15 Aprel 2017 13:17
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda hərbi parad keçirilib.

Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, parad KXDR-in qurucusu və ölkənin hazırkı lideri Kim Çen Inın babası Kim İr Senin anadan olmasının 105 illiyinə həsr olunub.

Paradda hərbi texnikanın bir neçə tipi nümayiş etdirilib.

Kim Çen In Pxenyanın mərkəzi meydanında paradı şəxsən qəbul edib. Dövlət başçısnın əyləşdiyi tribunanın önündən quru qoşunların, xüsusi təyinatlıların, hərbi-dəniz qüvvələrinin və fəhlə-kəndli könüllülərinin nümunəvi bölmələri, həmçinin qadın taboru keçib.

Bundan əlavə KXDR paradda yaylım atəşi raket sistemi, “yer-yer” tipli yaxın və orta mənzilli raketlər, qitələrarası ballistik raketlər və ballistik raket daşıyan sualtı qayıqlar nümayiş etdirib.

Tribuna önündən keçid edən hərbi texnika nümunələrini ölkənin yüksək rəhbərliyi və tədbiri işıqlandırmaq üçün ölkəyə dəvət olunmuş 200 əcnəbi jurnalist izləyb. “RİA-Novosti” yazır ki, bununla belə, nümayiş etdirilən hərbi texnikanın, raketlərin spesifik gücünü vizual olaraq dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Ancaq xarici jurnalistləri Pxenyanda müşayiət edən KXDR Xarici İşlər Nazirliyinin nümayəndələri əmin ediblər ki, KXDR Silahlı Qüvvələri həqiqətən qitələrarası ballistik və sualtı qayıqlarda ballistik raketlər nümayiş etdiriblər.

“Ancaq bunu çətin ki, rəsmi informasiya saymaq mümkün olsun”, deyə “RİA-Novosti” yazır.

Paradın hərbi hissəsi təyyarələrin meydan üzərində uçuşu ilə başa çatıb. Təyyarələr səmada Kim İr Senin doğum günü şərəfinə “105” yazıblar. Bu gün KXDR-də Günəş Günü adlandırılmaqla dövət bayramı kimi qeyd olunur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu həftə KXDR-i təhlükə adlandırıb və onunla “məşğul olmağa” söz verib. Ancaq hansı mümkün addımların nəzərdən keçirildiyini açıqlamayıb.

Eyni zamanda Koreya yarımadası sahillərinə ABŞ-ın “Karl Vinson” aviadaşıyıcısı başda olmaqla aviasiya zərbə qrupu göndərilib. KXDR buna cavab olaraq ABŞ-ın hərbi bazalarına, Cənubi Koreya prezidentinin iqamətgahına, həmçinin “Karl Vinson” aviadaşıyıcısına zərbələr endirməyə hazır olduğunu bəyan edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər