15 İyun 2015 17:01
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən “Bakı-2015” birinci Avropa Oyunları yarışlarının qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə təşkil olunan “Zəfər günləri” adlı xüsusi tədbir davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 15-də də Komitənin binasının qapıları birinci Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən və “Bakı-2015” kimi tarixi hadisənin şahidi olmağa can atan insanların üzünə açılıb.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, komandamız birinci Avropa Oyunlarında liderlik edir. Yarışların üçüncü günündə atletlərimiz öz parlaq qələbələri ilə tarix yazıblar. Azərbaycan yığması ümumi komanda hesabında birinci sırada qərarlaşıb.

Qalibləri təbrik edən gənclər və idman naziri Azad Rəhimov dünyanın nüfuzlu mətbuat orqanlarında birinci Avropa Oyunları ilə bağlı materialların geniş yer aldığını diqqətə çatdırıb. Nazir sonrakı günlərdə də Azərbaycan atletlərinin ölkəmizi layiqincə təmsil edəcəklərinə, Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlarına inamını ifadə edib.

Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub.

Proqrama uyğun olaraq medalçılar xüsusi quraşdırılmış stendə öz ürək sözlərini yazıblar.

Sonra “Zəfər günləri” tədbirinin iştirakçıları Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.


Müəllif:

Oxşar xəbərlər