Azərbaycanın böyük hissəsini dolaşan I Avropa Oyunlarının məşəli bu gün Qobustan Milli Parkında qonaq olacaq.
Teleqraf.com xəbər verir ki, 20:30-da baş tutacaq məşəl estafetinin ardından 21:30-da Milli Parkda alov festivalı olacaq. Tədbir 22:50-da yekunlaşacaq.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.