İran Həcc Təşkilatının Səudiyyə Ərəbistanındakı nümayəndəliyi yenidən açılacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İranın dini liderinin Həcc və ziyarət işləri üzrə nümayəndəsi Əli Qazi Əsgər deyib.
İranla Səudiyyə Ərəbistanı hökuməti arasında əldə edilən razılaşmanın təfərrüatını açıqlamayan Əsgər bildirib ki, uzun danışıqlardan sonra iki ölkənin nümayəndələri arasında əldə edilən razılaşmanın şərtlərinə əsasən, növbəti Həcc mərasiminə 80 min iranlı zəvvarın qatılması artıq qətiləşib:
“Ölkələrimiz arasında əldə edilən bu saziş gələcəkdə Həcclə bağlı digər məsələlərin də danışıqlar yolu ilə həlli üçün yaxşı bir başlanğıcdır. Düşünürəm ki, Səudiyyə tərəfi danışıqların bu mərhələsində bizimlə daha məntiqli davranıb. Beləliklə də, İran Həcc Təşkilatının Səudiyyə Ərəbistanındakı nümayəndəliyi yaxın gələcəkdə yenidən açılacaq.
Əldə edilən sazişə əsasən, iranlı zəvvarların Həcc mərasimi zamanı yerləşdirildiyi məkanlarda toplantılar və dua mərasimlərini yerinə yetirmələri əvvəlki qaydada həyata keçiriləcək”.
Qeyd edək ki, iranlı zəvvarlar ötən il Həcc mərasiminə qatılmayıb. Buna səbəb Səudiyyə Ərəbistanının Həcc ziyarətinin siyasiləşdirilməməsi və bu mərasimdən siyasi məqsədlər üçün sui-istifadə edilməməsi ilə bağlı rəsmi Tehranın qarşısına qoyduğu şərtlər olub. Lakin İran tərəfi həmin şərtləri qəbul etmədiyinə görə, iranlı zəvvarlar ötən il ziyarət imkanından məhrum edilib.
Samir