Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaqda barəsində həbs qərarı çıxarılan Fətullah Gülən, Emre Uslu, Ekrəm Dumanlı, hakim və iş adamlarının da yer aldığı fərarilər siyahısına bəzi əsgərlərin də adları daxil edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, fərarilərin çoxu hazırda əcnəbi ölkələrdə məskunlaşıb.
Ölkədən qaçanlar arasında qiyamçı əsgərlər də olub. Onlar PKK-nın qolu sayılan PYD-yə sığınıblar. Bu, PKK ilə FETÖ arasında əlaqələrin olduğunu sübut edir. Qiyamçılar hərbi çevrilişə cəhd zamanı bəzi məlumatları əldə etmək üçün PKK terrorçularının köməyindən istifadə edib.
Qaçan generallar
Müdafiə naziri Fikri Işık verdiyi açıqlamada hərbi çevrilişə cəhddən sonra 9-u general olmaqla 300 hərbçinin qaçdığını və onların tapılması üçün əməliyyatların başlandığını bildirib. Əldə edilən məlumatlarda qaçan yüksək rütbəlilər arasında 2 admiral, 4 kontradmiral və 1 general-mayorun olduğu açıqlanıb: “Gölcük Dəniz Qüvvələri bazasının komandiri, sabiq admiral Hayrettin İmren, Şimal Qrupunun komandiri, sabiq kontradmrial Ayhan Bay, Cənub Qrupunun komandiri, sabiq kontradmiral Nazmi Ekici və Türkiyə Silahlı Qüvvələrinin sabiq kontradmiralı İrfan Arabacı hərbi çevrilişin cəhdin uğursuzluğundan sonra qayıqlar vasitəsi ilə qaçmağa nail olublar. Qayıqların dənizə endirilməsi əmrini Arabacı verib”.
Tankların şəhərə göndərmə əmrini kim verib?
Qiyam gecəsi tankların Ankaraya yeridilmə əmrinin kim tərəfindən verildiyi də məlum olub. Məlumatlara görə, TSK-dan xaric edilən sabiq general-mayor Ali Kalyoncu 28-ci Mexanizm Briqadasına gələrək tankların və zirehli texnikanın Ankaraya yeridilməsinə əmr verib. Uğursuz çevriliş cəhdindən sonra Kalyoncu qaçmağa müvəffəq olub.
49 jurnalist axtarılır
“Zaman” qəzetinin keçmiş işçilərinə və idarəçilərinə qarşı aparılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxan 89 nəfərdən 40-ı saxlanılıb. Qalan 49 jurnalist isə axtarışdadır. Saxlanılanlardan 17-si “terror təşkilatına üzv olmaq” maddəsi üzrə həbs olunub. Axtarışda olan jurnalistlərdən 11-nin başqa ölkələrə qaçdığı ehtimal edilir.
Zekeriya Öz və Hakan Şükür
FETÖ istintaqı çərçivəsində barəsində həbs qərarı çıxan hakimlər Zekeriya Öz və Cəlal Kara da əcnəbi ölkəyə qaçanlar siyahısındadır. Zekeriya Öz Ergenekon hadisələri ilə bağlı keçirilən məhkəmə proseslərində respublika prokuroru vəzifəsini tutmuşdu.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sosial mediada təhqir edən sabiq millət vəkili və milli komandanın futbolçusu Hakan Şükür haqqında məhkəmə prosesi başlanmışdı. Şükür üçün 4 il həbs qərarı istənilsə də, “ABŞ-a qaçdığı” məlum olan sabiq millət vəkili prosesə qatılmadı.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd zamanı 237 nəfər həyatını itirib, 1600 nəfər yaralanıb. Ümumilikdə 8 mindən çox insan hadisələrdə şübhəli şəxs kimi saxlanılıb.
Samir