Mərkəzi İtaliyanın Abruzzo vilayəti rayonunda qar uçqununun dağıtdığı Rigopiano di Farindola otelində qalan şəxslərin 23 nəfəri itkin düşmüş hesab olunur.
ANSA agentliyinin Peskara şəhər prefekturasına istinadla yaydığı məlumata görə, itkin düşənlər adları otelin rəsmi siyahısında olan qonaqlardır. Bu, son məlumat deyil və dəqiqləşdirilməlidir.
Bir qədər əvvəl hadisə yerində daha bir cəsəd aşkarlandığı və faciə qurbanlarının sayının 5 nəfərə çatdığı barədə məlumat verilmişdi. Sağ qalanların isə 11 nəfər olduğu bildirilir. Onlardan ikisi hələ dağıntılar və qar altındadır.
Xatırladaq ki, çərşənbə günü gecə Qran-Sasso dağ massivində baş vermiş hadisə zamanı oteldə 30-dan çox insan olub. Dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən dördmərtəbəli otel qar altında qalıb və tamamilə dağılıb.
Hadisə yerində axtarış-xilasetmə işləri olduqca çətin şəraitdə aparılır. Meteoroloji xidmət ərazidə yeni qar sürüşmələri təhlükəsi barədə xəbərdarlıq yayıb.