Xarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Estoniya xarici işlər naziri Sven Mikserlə görüşüb. XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov bu ilin aprelin 7-də Bakıda hökumətlərarası birgə komissiyanın iclasının uğurla keçdiyini və aparılmış müzakirələrin informasiya texnologiyaları, turizm, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb.
S.Mikser tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd edərək Estoniyanın Avropa İttifaqına (Aİ) sədrliyi haqqında məlumat verib və Estoniyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəklədiyini bildirib.
E.Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə saziş layihəsi üzrə işin aparıldığını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov münaqişənin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O əlavə edib ki, Aİ tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir. E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyərək bu prinsipə hamılıqla riayət edilməli olduğunu bildirib.
Nazir Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri haqqında məlumat verərək Estoniya şirkətlərinin də bu layihələrin yaratdığı imkanlardan faydalana biləcəyini qeyd edib.
Səxavət