9 May 2016 12:11
26 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mühacirət tarixinin önəmli bir mərhələsi də İkinci Dünya müharibəsi illərinə aiddir. Almaniyanın ardıcıl qələbəsi, SSRİ üzərinə gözlənilən hücum mühacirətdə yaşayan keçmiş azərbaycanlı siyasi liderlərin də aktivləşməsinə səbəb olmuşdu.

Alman hökuməti hələ SSRİ-yə hücum etməmişdən qabaq da Qafqazda onlara yardım edə biləcək siyasilərlə ilkin əlaqələr qurmuşdu.

Hələ 1941-ci ilin mayında Berlinə dəvət olunan Məhəmmədəmin Rəsulzadəyə Almaniya hökumətinin Qafqaz məsələləri üzrə müşaviri olmaq təklif edilmişdi.

Rəsulzadə isə bu əməkdaşlıq təklifinə müqabil 4 şərt irəli sürmüşdü. Bu şərtlərdən ən əsası Azərbaycanın azadlığı idi: “Azərbaycan almanlar tərəfindən azad edildiyi təqdirdə həm daxili, həm də xarici siyasətdə müstəqillik alacaqdır” .

Almaniya hökuməti isə qalibiyyət və məğlubedilməzlik əhval-ruhiyyəsi ilə hələ ki, bu şərtləri qəbul etmək istəmirdi. Onlar Qafqazdakı siyasi vəziyyətlə bağlı qərarlarını ərazi bolşeviklərdən təmizlənəndən sonra vermək niyyətində idilər. Lakin Almaniyanın 1941-ci ilin sonunda Moskva ətrafındakı uğursuzluğundan sonra hökumət siyasi mühacirlərin nüfuzundan istifadə etməyə, legionların təşkil edilməsinə qərar verdi.

1941-ci ilin avqustundan etibarən Sovet əsirləri milliyyətlərinə görə bölünüb, ayrıca düşərgələrdə yerləşdirilməyə başlanıldı. 1942-ci ilin yanvarından etibarən isə Sovet İttifaqının qeyri-rus xalqlarının nümayəndələrindən ibarət Şərq legionlarının yaradılmasına başlanılır.

Alman Baş Komandanlığının təklifi

İnternet üzərindən auksionda aldığım bir broşürdə azərbaycanlı əsgərlərin Hitler ordusuna keçmələri üçün onlara verilən vədlər qeyd olunub. Broşür latın qrafikasında çap olunub. Çünki legionerlərin Almaniyada çıxardıqları “Azərbaycan” qəzeti də latın qrafikası ilə çap olunurdu və böyük ehtimalla bu broşün mətnini də onlar hazırlayıb. Digər tərəfdən, Sovet ordusunda vuruşan azərbaycanlı əsgərlər latın qrafikası ilə təhsil aldıqları üçün müraciət həmin qrafika ilə hazırlanıb .

Qeyd edək ki, bu işlə “Fəal Təbliğat” xidməti məşğul olurdu. Bu xidmətin əsas vəzifəsi sovet ordusunun hərbi qulluqçularını almanlar tərəfə keçməyə çağıran vərəqə və plakatların, eləcə də, almanların ön cəbhədə istifadə etdikləri lent yazılarının hazırlanmasından ibarət idi. Bu vərəqələr SSRİ-də yaşayan xalqların - Azərbaycan, gürcü, rus, erməni, qumuq, kalmık, çeçen və tatar dillərində tərtib edilmişdi .

Broşürün mətni belədir:

“Azərbaycanlılar!

Öz günəşli Vətəninizə, öz doğma torpağınıza, sizi səbirsizliklə gözləyən öz arvad-uşaqlarınızın yanına geri qayıtmaq istəyirmisiniz? Qalibiyyətli Alman ordusu tərəfindən azad edilən yerlərdə; kəndlilər Hitlerin aqrar reforması sayəsində yenidən xüsusi torpaqlara sahib olmaqla, xüsusi mal-qara saxlamaq hüququna malik olmuşlar.

Siz yenidən azad torpaqda azad kəndli olmaqmı və ya köhnə qaydalara qayıtmaqmı istəyirsiniz? Yenə də kolxozlara, sovxozlara möhtac olmaq, talançı hazırlıqlara, fəlakətə, NKVD-nin zülmlərinə, köləliyə məruz qalmaq və ya sürgünlərə və icbari işlərə qayıtmaqmı istəyirsiniz?

Bolşevizmin və bununla bərabər və xüsusən özünün mütləq məhvini görən Stalin, əlacsız can çəkişmələrində sizi yeni hücumlara qovur. Stalin öz məhvinin vaxtını uzatmaq məqsədilə Amerika və İngiltərə kapitalistləri ilə birləşmişdir. O, bu qış bütün qüvvəsilə hücuma keçməyi amerikan və ingilis kapitalistlərinə vəd etmişdir. Alman qoşunları özlərinin yaxşı hazırlanmış qış pozisiyalarında istirahət etdikləri və ilin ən yaxşı vaxtında döyüşə hazırlandıqları bir halda, Stalin sizi ac və yarımçılpaq bir vəziyyətdə hücuma və qəti ölümə göndərir.

Azərbaycanlılar!

Bu əqilsizliyi bitirməyin vaxtı çatmışdır. Azərbaycanlı qardaşlarınızın dəstələrində birləşiniz. Alman silahı atəşindən məhv olmağı gözləməyin. Bizim tərəfimizə inamla gəliniz! Sizin arvad-uşaqlarınız, ata-analarınız və qohum-qardaşlarınız buna şad olacaqlar və bizə isə təşəkkür edəcəklər! Sizdən hər hansınız bizim tərəfimizə könüllü keçərsə, biz onunla bir dost kimi rəftar edəcəyik. Öz xalqının gözəl gələcəyini qurmaq işində ona hər cür imkanlar veriləcəkdir.

Azərbaycan azad olacaqdır!
Azərbaycanlılar, Vətəninizi azad etməyə kömək edin!

Almaniya Baş Komandanlığı".

Keçmək vəsiqəsi:

"Bu vəsiqə Qızıl Ordunun çoxlu miqdarda döyüşçü, komandir və siyasi işçilərinə məxsus olmaqla, müharibənin sonuna qədər etibarlıdır. Hitlerin yeni əmri üzrə bizim tərəfimizə könüllü keçənlərlə biz xüsusi olaraq yaxşı rəftar edirik.

Onlara xüsusi vəsiqələr veririk. Almaniya komandanlığı hərbi əsirlərin familiyalarını elan etmir. Çalışmaq istəyənləri öz ixtisasları üzrə işə təyin edirik.
Özünüzlə şinel və koteloq götürməyi unutmayın.

Alman qoşunlarının tərəfinə vəsiqəsiz də keçmək olar. İki əlini qaldırıb: “Stalin kaput” və ya “Ştıki v zemlyu” çığırmaq kifayət edər”.

Dilqəm Əhməd

Yazı müəllifin tezliklə çap olunacaq "Mühacirlərin dönüşü" kitabındandır.


Müəllif:

Oxşar xəbərlər