"Krımdakı hərbi obyektlərdə təxribat törətməyə hazırlaşan Ukrayna Müdafiə Nazirliyinin təxribat-terror qrupu Sevastopolda saxlanılıb".
Teleqraf.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları noyabrın 9-da Sevastopol şəhərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin təxribat-terror qrupunun üzvlərini saxlayıblar. Onlar Krım yarımadasındakı hərbi infrastrukturlarda və həyati mühafizə olunan obyektlərdə təxribat aktları həyata keçirməyi planlaşdırıblar”, - deyə FTX-nin məlumatında bildirilir.
Bildirilir ki, saxlanılanlardan güclü partlayış qabiliyyətinə malik partlayıcı maddələr, silah-sursat, xüsusi rabitə vasitələri, həmçinin təxribat aktının həyata keçirlməsi planlaşdırılan obyektlərin xəritə-sxemi götürülüb. Qeyd olunur ki, saxlanılanların həyata keçirməyə çalışdıqları təxribat-terror fəaliyyətini başqalarının görə bilməməsi üçün qabaqlayıcı tədbirlər görülür, operativ-əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, Rusiya FTX bu ilin avqustunda da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Krımdakı vacib infrastrukturlarda silsilə terror aktları törətməyi planlaşdırdığını və bunun qarşısını aldığını bəyan etmişdi. Güc strukturunun yaydığı məlumatına görə, təxribat törətməkdə məqsəd “regionda seçki ərəfəsində sabitliyi pozmaqdan ibarət olub”. Bundan sonra Rusiya prezidenti Vladimir Putin Ukrayna əleyhinə sərt bəyanatla çıxış etmişdi. O qeyd etmişdi ki, Kiyev sülh yolu ilə nizamlanma axtarmaq əvəzində terror praktikasına keçid edir. V.Putin Angela Merkel və Fransua Ollandı diqqətlərini “Ukrayna tərəfinin bu kobud provokasiyası”na yönəltməyə çağırmışdı.
Səxavət