız əlaqələrimizi gücləndirməkdir. Yeni ortaqlıqlar quraraq işimizi davam etdirmək istəyirik.
- “Qız qaçıran”da Könül Nağıyeva və Kamran Ağabalayevlə çalışdınız. Azərbaycanlı aktyorları necə qiymətləndirirsiniz?
- Könül də, Kamran da çox qiymətli aktyorlardır. Həm insani keyfiyyətləri, həm də aktyorluq bacarıqlarından dolayı onlarla işləmək çox maraqlı idi. Könül bacım kimi sevdiyim bir dostum oldu. Xəyallarını gerçəkləşdirmək üçün Türkiyəyə də köçdü. Onun əvəzinə çox sevindim. İndi də beynəlxalq səviyyəli iri büdcəli filmdə baş rol oynayacaq. Kamran da çox gözəl layihələrdə çalışmağa davam edir. Hər ikisi həmişə işləməkdən zövq alacağımız qiymətli insanlardır.
- Azərbaycan tamaşaçısının “Qız qaçıran”a maraq göstərəcəyini düşünürsünüzmü?
- Azərbaycan tamaşaçısı Korhan Uğuru çox yaxşı tanıyır və onun filmlərinə maraq göstərirlər. Bunu biz keçən il hiss etdik. Bu il filmdə azərbaycanlı aktyorların da olması tamaşaçının marağını artıracaq. Filmimizin Azərbaycandakı nümayişindən gözləntilərimiz çoxdur.
Nərmin Muradova