Bunu Teleqraf.com-a Almaniya-Türkiyə münasibətlərinin kəskinləşməsi, rəsmi Berlinin Türkiyəyə sanksiyalar tətbiq etmək planları, Ankaraya silah satışını dayandırmaq istəyini şərh edən təhlükəsizlik eksperti Sülhəddin Əlkbər deyib.
Sülhəddin Əkbər bildirib ki, münasibətlərin kəskinləşməsinin bir səbəbi Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməməsidir. Onun sözlərinə görə, Avropa Birliyində avanqard ölkələr isə Fransa və Almaniyadır: “Bu dövlətlər Türkiyənin Avropa Birliyinə üzv olmasını istəmir.
İkinci səbəb Türkiyə-Almaniya münasibətlərinə bağlıdır və bu daha çox siyasi xarakter daşıyır. Türkiyənin tədricən daha müstəqil siyasət aparmağa meyllənməsi, suverenliyinə və təhlükəsizliyinə həssas yanaşması, Avropa ilə müstəqil siyasət qurması Almaniyanı qıcıqlandırır. Bundan öncə Türkiyə-Hollandiya münasibətlərində analoji gərginlik yaranmışdı.
Üçüncü səbəb isə Avropa ölkələrindəki daxili siyasi proseslərlə bağlıdır. Sentyabrda Almaniyada parlament seçkiləri keçiriləcək. Avropada isə islamafobiya və anti türk meyllər güclənir. Bu sözsüz ki, alman-türk münasibətlərinə təsir edir. Məncə, bunlar əsas səbəblərdır”.
Mütəxəssis əlavə edib ki, Almaniya-Türkiyə münasibətlərinin kəskinləşməsinin spesifik səbəbləri də mövcuddur: “Əvvəla bu İncirlik bazası ilə bağlıdır. Habelə Türkiyə rəsmilərinin Almaniya səfərlərinin qarşısının alınması məsələsi var. Bütün bunları birləşdirdik də, belə mənzərə yaranır ki, Türkiyənin müstəqil siyasət aparması Avropa Birliyini, onun ayrı-ayrı üzvlərini qane etmir. Türkiyədə uğursuz dövlət çevrilişi cəhdindən sonra münasibətlər gərginləşib. Əvvəla, nisbətən üzə çıxmayan pis münasibətlər indi tam üzə çıxıb. Avropa Birliyi artıq Ərdoğan hakimiyyətinə olan mənfi münasibətini gizlədə bilmir”.
S. Əkbər gərgin münasibətlərin hansı perspektiv vəd etdiyini də açıqlayıb: “Almaniyada sentyabrda seçkilər keçiriləcək. Fikrimcə, seçkiyə qədər münasibətlərin normallaşması gözlənilmir. Amma münasibətlərin birdən-birə qırılacağını gözləmək də doğru olmazdı. Almaniya-Türkiyə, Avropa Birliyi-Türkiyə münasibətlərinin uzun tarixi var. Odur ki, qısa zamanda münasibətlər qəfil qopmayacaq. Yəqin ki, Almaniyada parlament seçkilərinə qədər bu münasibətlərin bir qədər də soyuyacağı, ola bilsin ki, daha da pisləşəcəyini gözləmək olar. Lakin seçkilərdən sonra real və praqmatik siyasət anlayışı üstünlük qazanacaq. Çünki Almaniya-Türkiyə münasibətlərinin ticarət və investisiya istiqaməti aparıcıdır. Türkiyənin xarici ticarət dövriyyəsində birinci yerdə Almaniya gəlir. İnvestisiya qoyuluşunda isə Almaniya ikinci yeri tutur. Qənaətimcə, seçkidən sonra münasibətlərdə praqmatizm üstünlük qazanacaq”.