27 May 2015 16:22
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-2015" I Avropa Oyunlarına 17 gün qalıb. Beynəlxalq tədbirə Avropa Olimpiya Komitəsinə üzv ölkələrin idmançılarının, eləcə də, dünyanın müxtəlif şəhərlərindən yarışları izləməyə gələn seyrçilərin qatılacağı gözlənilir.

Yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Tədbiri işıqlandırmaq üçün Bakıya 2 min nəfərədək jurnalistin gəlişi, ümumilikdə isə bu beynəlxalq tədbirdə 100 mindən çox turistin iştirakı gözlənilir.

Belə məqamda isə seyrçilərin, oyun iştirakçılarının, qonaqların qarşılanmasında iştirak edən könüllülərin və rəsmilərin səhhətinin qayğısına qalmaq tədbirin ən vacib tələblərindəndir.

"Həkimlərimiz də, tələbələrimiz də yardıma hazırdır"

Azərbaycan Tibb Universitetinin (ATU) prorektoru Nəsimi Qasımovun verdiyi məlumata görə, beynəlxalq tədbirdə universitetin bütün kollektivi - həm professor-müəllim heyəti, həm də tələbələri iştirak edəcək: "Professor-müəllim heyətimiz də, tələbələrimiz də yardıma hazırdır. Tələbələr əsasən könüllü şəkildə həkim köməkçisi, bələdçi, açılış-bağlanış mərasimlərinin iştirakçısı kimi, müəllimlərimiz isə aktiv tamaşaçı olaraq oyunlara qatılacaqlar.

Tədbirdə sağlamlıqla bağlı hər hansı problem yaranarsa və ehtiyac olarsa, Tibb Universitetinin professor-müəllim heyəti klinikalarda öz köməyini əsirgəməyəcək".

"Yarışlara 400 həkim köməkçisi hazırlamışıq"

ATU-nun Tələbə Həmkarlar Komitələri İttifaqının sədri Elşad Novruzovun bildirdiyinə görə, I Avropa Oyunlarına universitetin minə yaxın tələbəsi qoşulacaq, onlardan 400-ü həkim köməkçisi olacaq: "Onlar müalicə və pediatriya fakültələrinin 4-cü və 5-ci kurs tələbələridir. Tələbələrimiz həkim köməkçisi olmaq üçün Səhiyyə Nazirliyinin təşkil etdiyi təlimlərdən keçiblər.

3 aylıq təlimlər Tibb Universitetinin Tədris-cərrahiyyə korpusunda aparıldı. İki hissəli təlimlərin birinci hissəsi nəzəri, ikincisi isə təcrübi təlimlər idi. Tələbələrimiz istər oyunçuda, istər iştirakçıda günvurma, ürək tutması və sair hallar üçün ilkin yardıma hazır dayanacaqlar.

Qalan tələbələrimiz isə əsasən I, II, III kurslarda təhsil alanlar özləri müraciət ediblər və seçiliblər. İstər həkim köməkçisi kimi, istərsə də digər statusda iştirak edəcək volontyorlarımızın xarici dil bilgisi yüksək səviyyədədir".

Komitə sədri dedi ki, Avropa oyunlarında iştirak edəcək könüllü tələbələrə universitet tərəfindən yardım göstərilir: "Bu işdə bizdən asılı olan məsələ tələbələri maarifləndirmək və istiqamətləndirməkdir.

Həmçinin könüllü tələbələrə imtahan vaxtlarının dəyişdirilməsi, qayıbların yazılmaması üçün güzəştlər də edilib".

Universitetin İlk Avropa Oyunlarında həkim köməkçisi kimi iştirak edəcək tələbəsi Gülçin Nəbiyevanın bildirdiyinə görə, o, hələ ötən ildən Avropa oyunlarında həkim köməkçisi kimi iştirak etmək üçün qeydiyyatdan keçib: "Ümumiyyətlə, beynəlxalq tədbirlərdə həkim köməkçisi kimi iştirak etmək təcrübəm var. Ötən il Avropa Oyunlarına hazırlıq mərhələlərində iştirak etmişəm. Bundan başqa, ötən il Gimnastika arenasında keçirilən beynəlxalq yarışlara da qatılmışdım.

Bu il də ilk yardımla bağlı keçilən təlimlərdə iştirak etdim. Birinci təlimlər səhhətdə problemlərin yüngül vəziyyətdə yarandığı hal üçün keçilirdisə, ikinci təlim ağırlaşdırıcı hallar üçün aparıldı. Sonra isə bizi Heydər Əliyev arenasına çağırdılar və daha ətraflı məlumat verildi. Həm arena ilə tanışlıq oldu, həm də fərqli vəziyyətlərdə insanlara hansı yardımları etmək barədə təlim aldıq. Ümumiyyətlə, könüllü həkim köməkçiləri seyrçilərin də, iştirakçıların da arasında olacaq".

Gülçin Nəbiyeva dedi ki, həkim köməkçisi olan volontyorlar idman növündən asılı olaraq fərqli-fərqli məkanlarda və qruplarda formalaşacaq: "Mən özüm voleybol üzrə idman yarışları keçirilən ərazidə olacam. İki qrafiklə işləyəcəyik. Müxtəlif günlərdə saat 16.00-dək bir qrafik, 16.00-dan axşamadək isə digər bir qrafiklə fəaliyyətdə olacam".

Volontyorun sözlərinə görə, Avropa Oyunları iştirakçılarına yardım edəcək tibbi heyət qruplara bölünəcək ki, hər qrupda 12 ixtisaslı kadrlar cəmlənəcək: "2 həkim, 4 həkim köməkçisi, qalanlar isə tibb bacıları və digər tibbi personal üzvləri olacaq".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər