I Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi günə bir aydan da az vaxt qalır. Bu ərəfə isə oyunlara hazırlıq mərhələsidir. Sözsüz, mötəbər yarışa ev sahibliyi edən ölkə çalışır ki, tədbiri yüksək səviyyədə təşkil etsin.
Bəs, bu oyunlara media necə hazırlaşır? Bununla bağlı media rəhbərlərinin fikirlərini öyrəndik.
Azərbaycana verilən dəyər
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, I Avropa Oyunları Azərbaycan tarixində yeni hadisədir: "Bu, təkcə idman hadisəsi sayıla bilməz. İlk növbədə bu, Azərbaycana verilən bir dəyərdir. Bu hadisə Azərbaycanın Avropa ailəsinə üzv olduğunun etirafıdır. Ona görə də bu oyunların ölkəmizin ictimai, mədəni, idman, sosial və turizm sahəsində qoyacağı iz yaxın və uzaq perspektivdə çox ciddi dividentlərlə müşahidə olunacaq".
Hikmət Babaoğlu deyir ki, "Yeni Azərbaycan" qəzetinin kollektivi bu tarixi hadisəyə məsuliyyətlə yanaşmağa çalışır: "Biz qəzetimizdə hər gün ən azı bir qoşa səhifə, əksər hallarda isə üç-dörd səhifə I Avropa Oyunlarına həsr edirik. Bilirik ki, bu böyük idman hadisəsinin tarixini öyrənənlər nə vaxtsa mütləq mənbə kimi bizim qəzetə də müraciət edəcəklər. Qəzetimizdə çalışan hər bir kəs final oyunlarına bilet alıb. Fikrimcə, I Avropa Oyunları bir növ orijinal təbliğdir".
Qəzetlər tarix yazır
"Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova bildirib ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi fəxr doğuran hadisədir: "Oyunların ölkəmizdə keçirilməsi böyük əhəmiyyət daşıyır. Bir media mənsubu olaraq bu beynəlxalq tədbiri daim diqqət mərkəzində saxlayır, oxucuların informasiya ehtiyacını maksimum ödəməyə səy göstəririk. Oyunlara bir səhifə ayırmışıq. Həmin səhifədə reportajlar, müsahibələr, dünya mətbuatında çıxan məqalələrin tərcüməsini veririk. Üç jurnalistimiz I Avropa Oyunlarını yaxından izləyib məlumat vermək üçün akkreditasiyadan keçib.
Çox güman ki, biz əməkdaşlarımızın hazırladığı yazılarla kifayətlənməyəcəyik. Eyni zamanda, xarici jurnalistlərin Azərbaycan və Olimpiya haqqında fikirlərini, digər mətbuat orqanlarında dərc olunmuş yazıları öz qəzetimizdə verəcəyik.
Mənim fikrimcə, qəzet həm də gələcəyin bir arxiv materialıdır. I Avropa Oyunları idman hadisəsi olsa da, ölkənin imici üçün onun ayrıca önəmi var. Biz bir qəzet olaraq bunu da diqqət, də saxlayırıq. Bəlkə 50-100 ildən sonra yeni nəsil qəzet materiallarına baxan zaman oyunların Azərbaycanda necə keçirilməsi barədə məlumatı bu qəzetlərdən alacaq. Mənə elə gəlir, qəzet işçiləri tarix yazır.
Digər tərəfdən, qəzetimizin saytında "Sönməz Məşəl" və "Bakı 2015" adlı rubrika açmışıq. Orada gündəlik xəbərlər, məşəlin yandırılması prosesi və rayonlarda necə qeyd olunmasından bəhs edən yazılar yerləşdiririk".
"Bu, təkcə dövlətin, iqtidarın işi deyil"
"SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev də I Avropa Oyunlarını Azərbaycan üçün mühüm hadisə hesab edir: "Nəzərə almaq lazımdır ki, bu, ilk Avropa Oyunlarıdır, bu oyunlar Azərbaycandan başlayır. Oyunlar gələcəkdə digər ölkələrdə keçiriləndə bu yarışa artıq Azərbaycan ilk dəfə ev sahibliyi etdiyinə görə tarixə düşəcək.
Media orqanı olaraq bizim məqsədimiz yarış ərəfəsində maarifləndirmə işi aparmaqdır. Hər bir media orqanının və vətəndaşın borcudur ki, öz əlində olan resursları cəmləyib insanları düzgün istiqamətə yönəltsin.
Azərbaycan həqiqətlərini, mədəniyyətini, iqtisadiyyatını dünyaya düzgün çatdırmağın vaxtıdır. Hesab edirəm ki, bizim üzərimizə ağır yük düşür. Bu, təkcə dövlətin, iqtidarın, onun ayrı-ayrı qurumlarının işi deyil. Azərbaycanda fəaliyyət göstərən bütün mətbuat orqanlarının işidir. Bu hərəkata hər bir vətəndaş qoşulmalıdır. Mətbuat orqanları bu ərəfədə təbliğatı düzgün aparmalı, bu möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsini təmin etməyə borcludur".
"Oyunların keçirilməsi bizə nə hədiyyə, nə də həvalə olunub"
"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin sözlərinə görə, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı mənfi münasibət sərgiləyənlər də var: "Belə münasibət müəyyən qədər məlumatsızlıqdan, amma əsasən qərəzdən irəli gəlir. Hesab edirəm ki, bu oyunların Azərbaycanda keçirilməsi bizə nə hədiyyə, nə də həvalə olunub. Biz bu hüququ Avropanın əksər ölkələrinin Azərbaycanın namizədliyinə səs verməsi nəticəsində qazanmışıq. Ona görə də bu oyunlara qarşı elə həmin Avropanın bəzi ölkələrində, bəzi dairələrində, xüsusilə, Avropa coğrafiyasından kənar ölkələrdə anti-təbliğat aparılmasının məntiqini anlamıram".
Baş redaktor qeyd edib ki, media orqanı olaraq oyunlara necə hazırlaşmaqları beynəlxalq idman tədbirinə verdikləri informasiya dəstəyindən də məlumdur: "I Avropa Oyunlarına hazırlaşmağımıza gəlincə, bu oyunların təşkilati işləri, piar işləri başlanandan bəri dəstəyimizi veririk. Ölkəmizdə keçiriləcək İlk Avropa Oyunları ilə bağlı mövqeyimiz bu beynəlxalq idman tədbirinə verdiyimiz informasiya dəstəyindən də məlumdur. Biz bu tədbiri Azərbaycanın bugünkü gücünün etirafı, eyni zamanda, gələcək inkişafına böyük dəstək kimi qəbul edirik. Məlumatlar, yazılar dərc edirik. Qəzetimizin saytında oyunların reklam bannerini yerləşdirmişik. Oyunlarda əməkdaşlarımız da iştirak edəcək".
İlhamə Əbülfət