12 İyun 2015 15:15
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar iyunun 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında konsert təşkil olunub.

Konsert birinci Avropa Oyunlarının Gürcüstanda təbliği, həmçinin Oyunların açılış mərasiminə dəstək məqsədilə keçirilib.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AAM) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən konsertdə bu ölkənin dövlət rəsmiləri, Azərbaycan səfirliyinin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycan və gürcü icmalarının üzvləri iştirak ediblər.

AAM-ın gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Gürcüstan Azərbaycanlıları Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov, "Gələcək Gürcüstan" təşkilatının sədri Daçi Çitaya və başqaları çıxış edərək Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsini tarixi hadisə adlandırıblar. Qeyd olunub ki, Oyunların Bakıda keçirilməsi təkcə Azərbaycan deyil, Cənubi Qafqaz, ümumilikdə isə Avropanın özü üçün mühüm əhəmiyyət kəsb edir.

Çıxışlarda qeyd olunub ki, Gürcüstan ictimaiyyəti qonşu və dost Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsinə sevinir. İlk Avropa Oyunlarının Azərbaycanda, gənclər arasında olimpiya festivalının isə iyulun 26-dan avqustun 2-dək Tbilisidə keçirilməsi haqda qərar Avropa idman ictimaiyyətinin Azərbaycana və Gürcüstana verdiyi yüksək qiymət və etimad kimi dəyərləndirilib.

Sonra “Region press” qəzetinin redaktoru Binnət Məmmədov AAM-ın Avropa Parlamentinin Azərbaycanda keçirilən ilk Avropa Oyunları ilə əlaqədar qərəzli mövqeyinə etiraz müraciətini oxuyub. Müraciətdə Avropa Parlamentinin qərəzli mövqeyi qətiyyətlə pislənilib, bu cür addımların Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirməyəcəyi qeyd olunub. Bildirilib ki, Gürcüstanda yaşayan azərbaycanlılar, eləcə də gürcü xalqı Azərbaycanın mövqeyini dəstəkləyir, anti-Azərbaycan çıxışları qətiyyətlə pisləyir.

Daha sonra “Ceyran” rəqs qrupunun üzvləri, “Hacıyevlər qardaşları” ansamblı maraqlı konsert proqramı ilə çıxış ediblər.

Yeniyetmə Ramin Pirməmmədovun tarda ifa etdiyi “Azərbaycan” və “Sarı gəlin” mahnıları, eləcə də gözdən əlil Şaban Məmmədovun ifası alqışlarla qarşılanıb.

Parkda, həmçinin gənc rəssamların əl işlərindən və ilk Avropa Oyunları ilə bağlı fotolardan ibarət sərgi açılıb.


Müəllif:

Oxşar xəbərlər