Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç dünya liderlərinə məktubla müraciət edib.
Teleqraf.com xəbər verir ki, keçmiş prezident məktubda 2013-cü ilin noyabrında başlayıb 2014-cü ilin fevralında başa çatan Maydan hadisələrinə münasibətini açıqlayıb və Ukrayna böhranının həlli üçün tədbirlər təklif edib.
Məktub Ukraynadakı siyasi böhranın nizamlanmasına dair 2014-cü ilin fevralında imzalanmış razılaşmanın təminatçısı rolunda çıxış edən Fransa və Polşa prezidentlərinə, Almaniya prezidentinə və kanslerinə, həmçinin Rusiya və ABŞ prezidentlərinə, Avropa Şurası Parlament Assambleyasının prezidentinə, Avropa Şurasının baş katibinə, Avropa Parlamentinin sədrinə ünvanlanıb.
“Sizə müəyyən edilmiş faktlar barədə məlumat vermək istəyirəm. Hansı ki, bunlar 2014-cü ilin fevralında Ukraynada baş verib və Avropanın mərkəzində silahlı münaqişənin eskalasiyasına gətirib çıxarıb. Həmin hadisələrə təcili şəkildə obyektiv hüquqi qiymət vermək lazımdır” yazan V.Yanukoviç yalnız Ukrayna hakimiyyətinin siyasi-hüquqi məcburiyyət tədbirləri sayəsində Minsk razılaşmasının Ukrayna ictimai-siyasi həyatına keyfiyyət dəyişikliyi gətirə biləcəyini vurğulayıb.
Eks-prezident qeyd edib ki, hazırkı Ukrayna hakimiyyəti Minsk razılaşmasını yerinə yetirməyəcəyi təqdirdə təcili olaraq Donbasın statusuna dair referendum keçirilməsi təşəbbüsü gündəmə gətiriləcək.
V.Yanukoviç dünya liderlərini Avropa Şurası tərəfindən “Maydanda törədilmiş cinayətlərin” araşdırılması üçün xüsusi komissiya yaradılması təşəbbüsü ilə çıxış etməyə çağırıb: “Ukraynada sülhə və hüququn aliliyinə qayıdış yalnız 2014-cü ilin fevralında baş vermiş faciəvi hadisələrin obyektiv və açıq araşdırılması şərti ilə mümkün ola bilər. Hansı ki, bu hadisələr münaqişənin eskalasiyasına təkan verdi, Ukraynada vətəndaş müharibəsini qızışdırdı”.
Səxavət