Vasif Mövsümov: “Bu cür məsələlərdə dövlətin maraqları üstün tutulmalıdır”
Çingiz İsmayılov: “Mötəbər idman yarışı Azərbaycanın gələcək iqtisadi inkişafı üçün mühüm hadisədir”
I Avropa Oyunlarına vətəndaş cəmiyyəti nümayəndələrinin dəstəyi davam edir.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bildirib ki, beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox önəmlidir. Onun sözlərinə görə, bu cür tədbirlərlə bağlı hansısa qüvvənin xoşagəlməz fikir söyləməsi yersiz bir addımdır: “Bu cür məsələlərdə dövlətin maraqları üstün tutulmalıdır. Bu qara qüvvələrin hansısa fikir söyləməsinin əhəmiyyəti yoxdur. Birinci Avropa Oyunları və digər bu kimi tədbirlər Azərbaycanın dövlət maraqlarına xidmət edir. Biri-birinin ardınca keçirilən beynəlxalq konfranslar, tədbirlər Azərbaycanın bu sahədə böyük təcrübəyə malik olduğunu sübut edir. Dövlətimizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi həm də onun Qərbdə, Avropada və bütünlüklə dünyada imicinin formalaşmasına gətirib çıxarır. Əvvəlki illərlə müqayisə aparsaq görərik ki, indi fərqli yanaşma mövcuddur, Azərbaycan dünya insanına yad deyil. Vaxtilə ölkəmizin tanınmaması səbəbindən düşmənlərimiz istifadə edirdi, amma artıq bunlar geridə qalıb”.
Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov deyib ki, I Avropa Oyunlarının keçirilməsi ölkəmizin iqtisadi inkişafına, beynəlxalq aləmdə tanınmasına, daha çox turistin gəlməsinə müsbət təsir edəcək. Onun sözlərinə görə, bu baxımdan I Avropa Oyunları bir şansdır: “Eləcə də, Azərbaycan həqiqətlərini təbliğ etmək, xüsusən Dağlıq Qarabağ probleminin avropalıların diqqətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu əlverişli bir imkandır və hər kəs bundan bütün səviyyələrdə istifadə edəcək”.
Ç.İsmayılov qeyd edib ki, I Avropa Oyunları gələcəkdə Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olacaq. Onun fikrincə, Azərbaycan haqqında məlumatlar, həqiqətlər geniş yayılacağı üçün, bu, ölkəmizin gələcək turizm imkanları baxımından pozitiv bir hal olacaq: “Bu mənada hesab edirəm ki, bu mötəbər idman yarışı Azərbaycanın gələcək iqtisadi inkişafı üçün mühüm hadisədir. Bundan istifadə etməliyik”.
Ç.İsmayılov I Avropa Oyunları ərəfəsində bir sıra beynəlxalq təşkilatlar və Avropa qurumları tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərək deyib ki, belə vasitələrlə ölkəmizə təzyiq edirlər: “Lakin I Avropa Oyunlarını izləmək üçün gələn turistlər və o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycandakı həqiqətləri gördükdən sonra bu qarayaxmaların doğru olmadığının şahidi olacaqlar”.
BƏXTİYAR