Böyük Britaniyanın paytaxtı London şəhərində ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət əleyhinə yürüş keçirilib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib. Məlumata görə, minlərlə paytaxt sakini Birləşmiş Ştatların 45-ci prezidentinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Aksiya ABŞ-ın Britaniya paytaxtındakı səfirliyinin binası yaxınlığında başlayıb.
Etirazçılar bundan sonra marşla krallıq parlamentinin binasına doğru hərəkət ediblər. Onlar əllərində üzərinə "Trampa yox, müharibəyə yox!", "Trampa yox, rasizmə yox!" şüarları yazılmış plakatlar tutublar. Aksiya iştirakçıları həmçinin ABŞ prezidentinin Britaniyaya səfərinə də etirazlarını bildiriblər.
Etirazçılar eyni zamanda Trampın müsəlman ölkələri vətəndaşlarının ABŞ-a gəlişini qadağan edən fərmanını kəskin pisləyiblər.