16 May 2015 18:11
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahin İsmayılov: “Avropanın Azərbaycana etimad etməsi gücümüzü göstərir”

Çingiz Bayramov: “Oyunların ölkəmizdə keçirilməsi qürurverici haldır”

I Avropa Oyunlarına vətəndaş cəmiyyəti nümayəndələrinin dəstəyi davam edir.

“Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi müsbət hadisədir. Onun sözlərinə görə, Oyunlar Azərbaycanın dünyaya tanıdılması ilə yanaşı iqtisadi baxımdan da diqqəti cəlb edir: “Bu, turizm potensialını və imkanlarını genişləndirmək baxımından yaxşı fürsətdir. Bundan azərbaycanlı sahibkarlar nümunəvi xidmət göstərməklə yararlana bilərlər. Digər tərəfdən bu böyük turizm imkanlarının bazasını yarada bilər. Həmçinin Qarabağ problemi və Azərbaycan mədəniyyətinin təbliği baxımından yararlanmaq mümkündür”.

“Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı”nın sədri Şahin İsmayılov bildirib ki, I Avropa Oyunları müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq bir hadisədir. Onun sözlərinə görə, bu tarix təkcə Azərbaycan üçün deyil, Avropanın özü üçün də əhəmiyyətlidir: “Çünki ilk Avropa Oyunları Azərbaycanda keçirilir. Yüksək idman oyunları mərkəzi olan bir qitənin Azərbaycana etimad etməsi ölkəmizin gücünü göstərir. Avropa Oyunları siyasi, iqtisadi, infrastruktur, turizm cəhətdən təhlil edildikdə bütün məqamları ilə yalnız və yalnız olduqca potensial əhəmiyyətli tədbirdir. Kifayət qədər infrastruktur layihələri həyata keçirilib, Bakının siması tamamilə dəyişib. İqtisadi cəhətdən gələcəkdə investisiyaların cəlb olunması baxımından I Avropa Oyunlarının böyük əhəmiyyəti var. Eyni zamanda turizmin inkişafına böyük təkan olacaq. Artıq indidən ölkəmizə turistlərin axını başlayıb”.

Ş.İsmayılov deyib ki, bu idman yarışına gənclərin böyük bir hissə, könüllü kimi cəlb olunub: “Bu, onlar üçün də böyük stimuldur. Təbii ki, bizim idmançılarımızın bu Oyunlarda iştirakından sonra gənc nəslin idmana meyllənməsi prosesi başlayacaq. Ümumiyyətlə, hər tərəfdən təhlil etdikdə, I Avropa Oyunları Azərbaycanın daha da inkişafı, o cümlədən tariximizin, mədəniyyətimizin, musiqimizin tanıdılması üçün gözəl şansdır. Hər bir Azərbaycan vətəndaşı bütün gücü ilə bu Oyunlara dəstəyini verməlidir”.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin hər bir vətəndaşı sevindirdiyini diqqətə çatdırıb: “1991-ci ildə yenidən müstəqilliyini qazanan bir ölkə bu yarışı keçirməklə böyük bir uğura imza atır. İdman oyunları dedikdə sülh, barış anlayışı gözümüzün qarşısına gəlir. Azərbaycanda da belə bir Oyunların keçirilməsi bizim üçün qürurverici bir haldır. Ölkəmizdə olan tolerantlıq, insanpərvərlik, qonaqpərvərlik bütün ölkələrə nümunədir. Bir vaxtlar Azərbaycanı, sadəcə, neftə görə tanıyardılar. Lakin bu gün ölkəmizi, iqtisadi inkişafa, yüksək mədəniyyətə malik bir ölkə kimi tanıyırlar. Eyni zamanda, turizmin inkişafı və gənclərimizin idman sahəsində dünyada uğur qazanması üçün I Avropa Oyunları bir zəmindir”.

Ç.Bayramov əlavə edib ki, I Avropa Oyunları gənc nəslin sağlam böyüməsi istiqamətində atılan gözəl bir addımdır: “Biz bununla Azərbaycan heç də dünyanın inkişaf etmiş ölkələrindən geri qalmadığını bəyan edəcəyik. Torpaqlarımızın işğal altında olmasına baxmayaraq, I Avropa Oyunlarını keçirən Azərbaycanın dünyaya bir sülh çağırışı etdiyini sübut edəcəyik”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər