Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krımda iki Ukrayna vətəndaşını saxlayıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya FTX məlumat yayıb:
"Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin birinci departamentinin 13-ci şöbəsinin baş zabiti Aleksey Stoqniy və üçüncü şöbənin zabiti, ikinci dərəcəli kapitan Qleb Şabliy Krımda biznes fəaliyyəti adı altında kəşfiyyat işləri ilə məşğul olub".
İlkin dindirilmə zamanı Stoqniy bildirib ki, məqsədləri Krımdakı obyektlər, infrastruktur, Qara dəniz donanmasının gəmiləri və donanma zabitləri haqqında anket məlumatlarını əldə etmək olub. Şabliy də ittihamlarla razılaşıb və deyib ki, Ukrayna müdafiə nazirliyinin baş kəşfiyyat idarəsinin rəhbərliyinin göstərişi ilə kəşfiyyat tapşırıqlarını yerinə yetirib.
Qeyd edək ki, noyabrın 9-da Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sevastopol şəhərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin təxribat-terror qrupunun üzvləri - Dmirti Ştıblikov, Vladimir Dudko və Aleksey Besserabov saxlanılıb.
Samir